GEOSİYASİ PROSESLƏRİN YENİ MƏRHƏLƏSİ ERMƏNİSTANI BU DƏFƏ İQTİSADİ UÇURUMA YUVARLAYIR

Azərbaycan və Türkiyə kimi regionda həlledici ölkələrlə münasibətini hələ də normallaşdırmayan Ermənistan digər sferalarla yanaşı, iqtisadi müstəvidə də bunun zərərlərini görməkdədir. Dünyada dəyişən geosiyasi, geoiqtisadi şəraitdə Ermənistanın bu istiqamətdə üzləşəcəyi problemlərin daha da dərinləşməsi gözlənilir. Xüsusən də Qərbin iqtisadi müstəvidə Ermənistanın əsas tərəfdaşları sırasında yer alan İran və Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyəti erməni tərəfi üçün çoxsaylı yeni problemlər vəd edir. Bunu Ermənistan Xarici Kəşfiyyat Xidmətinin 2025-ci ildə ölkə üçün xarici risklər haqqında hesabatından da görmək mümkündür.

Sənəddə qeyd edilir ki, Rusiya və İranla iqtisadi əlaqələrə görə Ermənistanın məruz qalması istisna edilməyən ikinci dərəcəli sanksiyalar ölkənin üzləşə biləcəyi əsas xarici risklər sırasındadır. Sənədin müəllifləri əmindirlər ki, anti-Rusiya və anti-İran məhdudiyyətləri çətin ki, bu il ləğv edilsin və ya ən azı yumşaldılsın, ona görə də onların yaratdığı risklər aradan qalxmayacaq. Ermənistan üçün əlavə risk anti-Rusiya sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının artımının mümkün ləngiməsidir. Hazırda Ermənistan iqtisadiyyatının artımını şərtləndirən başlıca faktor təkrar ixracdır və bu istiqamətdə əsas işbirliyi Rusiya ilə həyata keçirilir. Rusiya-Ukrayna müharibəsi nəticəsində  Ermənistanın üçün yaranmış təkrar ixrac faktoru ikinci dərəcəli sanksiyalarla aradan qalxacağı təqdirdə onda ölkədə tənəzzül qaçılmaz hesab olunur.

Ümumiyyətlə, Rusiyadan asılılıq Ermənistan iqtisadiyyatının “Axilles dabanı” hesab olunur. Bu şəraitdə Moskva ilə iqtisadi əlaqələrdə yaranacaq problemlər Ermənistan üçün böyük problem deməkdir. Çünki bu hal ticarət, nəqliyyat, enerji, ərzaq təhlükəsizliyi kimi sahələri ciddi təhlükə altına atır. Hazırda Ermənistanla Rusiya arasında münasibətlərdə ziddiyyətlərin artması nə vaxtsa iqtisadi əlaqələrdə də özünü göstərəcək. Bundan başqa Qərbin ikinci dərəcəli sanksiyaları işə düşəcəyi halda da bu, Rusiya-Ermənistan iqtisadi münasibətlərini təhlükəyə atacaq.  Hələlik isə son illərdə İrəvanla Moskva arasında siyasi gərginliyin artmasına baxmayaraq, bu, iqtisadi sferada əks müstəvidə özünü göstərib. Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı statusunu əhəmiyyətli dərəcədə gücləndirib. Ölkələr arasında ticarət əlaqələri Ukrayna müharibəsindən və Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyalarından sonra yeni vüsət alıb. İrəvan elektronikadan tutmuş avtomobillərə qədər Avropa və Amerika mallarının Rusiyaya “boz tədarükünün” əsas ünvanına çevrilib.

Ermənistanın öz istehsal etdiyi məhsulların əsas satış bazarı yenə Rusiyadır. Əgər 2021-ci ildə Rusiya ilə ticarət Ermənistanın ümumi xarici ticarət dövriyyəsinin təxminən 31 faizini təşkil edirdisə, indi bu rəqəm 50 faizə yaxınlaşır. Erməni mallarının alternativ satış bazarı kimi təqdim olunan Avropa İttifaqı ilə ticarət, əksinə, siyasi təmasların artmasına baxmayaraq, sistematik şəkildə azalır. Eyni zamanda, Ermənistanın Avropa İttifaqına ixracında əsas payı mədən xammalı təşkil edir. Bu şəraitdə Rusiya ilə iqtisadi əlaqələr kəsiləcəyi təqdirdə,  Gürcüstanın 2008-ci ildəki üzləşdiyi mənzərəyə uyğun olaraq, Ermənistan öz məhsulları üçün yeni bazarlar tapmalı olacaq. Amma belə bazarların tapılması Ermənistan üçün az qala mümkünsüzdür. Çünki burada dünyanın digər ölkələrinin diqqətini cəlb edəcək hansısa fərqli və keyfiyyətli istehsal yoxdur. Bu halda Rusiya ilə iqtisadi əlaqələrin dayanması Ermənistan iqtisadiyyatı üçün şok olacaq. Ölkədə Rusiya bazarına bağlı sahələr sadəcə, bağlanacaq. Öz tutumu və ödəmə qabiliyyətinə görə Rusiya bazarını xeyli üstələyən Avropa İttifaqı bazarına gəlincə, o, dərhal və tezliklə qapılarını erməni biznesinə açmayacaq. Bazarın  şaxələndirilməsi uzunmüddətli prosesdir, onun uğuru heç də həmişə təmin edilmir. Deməli, Rusiya bazarının itirilməsi bir çox erməni istehsalçıları üçün ölümcül zərbə olacaq. 

