MOSKVA DİLEMMA QARŞISINDADIR: ƏSƏD, YOXSA HƏRBİ BAZALAR?..

2015-ci ildən etibarən Moskvanın hərbi müdaxiləsi Bəşər Əsəd rejiminin süqut etməsinin qarşısını aldı və Suriya münaqişəsinin gedişatını dəyişdirdi. Lakin indi yeni hökumət Moskvanın əsas müttəfiqi olan Əsədin Suriya hakimiyyətinə verməsini tələb edir. Bu vəziyyət Rusiyanı ciddi dilemma qarşısında qoyur: Suriyadakı hərbi bazalarını saxlamaq müqabilində Əsədi qurban vermək, yoxsa, onu qoruyaraq öz mövqelərini riskə atmaq? Bu çərçivədə Rusiya-Türkiyə əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir. Ankara və Moskva son illərdə Suriyada müxtəlif maraqları olmasına baxmayaraq, dialoq yolu ilə müəyyən balans yaratmağa çalışır. Yeni Suriyanın formalaşması fonunda bu əməkdaşlığın istiqaməti və Moskvanın ümumi Yaxın Şərq siyasəti ciddi suallar doğurur.

Bəşər Əsəd 2011-ci ildən bəri Suriya müharibəsinin əsas simalarından biri idi. Münaqişə başladıqdan sonra İran və Rusiyanın güclü hərbi və siyasi dəstəyi olmasaydı, onun rejimi çoxdan süqut edərdi. Lakin Moskva üçün Əsədin hakimiyyətdə qalması sadəcə şəxsi məsələ deyildi, bu, Suriyada təsirini qorumağın açarlarından birinə çevrilmişdi. İndi vəziyyət dəyişib və əgər Rusiya hərbi bazalarını qorumaq üçün Əsədi güzəştə getsə, bu, Moskvanın Yaxın Şərqdəki nüfuzuna ciddi zərbə vuracaq. Bu addım həm də Rusiyanın regiondakı müttəfiqlərini ondan uzaqlaşdıra bilər. Xüsusilə İran və Hizbullah bundan “Kreml öz strateji tərəfdaşlarını rahatlıqla qurban verə bilir” nəticəsini çıxarmağa səbəb ola bilər. Digər tərəfdən, Əsədi saxlamaq üçün yeni hökumətlə qarşıdurmaya getmək Moskvanın Suriyada uzunmüddətli maraqlarını risk altına qoyur. Bu kontekstdə Rusiya üçün optimal variant nə ola bilər? Moskva ehtimal ki, Suriyada uzunmüddətli hərbi mövcudluğunu qorumaq üçün kompromis axtaracaq. Bu istiqamətdə Moskva Türkiyənin vasitəçiliyinə ciddi ehtiyac duyacaq.

Qeyd etməliyik ki, Ankara Əsəd rejiminin devrilməsini hələ 2011-ci ildən açıq şəkildə dəstəkləyirdi. Lakin Rusiyanın 2015-ci ildə münaqişəyə hərbi müdaxiləsi Əsədin hakimiyyətdə qalmasını təmin etdi və Türkiyənin məqsədlərini çətinləşdirdi. Bununla belə, son illərdə Rusiya və Türkiyə Suriyada maraqlarını uzlaşdırmağa çalışırdılar. Astana prosesi çərçivəsində Ankara və Moskva İranla birlikdə müəyyən regional balans yaratmağa cəhd göstərirdi. Türkiyə əsasən Suriyanın şimalındakı kürd separatçı qrupları hədəfə alarkən, Rusiya Əsəd rejiminin mövqeyini gücləndirməyə çalışırdı. Lakin indi yeni Suriya hökumətinin formalaşması ilə vəziyyət dəyişib. Əgər Moskva Əsədi güzəştə getsə, bu, Türkiyənin maraqları ilə daha çox üst-üstə düşə bilər. Çünki Ankara uzun illərdir ki, Suriyada yeni bir siyasi düzən formalaşmasını istəyirdi. Eyni zamanda, Rusiyanın bu məsələdə güzəştə getməsi Türkiyə ilə yeni danışıqlar üçün zəmin yarada bilər. Əsas sual budur: Ankara bu prosesdə nə qazanacaq? Türkiyə üçün ən vacib məsələlərdən biri Suriyanın şimalında PKK/YPG-nin fəaliyyətini tamamilə neytrallaşdırmaqdır və Ankara bu istiqamətdə yeni hökumətlə əməkdaşlıq edir. Çox güman ki, Türkiyə qarşıdakı dövrdə bu prosesə əngəl olacaq hər hansı xarici müdaxilənin mövcudluğuna imkan verməyəcək. Əgər Moskva Suriyadakı mövcudluğunu saxlamaqda israr etsə o zaman Ankara Kremlə birbaşa Dəməşqlə danışmalı olduqlarını xatırladacaq. Rəsmi Dəməşqin şərtləri isə aydındır. Rusiya Əsədi geri qaytarmalı, 2015-ci ildən etibarən Suriyada xalqına və torpaqlarına vurduğu zərərə görə təzminat ödəməlidir. Bunlar baş vermədiyi təqdirdi Suriya adminstrasiyasının Moskva ilə siyasi-hərbi əlaqələrinin inkişafı mümkün olmayacaq. Əgər Suriya hökuməti siyasi qətiyyət göstərsə Rusiyanın Yaxın Şərqdəki hərbi mövcudluğuna tamamilə son qoyulacaq.