ERMƏNİSTAN HAKİMİYYƏTİ BU DƏFƏ ÖLKƏNİ RUSİYA İLƏ MÜHARİBƏYƏ SÜRÜKLƏYİR, ARTIQ İRƏVANA MÜHARİBƏ XƏBƏRDARLIĞI DA EDİLİB

Ermənistan və Rusiya arasında münasibətlər siyasi, diplomatik müstəvidə getdikcə daha sürətlə pisləşməkdədir. Xüsusən də Ermənistan baş naziri Nikol Paşinyanın Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsində ölkəsinin Avropa İttifaqı ilə inteqrasiya prosesinə başladığını bildirməsi İrəvanın Moskva ilə ziddiyyətlərinin daha da dərinləşməsinə səbəb olub. Rusiya ən müxtəlif səviyyələrdə xəbərdarlıq edib ki, Avropa İttifaqına inteqrasiya halında Ermənistanın Avrasiya İqtisadi İttifqında qalması, bu təşkilat çərçivəsində mövcud güzəştlərdən faydalanması qeyri-mümkündür.

Bununla yanaşı, Ermənistanın Rusiya sərhədçilərini ölkə ərazisindən çıxarmaq istiqamətində irəli sürülən təşəbbüslər, atılan addımlar da Kremldə təbii olaraq, xoş qarşılanmır. Həm də ona görə ki, rus sərhədçilərinin ABŞ və Avropadan olan hərbi təyinatlı kontingentin əvəz etməsi istiqamətində Ermənistan müvafiq fəaliyyət həyata keçirir. Artıq Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidməti dayandıra bilər.  O, ABŞ-nin sərhəd təhlükəsizliyi üzrə xüsusi qrupunun Ermənistana səfəri və fəaliyyətinin Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılmasına səbəb olub-olmayacağı barədə suala belə cavab verib: “İdeal dünyada hər bir ölkə öz sərhədinə nəzarət etmək iqtidarında olmalıdır”. Amma maraqlıdır ki, Ermənistan rəsmisinin bu dedikləri fonunda ölkə sərhədlərinin qorunması tədricən ABŞ və Avropa qüvvələrinə transfer edilir. Bu da öz növbəsində Rusiyanın Ermənistana qarşı siyasətində korrektələri qaçılmaz edir.

Hadisələrin indiki inkişaf axarı Ermənistanın yeni savaşa sürüklənməsini qaçılmaz edir və bu mənada Belarus Prezidenti Aleksandr Lukaşenkonun dedikləri xüsusi diqqət cəlb edir. Aleksandr Lukaşenko Ermənistan rəhbərliyini Avropa İttifaqı ilə oyuna girməkdən çəkinməyə,  erməniləri Nikol Paşinyanı sakitləşdirməyə  çağırıb: “Onu orada sakitləşdirin. O, Ermənistanı məhv edəcək. Onun hər tərəfdən – şərqdən, qərbdən problemi var. Rusiyanı da özünə qarşı qoyur. Ermənistan kiçik bir ərazidir və o, düşmənlərlə əhatə olunub. Bu gedişlə Paşinyan ölkəni məhv edəcək, Qafqazda isə müharibəyə imkan verilməməlidir”. Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı “küskünlüyünə” də toxunaraq bildirib: “Azərbaycanı dəstəklədiyimə görə məndən incidilər. Tanrı da bilir ki, mən həmişə sağlam düşüncəni dəstəkləmişəm, müharibənin olmamasının tərəfdarı olmuşam, bir-birimizlə vuruşmamaq üçün”. Aleksandr Lukaşenko onu da vurğulayıb ki, Nikol Paşinyan baş nazir olan ilk vaxtlarda da  onunla “şiddətli toqquşmalar” olub: “Düzdür, mən o zaman onunla kifayət qədər sərt rəftar etdim, onu sorosçu adlandırdım və dedim: “Ermənistanı müharibəyə aparacaqsınız! Və belə də oldu. Bu gün o, məndən inciyir, mən ki Azərbaycanın tərəfində döyüşməmişəm, deyirlər ki, Azərbaycan bizdən silah alır. Ola bilsin ki, alıb. Ancaq biz  Ermənistan üçün də açıq olmuşuq. Pulunu ödəyən malını alıb”.