Nəzərə alınmalıdır ki, Ermənistanda on minlərlə ev təsərrüfatları və müəssisələr bilavasitə Gürcüstandakı “Yuxarı Lars” keçid məntəqəsinin fəaliyyətindən asılıdır. Yeri gəlmişkən, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi başa çatdıqdan və Rusiyanın ticarət məhdudiyyətləri tətbiq etməsindən sonra Gürcüstan öz məhsulları, xüsusən də şərab üçün fəal şəkildə yeni bazarlar axtarırdı. Ancaq bu cəhdlər uğursuz oldu. Rusiya gürcü şərablarına qoyulan qadağanı aradan qaldıran kimi ənənəvi əlaqələr və istehlakçı vərdişləri sayəsində dərhal bu məhsulun əsas idxalçısı oldu. İndi Ermənistanda bu nümunəni daha tez-tez xatırlamağa başlayıblar.

Ermənistanda ona da diqqət edilir ki, Rusiyaya məxsus “Qazprom” öz törəmə şirkəti “Qazprom Armenia” vasitəsilə Ermənistana təbii qazın yeganə tədarükçüsüdür və o, həm də ölkədə qaz nəqli şəbəkəsini idarə edir. Ermənistan barter sxemi ilə elektrik enerjisi müqabilində də İrandan qaz idxal edir. Bununla belə, İrandan idxal olunan qazın həcmi Rusiyadan tədarük olunan qazdan xeyli azdır, ildə təxminən 400 milyon kubmetr təşkil edir. Hazırda Ermənistan-Rusiya münasibətlərinin bütün qarşıdurma fonuna baxmayaraq, İrəvan hökumət rəsmilərinin bəyanatlarına əsasən, ölkə yaxın 8 ildə Rusiyadan idxal olunan qazın indiki sərfəli qiymətini saxlamağa ümid edir. İqtisadiyyatın real sektoru və investorlar üçün bu, mühüm faktordur, çünki belə hal onların investisiyalarının proqnozlaşdırıla bilməsini ən azı enerji baxımından əhəmiyyətli dərəcədə asanlaşdırır. Ucuz rus qazı Ermənistan üçün həyati önəm kəsb edir. Bunu ucuz rus qazı olmadan Almaniya sənayesində yaşanan problemlərdən də görmək olar. Nümunə, əlbəttə ki, tam münasib deyil, lakin Almaniya kimi köklü iqtisadiyyata malik ölkədə nəhəng şirkətlər ucuz rus xammalı olmadan ciddi itkilərə məruz qaldıqda və hələ də onu əvəz edəcək mənbə tapmadıqda Ermənistan üçün eyni nəticənin sadəcə, fəlakət olacağı şübhəsizdir. İrandan qaz idxalının alternativinin perspektivinə gəlincə, ən azı qiymət baxımından ekspertlər buna şübhə ilə yanaşırlar. Bundan başqa, keyfiyyət baxımından İran qazı Rusiya qazından geri qalır.

Ermənistanın Rusiyadan asılılığı qida sektorunda da əhəmiyyətlidir. Ermənistana idxal olunan buğdanın demək olar ki, hamısı Rusiyadan gəlir. Kərə yağı,  qənnadı məmulatları və digər qida məhsullarının bir çoxu Rusiyadan olan idxaldan asılıdır. Ermənistanda fəaliyyət göstərən və daxili elektrik enerjisi istehlakının ən azı üçdə birini təmin edən “Metsamor” atom elektrik stansiyasının idarə edilməsi və texniki xidməti də Rusiyanın “Rosatom” şirkəti tərəfindən həyata keçirilir. Atom elektrik stansiyaları üçün nüvə yanacağı olan uran da Rusiyadan gətirilir. Beləliklə, Rusiya ilə iqtisadi əlaqələr Ermənistanın mövcudluğunun əsas şərtlərindən biridir. Bunun alternativi isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırlması, qarşılıqlı münasibətlərin inkişafıdır. Bu halda Ermənistanın qarşısında iqtisadi sahədə də tamamilə yeni perspektivlər açılacaq. Bütün bunları nəzərə alıb Ermənistan artıq seçim etməli, dövlət kimi varlığını davam etdirib-etdirməməsinə qərar verməlidir.

MTM Analitik Qrup