Avropa İttifaqı Şurası Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi sazişinin bəzi hissələrinin dayandırılması barədə qərar qəbul edib.
Bu barədə Şuranın mətbuat üçün açıqlamasında deyilir.
Bildirilir ki, hökumətlərarası təşkilatlar tərəfindən istənilən Aİ ölkəsinin ərazisində keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstanın rəsmi nümayəndə heyətinin üzvləri, Gürcüstanın milli və regional hökumətlərinin və parlamentlərinin, Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin üzvləri, diplomatik pasport sahibləri Aİ ölkələrinə vizasız gedə bilməyəcəklər.
“Lakin adi pasportlara malik olan sadə Gürcüstan vətəndaşları Avropa İttifaqına qısa müddət ərzində vizasız gediş-gəlişdən yararlanmağa davam edəcəklər”, – deyə Şuranın mətbuat üçün açıqlamsında deyilir.
Şuradan onu da bildiriblər ki, Aİ ilə Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi sazişinin qismən dayandırılması qüvvəyə mindikdən sonra və Gürcüstan vətəndaşlarının viza tələbindən azad edildiyini nəzərə alaraq, üzv dövlətlər viza tələbinin tətbiqi üçün milli səviyyədə tədbirlər görmək barədə qərar verə bilərlər.