Beləliklə, Rusiya ilə yanaşı, Ermənistanın Belarusla da münasibətləri kəskinləşir. Bu fonda Aleksandr Lukaşenkonun Ermənistanın yeni müharibəyə sürüklənməsi ilə bağlı dedikləri heç də təsadüfi xarakter daşımır. Özü də Ermənistanın sürükləndiyi yeni müharibədə qarşı tərəfin bu dəfə Azərbaycan yox, Rusiya olacağı da sirr deyil. Məsələ burasındadır ki, Kremlin birbaşa açıq mətnlə demədiklərini Belarus Prezidenti vasitəsilə istədiyi auditoriyaya çatdırmaq təcrübəsindən istifadəsi bəlli həqiqətdir. Bu mənada demək olar ki, Aleksandr Lukaşenkonun Ermənistana müharibə xəbərdarlığı əslində, Rusiyanın xəbərdarlığıdır.

Nəzərə alınması vacib olan məqamlardan biri budur ki, Qərb çoxdan Qafqazda Rusiya əleyhinə Ukraynadan sonra ikinci cəbhə açmağa can atır. Bunun Azərbaycan vasitəsilə qeyri-mümkünlüyü Qərbdə çoxdan qəbul edilib. Gürcüstanı belə platsdarma çevirmək istiqamətində çoxsaylı cəhdlər olunub və gürcü rəsmilərinin bu xüsusda kifayət qədər etirafları var. Lakin Gürcüstanla bağlı da Qərbin planları istənilən nəticəni verməyib. Hazırda sözügedən məqsədlə regionda  istifadə olunması mümkün olan yeganə ölkə məhz Ermənistandır.  Ermənistanı vasitə kimi istifadə etmək üçün müxtəlif vasitələrə, yardımlara, o cümlədən şirnikləndirici vədlərə al atılır. Birmənalı həqiqətdir ki, Avropa İttifaqı Ermənistanı öz sıralarına qarşıdakı bir neçə onillikdə qəbul etməyəcək. Bunu şərtləndirən çoxsaylı səbəblər var, məsələn, Ermənistan ittifaqın qəbul meyarlarına cavab vermir. Ermənistanın bu meyarları yerinə yetirməsi illərlə vaxt tələb edir. Coğrafi baxımdan da Ermənistan qurumdan uzaqda yerləşir. Ancaq üzvlüklə müvafiq vədlərin verilməsi Ermənistandan vasitə kimi istifadə olunmasına əlverişli zəmin yaradır. Müəyyən yardımlar, verilən digər vədlər, ilk baxışda cəlbedici görünən işbirliyi Ermənistanda artıq müəyyən illüziyaların yaranmasına bəs edib və ölkə siyasi, hərbi, diplomatik müstəvidə Rusiya ilə ziddiyyətlərini dərinləşdirir. Qarşıdakı dövrdə Qərb üçün əsas məqsədlərdən biri həm də Ermənistandakı Rusiya hərbi bazalarının buradan çıxarılmasına nail olmaqdır. Əvəzində Qərb hərbi qüvvələrinin Ermənistanda daha sürətli və geniş yerləşdirilməsi nəzərdə tutulur. Artıq sözügedən istiqamətdə erməni tərəfi müəyyən addımlar atır. Rusiya isə dövlət olaraq yaratdığı, mövcudluğunu təmin etdiyi Ermənistanın bu şəkildə itirilməsi, onun üçün təhdid mənbəyinə çevrilməsi heç cür ilə barışa bilməz və Ukrayna təcrübəsi göstərir ki, marağı naminə Kreml hərbi gücdən istifadəyə də hazırdır. Bunlar fonunda Belarus Prezidenti Aleksandr Lukaşenkonun Nikol Paşinyanı yenidən Ermənistanı müharibəyə sürükləməsi ilə bağlı xəbərdarlıqları heç də təsadüfi xarakter daşımır. Amma görünən odur ki, bütün xəbərdarlıqlara baxmayaraq, indi Paşinyan sürətlə Ermənistanı Rusiya ilə müharibəyə sürükləyir.

MTM Analitik Qrup