ABŞ AZƏRBAYCANDA HAQLI NARAZILIQ DOĞURAN SİYASƏTİNDƏ MÜƏYYƏN KORREKTƏLƏR ETMƏLİDİR

ABŞ-nin yeni dövlət başçısı Donald Trampın prezidentliyi dövründə bu ölkənin Cənubi Qafqaz siyasətində son illərdə yol verdiyi strateji səhvləri aradan qaldıracağına, xüsusilə Azərbaycanla münasibətləri nizamlayacağına müəyyən ümidlər var. Daha realist və praqmatik siyasətçi kimi tanınan Donald Trampın ilk günlərdən Cozef Bayden administrasiyasının bir sıra qərarlarını ləğv edən və yaxud təxirə salan fərmanlar imzalaması bu mülahizəni gücləndirir.

Xatırladaq ki, respublikaçıların liderinin birinci prezidentliyi dövründə – 2016-2020-ci illərdə ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq yönümündə inkişaf edib, ciddi etimadsızlıq və gərginlik hiss olunmayıb. Azərbaycan bu ölkə ilə bərabərhüquqlu əlaqələrin inkişafı istiqamətində hər zaman səmimi addımlar atsa da, C.Bayden Administrasiyası İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana münasibətdə qərəzli mövqe tutub, Ermənistana tərəfkeşlik edib. Rəsmi Bakı Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları adekvat dəyərləndirə bilməyən, qeyri-konstruktiv mövqe tutan “Ağ ev”in vasitəçiliyindən haqlı olaraq imtina edib.

Prezident İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşü zamanı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və nəticədə ikitərəfli əlaqələr böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını da keçmiş administrasiyanın nankorluğunun təzahürü kimi dəyərləndirib.

Ümumiyyətlə, ölkələrimiz arasında diplomatik münasibətlərin mövcud olduğu 30 ildən çox müddətdə ABŞ Konqresi və Senatının bir sıra ermənipərəst üzvlərinin Azərbaycan əleyhinə əsassız fikirlər səsləndirmələrinə, qərəzli yanaşmalarına geniş rast gəlinib. Qarabağ münaqişəsinə münasibətdə özünü daha qabarıq göstərən bu meyillər – ölkəmizə təzyiq cəhdləri rəsmi Bakının sərt müqaviməti, etirazı ilə qarşılanıb.

C.Bayden Administrasiyası, o cümlədən bu ölkənin Senatının və Konqresinin bəzi üzvləri lokal antiterror tədbirlərindən sonra Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirib, ölkəmizə təzyiq göstərməyə çalışıblar. “Azadlığı Müdafiə Aktı”na məlum 907-ci düzəlişin yenidən bərpası, qondarma “etnik təmizləmə” iddiaları və digər addımlar bunun göstəricisi olub. 2022-ci ildə Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri, qondarma “erməni soyqırımı abidəsi” önündə tökdüyü göz yaşları təkcə Azərbaycana deyil, qardaş Türkiyəyə də qərəzli yanaşmanın göstəricisi olub.

Bütün bunları nəzərə alan rəsmi Bakı Donald Trampın hakimiyyəti dövründə ikitərəfli münasibətlərdəki gərginliyin və anlaşılmazlıqların aradan qalxacağına ümid edir. Prezident İlham Əlievin yanvarın 21-də ABŞ-nin səlahiyyətlərinin icrasına başlamış yeni prezidentinə ünvanladığı məktubda əksini tapan fikirlər bu baxımdan maraq doğurur: “Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik. İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir”.

Göründüyü kimi, rəsmi Bakının milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasətində dünyanın əsas güc mərkəzləri, o cümlədən ABŞ-la münasibətlərin möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir. Respublikamızın milli maraqlarının təmini baxımından bu ölkə ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir. Birincisi, regional təhlükəsizlik və qüvvələr balansında oynadığı rola görə bu dövlət ilə təmaslar olduqca vacibdir. İkincisi, ABŞ hər zaman Azərbaycanın enerji strategiyasını dəstəkləyən, bu istiqamətdə əməkdaşlıq edən ölkə kimi diqqəti çəkib. Geosiyasi amillər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, hərbi əməkdaşlıq amili də münasibətlərin dinamikasına əsaslı təsir göstərib.

2001-ci ilin 11 sentyabrında ABŞ-da törədilmiş məlum terror aktlarından sonra Azərbaycan ABŞ-ın iştirakı ilə yaradılan antiterror koalisiyasına ilk qoşulan ölkələrdən olub. Bu mərhələdən ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq da genişləndirilib. Azərbaycan parlamenti 2002-ci il noyabrın 15-də “Azərbaycan Silahlı Qüvvələrinin dörd taqımının Türkiyə Respublikasının Silahlı Qüvvələrinin taburunun tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsi və müvafiq əməliyyatlarda iştirak etməsi haqqında” qərar qəbul edib.

Hazırda Azərbaycan-ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini məhz hərbi təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq təşkil edir. Buraya Təhdidlərin Birgə Azaldılması proqramı, ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylərin gücləndirilməsi, Azərbaycanın dəniz sərhədlərinin möhkəmləndirilməsi və digər məsələlər daxildir.

ABŞ Azərbaycanla enerji sahəsində də sıx əməkdaşlıq edir. 1994-cü ildən başlayaraq respublikamızın Xəzər bölgəsi və Cənubi Qafqazda həyata keçirdiyi transmilli layihələrdə ABŞ-ın iştirakı intensiv xarakter alıb. ABŞ-ın bir tərəfdən şirkətləri vasitəsilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi, digər tərəfdən bu ehtiyatların dünya bazarına sərbəst nəqlinin təmini üçün kəmərlərin çəkilişindəki rolunu xüsusi qeyd etmək lazımdır. Cənub Qaz Dəhlizi kimi nəhəng tranzit layihələrinə bu gün də açıq dəstəyini ifadə edən rəsmi Vaşinqton bu kəmərlərin əhəmiyyətini təhlükəsizlik, səmərəlilik və kommersiya baxımından yüksək dəyərləndirir.

Rusiya ilə münasibətlərinin gərgin olduğu hazırkı mərhələdə ABŞ-nin yeni Administrasiyasının Azərbaycanda anti-ABŞ əhval-ruhiyyəsinin formalaşmasına səbəb olacaq davranışlara yol verməyəcəyi, köhnə hakimiyyətin səhvlərini təkrarlamayacağı şübhəsizdir. Ümumilikdə isə, Azərbaycanla ABŞ-nin mövqelərinin bir sıra məsələlərdə üst-üstə düşməsi uzunmüddətli strateji əməkdaşlığa zəmin yaradan başlıca amillərdəndir.

MTM Analitik Qrup