Azərbaycanın ötən il uğurla ev sahibliyi etdiyi COP29 konfransının mühüm transregional nəticələrindən biri ölkəmizlə Mərkəzi Asiya dövlətləri arasında yaşıl enerji sahəsində əməkdaşlığın yeni səviyyəyə qaldırılması oldu. COP29 çərçivəsində ötən ilin noyabrın 13-də Prezident İlham Əliyevin, Qazaxıstandan və Özbəkistandan olan həmkarları Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevlə üçtərəfli görüşü çərçivəsində imzalanan müvafiq saziş artıq Avrasiya miqyasında mühüm önəm kəsb edir. Həmin vaxt üç ölkənin liderlərinin imzaladıqları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Hazırda Mərkəzi Asiyanın, Qafqazın, Avropanın, Xəzər və Qara dənizlərinin vahid enerji dəhlizi ilə birləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət reallaşdırılmaqdadır. Neft və təbii qazla yanaşı, bura yaşıl enerjinin də əlavə edilməsi sözügedən enerji dəhlizinin əhəmiyyətini daha da artırır, ona dünya miqyasında getdikcə daha böyük maraq yaradır. Təsadüfi deyil ki, bütün bunlar Davos İqtisadi Forumunda da xüsusi diqqət mərkəzində yer alır. Dünyanın maliyyə və iqtisadi mərkəzləri üçün Azərbaycanın enerji resurslarının ixracatında artan rolu, digər mənbələrdən idxalın həyata keçirilməsində tranzit əhəmiyyəti indi daha böyük önəm kəsb edir. Bunu Prezident İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odile Reno-Basso ilə görüşündə aparılan müzakirələrdən də görmək olar. Görüş zamanı Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparılıb. Digər Azərbaycan rəsmilərinin də Davosda keçirdikləri görüşlərdə diqqət mərkəzində yer alan əsas məsələlələrdən biri məhz enerji resurslarının Azərbaycandan və ölkəmiz üzərindən Qərb istiqamətində nəqli ilə bağlı olub.
Davos İqtisadi Forumundan əvvəl baş tutan Əbu-Dabidə keçirilmiş Dayanıqlı İnkişaf Həftəsində də bu məsələyə xüsusi diqqət yetirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev həmin tədbirdə çıxışı zamanı vurğulayıb ki, Bakıda keçirilmiş COP29 konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi yaşıl enerjinin Avropaya ixracına kömək edəcək. Qeyd edilməlidir ki, müəyyən müddətə bağlanan sazişin həyata keçirilməsi məqsədilə “AzərEnerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisə təsis edilib. Sözügedən müəssisə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və icrası ilə bağlı zəruri tədbirləri həyata keçirəcək.
Bütün bunlar Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya enerji resurs və məhsullarının təchizi üzrə əsas körpü rolunu oynamağa imkan verir. Bunun üçün müvafiq infrastrukturun yaradılması istiqamətindən intensiv iş gedir. Əslində, neft və qazın ölkəmizdən ixracı və tranziti üçün infrastruktur mövcuddur. Söhbət əsas etibarı ilə yaşıl enerjinin ixracı üçün yaradılması nəzərdə tutulan infrastrukturdan gedir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanan saziş bu istiqamətdə yeni transmilli layihənin icrasına zəmin yaradıb. Dünya Bankı Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına müvafiq dəstək göstərib.
Barəsində bəhs edilən kabel xəttinin elektrik enerjisi ilə yanaşı, yüksək sürətli rəqəmsal rabitənin qurulmasında istifadə ediləcəyi gözlənilir. Nəticədə data xətlərinin Avropanın data mərkəzləri ilə əlaqələri daha sürətli xarakter daşıyacaq. Ümumiyyətlə, layihə nəticəsində Avropa ittifaqı ilə Cənubi Qafqaz arasında elektrik və fiberoptik əlaqə qurulacaq. Yaşıl enerji sferasında qeyd edildiyi kimi daha bir mühüm məsələ Azərbaycanın digər mənbələrdən də bu enerjinin Avropaya nəqlində tranzit ölkə kimi çıxış edəcəyidir. Bununla əlaqədar, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin yaradılması üzrə mühüm işlər görülür. Nəzərə alınmalıdır ki, Mərkəzi Asiya ölkələrinin yaşıl enerji istehsalı üçün böyük potensialı var. Həmin enerjinin Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi Qərbə nəqli iştirakçılar üçün böyük dividendlər vəd edir. Xüsusən də Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin yaradılması bütün iştirakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri də möhkəmləndirəcək.
Azərbaycandan, Mərkəzi Asiyadan Avropaya yaşıl enerjinin ixracı istiqamətində atılan addımların daha bir faydası yeni iş yerlərinin yaradılması, modern texnologiyaların regiona gəlişi, xarici investisiyaların artımıdır. Bütün bunlar həm də əlavə təhlükəsizlik təminatı hesab olunur. Beləliklə, yaşıl enerji sahəsində qurulan əməkdaşlıq, həyata keçirilən layihələr çoxcəhətli xarakter daşıyır, iştirakçılara mühüm üstünlüklər vəd edir. Ölkəmizlə Mərkəzi Asiya dövlətləri arasında müxtəlif istiqamətlər, o cümlədən enerji sferasında dərinləşən işbirliyi həm də strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırmağa imkan verir. Bu, ümumən türk dünyasının güclənməsinə də əlavə bir töhfədir.
MTM Analitik Qrup