CƏNUBİ QAFQAZDA ÜDM HƏCMİ ƏN YÜKSƏK OLAN ÖLKƏ AZƏRBAYCANDIR

MTM-in Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlil göstərir ki, 2023-cü ildə Azərbaycanda Ümumi Daxili Məhsul həcmi 123 milyard manat təşkil edirdisə, 2024-cü ildə ölkədə ÜDM həcmi əvvəlki il ilə müqayisədə 2,7% və ya 3,3 milyard manat artaraq 126,3 milyard manata çatıb.
Məlumat üçün bildirək ki, son 5 ildə ÜDM həcminin ən yüksək həddi 2022-ci ildə qeydə alınıb. Həmin il ÜDM həcmi 133,8 milyard manat təşkil edib. Sonrakı ildə isə 8,1% və ya 10,8 milyard manat azalıb.

Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə adambaşına düşən ÜDM həcmi 12 382,5 manat təşkil edib və bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə 2,2% və ya 268 manat çoxdur.
Son 5 ildə adambaşına düşən ən yüksək ÜDM həcmi 2022-ci ildə (1 256.3 manat) qeydə alınıb və həmin göstərici 2023-cü ilin nəticəsindən 42,9% və ya 3 977.4 manat çox olub.
Son 5 ilin göstəricilərinə uyğun olaraq deyə bilərik ki, bu müddət ərzində adambaşına düşən ÜDM həcmi 70,6% və ya 5 124.7 manat artıb.

2024-cü ilin sahələr üzrə ÜDM istehsalına baxsaq görərik ki, sənaye kateqoriyası ÜDM istehsalında böyük paya sahibdir. Daha dəqiq desək, 2024-cü ildə ÜDM həcminin 35,9%-ni (45,3 milyard manat) sənaye təşkil edib.
Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə isə ÜDM istehsalı 13,5 milyard manat təşkil edib ki, bu da ümumi həcmin 10,7%-nə bərabər olub.
Məhsula və idxala xalis vergilər kateqoriyası üçüncü sırada yer alıb və bu sahə ÜDM istehsalında 9,8% (12,4 milyard manat) paya sahib olub.
Bu ardıcıllıq üzrə son sıranı informasiya və rabitə sahəsi tutub. Sözügedən kateqoriya üzrə ÜDM istehsalı ümumi ÜDM həcminin 1,9%-ni (2,4 milyard manat) təşkil edib.
Siyahıda adı çəkilməyən digər kateqoriyalar üzrə ümumilikdə 25,1 milyard manat həcmində ÜDM istehsalı baş tutub və bu, ümumi həcmin 19,9%-ni təşkil edib.

Hər üç ölkənin Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi rəqəmlərin müqayisəsi göstərir ki, Cənubi Qafqazda ÜDM həcmi ən yüksək olan ölkə məhz Azərbaycandır. 2024-cü ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın ÜDM həcmi 54,5 milyard dollar təşkil edib ki, bu da həmin dövr üçün Gürcüstanın ÜDM həcmindən 2,2 dəfə, Ermənistanın ÜDM həcmindən isə 3,1 dəfə çox olub.
Belə ki, ötən ilin yanvar-sentyabr ayları üzrə Gürcüstanda ÜDM həcmi 24,6 milyard dollar, Ermənistanda isə 17,4 milyard dollar təşkil edib.