Sabit inkişaf tempinə görə son illərdə regionun aparıcı ölkələri sırasında yer alan Azərbaycanın milli inkişaf modeli hazırda qlobal təhdidlərə adekvat reaksiya verir. Dünyadakı müharibələrin və gərginliklərin doğurduğu yeni iqtisadi təlatümlər – inflyasiya və qiymət artımları fonunda respublikamız iqtisadi inkişaf tempinin qoruyub saxlayır, hökumət sosial öhdəliklərini tam həcmdə yerinə yetirir, təxirəsalınmaz, zəruri layihələrin icrasında hansısa ləngimələr hiss edilmir.
Ümumilikdə, son illərdə iqtisadi islahatların dərinləşdirilməsi, insan amilinin sosial-iqtisadi islahatların əsas prioritetinə çevrilməsi, ərazilərimizin işğaldan azad edilməsi sosial-iqtisadi inkişaf proseslərinin sürətlənməsinə zəmin yaradıb. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” kimi konseptual əhəmiyyətli sənədlər yeni çağırışları özündə ehtiva edərək, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, cəlbedici biznes, investisiya mühitinin formalaşdırılması, ölkənin rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətli olub.
Azərbaycan hökuməti ötən il ölkənin investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə müsbət göstəricilərə nail olub. Təsadüfi deyil ki, 2025-ci ilin əvvəlindən bir sıra beynəlxalq maliyyə qurumları Azərbaycanın kredit reytinqlərini sabit saxlayır, inkişafa dair pozitiv proqnozlarını yeniləyirlər. Nüfuzlu “Fitch Ratings” beynəlxalq agentliyinin kredit reytinqi hesabatı cari ilin ölkəmizin inkişafında uğurlu mərhələ olacağından xəbər verir. Agentliyin proqnozuna görə, 2025-ci ildə ölkədə ÜDM artımı 3 faiz, 2026-cı ildə 2,4 faiz təşkil edəcək. Qurum hesab edir ki, 2024-cü ildə ÜDM artımı ölkədə neft hasilatının sabitləşməsi və Qarabağın bərpasının iqtisadi səmərəliliyi fonunda 4,1 faizədək qədər sürətlənib.
Agentlik ölkənin xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BBB” səviyyəsində stabil proqnozla təsdiqləyib. Azərbaycanın kredit reytinqinin yüksəlməsi güclü xarici balansı, dövlət borcunun aşağı səviyyəsi, strateji valyuta ehtiyatlarının artan həcmi ilə şərtlənir. Ölkənin 2024-cü il üzrə suveren valyuta aktivləri 76 milyard ABŞ dolları və ya gözlənilən ÜDM-in 102 faizini təşkil edəcək.
Ümumilikdə, son illərdə həyata keçirilən kompleks tədbirlər Azərbaycanda makroiqtisadi sabitliyi və maliyyə təhlükəsizliyini təmin edərək büdcə öhdəliklərinin icrasına etibarlı zəmin yaradıb. 2024-ci ilin iqtisadi yekunları beynəlxalq münasibətlər sistemində gərginliyin davam etməsi fonunda hökumətin həyata keçirdiyi iqtisadi siyasətin səmərəliliyindən xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 126,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bundan əlavə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb, əhalinin hər nəfərinə düşən ÜDM 12382,5 manata bərabər olub.
Hər bir ölkənin strateji valyuta ehtiyatları onun iqtisadi və maliyyə təhlükəsizliyinə etibarlı təminat yaradaraq makroiqtisadi sabitliyin qorunub saxlanılmasında, qeyri-neft sektorunun inkişafında, sərmayə qoyuluşlarının həcminin artmasında, eyni zamanda, ölkənin beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin formalaşmasında mühüm rol oynayır. Ölkənin strateji valyuta ehtiyatlarının son 1 ildə 12 faz artaraq 73 milyard dollara yüksəlməsi hökumətə iqtisadi inkişafın stimullaşdırılmasına xidmət edən tədbirləri inamla davam etdirmək, makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı cilovlamaq imkanı yaradıb. Bu ehtiyatlar qlobal gərginliklər fonunda həm də maliyyə təhlükəsizliyi çətiri rolunu oynayır. Bir sıra region ölkələrindəki məzənnə tərəddüdləri fonunda manat sabit valyuta olaraq qalır və dəyərini qoruyur. Ötən il idxal-ixrac əməliyyatlarında 2,5 milyard manatlıq profisitin yaranması makroiqtisadi sabitlik və manatın məzənnəsinin qorunub saxlanılması üçün ciddi əsaslar yaradır.
Həyata keçirilən çevik iqtisadi siyasət özəl sektorun inkişafı ilə paralel şəkildə idxaldan asılılığın azaldılması, dünyadakı qeyri-sabitlik, gərginlik şəraitində ərzaq təhlükəsizliyinin gücləndirilməsi tədbirlərini də özündə ehtiva edir. Bunun nəticəsi olaraq, son illər ölkənin qeyri-neft qaz sektorunun ixrac potensialının yüksəlməsi müşahidə edilir. Daxili tələbatın yerli məhsullar hesabına ödənilməsi, ixrac potensialının formalaşdırılması məqsədilə aqrar sektorun ən müxtəlif sahələrinin inkişafına diqqət göstərilir, sahibkarların güzəştli kreditlərə çıxış imkanları genişləndirilir. Bütün bunların nəticəsidir ki, ötən il Azərbaycandan 935,8 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
2024-cü ilin birinci yarısında qeyri-neft sektorunda artımın 6,2 faiz təşkil etməsi də qlobal gərginlik şəraitində iqtisadi dayanıqlığı təmin edən əsas amillərdəndir. Bütün bunlar həm də ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması istiqamətində görülən tədbirlərin müsbət nəticələr verdiyini göstərir. Son illərdə aparılan mütərəqqi islahatlar, iş adamlarının hərtərəfli dəstəklənməsi, sahibkarlığın tərəqqisi üçün əlverişli mühitin formalaşdırılması, müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiqi ölkədə biznes mühitinin liberallaşmasını təmin edir.
Əlverişli sərmayə mühiti, xarici investisiyalara dövlət təminatının mövcudluğu, biznesə başlama prosedurlarının asanlığı və digər mühüm üstünlüklər müxtəlif nüfuzlu beynəlxalq təşkilatların və reytinq agentliklərinin hesabatlarında da müntəzəm əksini tapır.
MTM Analitik Qrup