Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampı təbrik etməsi Rusiya-Amerika münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi təqdim edilə bilər. Şübhəsiz ki, hər iki liderin fərqli yanaşmaları və qarşılıqlı gözləntiləri bu əlaqələrin gələcək dinamikasını formalaşdıracaq. Lakin ABŞ-ın Ukrayna-Rusiya müharibəsində tutacağı mövqe bu münasibətlərin taleyində mühüm rol oynayacaq. Çünki Rusiya və ABŞ münasibətləri son illərdə sanksiyalar diplomatik mübahisələr və geosiyasi maraqların toqquşması ilə son dərəcə gərginləşib. Donald Trampın prezident seçilməsi Kreml üçün yeni imkanlar yarada bilər. Rusiya ümid edir ki, Tramp administrasiyası dövründə ABŞ-ın tətbiq etdiyi sanksiyalar yumşalacaq. Rusiya üçün bu, iqtisadiyyatın sabitləşdirilməsi və beynəlxalq təcriddən çıxmaq baxımından həyati əhəmiyyət daşıyır. Lakin ABŞ Konqresində Rusiyaya qarşı sərt mövqe tutan qanunvericilərin olmasını nəzərə alsaq sanksiyaların tamamilə aradan qalxacağı o qədər də inandırıcı görünmür.
Rusiya ABŞ-la müəyyən strateji sahələrdə əməkdaşlıq etmək istəyir. Xüsusilə, terrorizmlə mübarizə, enerji bazarlarının tənzimlənməsi və silahların yayılmasının qarşısının alınması sahələrində Rusiya ilə ABŞ-ı tarixi ortaq maraqlar birləşdirib. Lakin bu əməkdaşlıq Ukrayna münaqişəsi və NATO-nun Şərqi Avropadakı mövqeləri ilə bağlı ciddi ziddiyyətlərə məruz qalıb. Rusiya hər zaman NATO-nun Şərqi Avropadakı mövcudluğunu öz təhlükəsizliyinə birbaşa təhdid kimi görüb. Trampın NATO-ya yönəlmiş tənqidləri və Avropanın müdafiəsinə daha az maliyyə ayırmaq istəyi Kremldə bu məsələyə müəyyən ümidlər yaradır. Lakin Ukrayna münaqişəsi hələ də Rusiya-Amerika münasibətlərində əsas qarşıdurma nöqtəsi olaraq qalır. ABŞ-ın bu münaqişədə hansı mövqeni tutacağı təkcə Rusiya ilə münasibətləri deyil, həm də Avropadakı geosiyasi balansı müəyyən edəcək.
Donald Trampın prezidentlik dövründə Ukrayna məsələsinə yanaşması həm Rusiya, həm də ABŞ üçün bəzi suallar doğurur. Trampın seçki kampaniyası dövründə Rusiya ilə dialoqun vacibliyini vurğulaması ABŞ-ın Ukraynaya hərbi dəstəyini azaldacağı ehtimalını artırır. Bu, Kremlin maraqlarına uyğun olsa da, Vaşinqtondakı siyasi elitanın müqaviməti ilə qarşılaşa bilər. Çünki ABŞ Ukraynaya hərbi və maliyyə dəstəyi verməklə Rusiyanın aqressiv siyasətini cilovlamağa çalışır. Hələlik Tramp administrasiyasının bu dəstəyi davam etdirib-etdirməyəcəyi qeyri-müəyyəndir, lakin Konqresin və Pentaqonun mövqeyi bu məsələdə həlledici olacaq. Bununla belə, Tramp administrasiyası Ukrayna məsələsində diplomatik həll yollarına üstünlük verəcək. Bu, Rusiya ilə müəyyən güzəştlərə əsaslana bilər. Məsələn, ABŞ-ın Donbas regionunda muxtariyyət statusunun artırılması və sanksiyaların qismən yumşaldılması müqabilində Rusiyanı münaqişənin həllinə yönəltmək imkanı var. Belə olan halda ABŞ-ın Avropanın, xüsusən də Ukraynanın ciddi etirazları qarşısında hansı addımları atacağı hələ də naməlumdur.
Bütün hallarda Donald Trampla Putin arasında dialoqun qurulması ABŞ-Rusiya münasibətlərində müəyyən yumşalma yarada bilər. Lakin bu dialoqun nəticəsi hər iki tərəfin kompromisə nə dərəcədə hazır olmasından asılı olacaq. Qlobal enerji bazarlarından tutmuş, strateji silahların məhdudlaşdırılması ilə bağlı müqavilələrin yenidən nəzərdən keçirilməsinə dair bir çox sahələrdə açıq qalan sualların cavabının tapılması məhz bu dialoqun əhəmiyyəti ilə bağlıdır. Bütün hallarda Vladimir Putinin Donald Trampı təbrik etməsi Rusiya-Amerika münasibətlərində ümidverici amil kimi görünsə də, real nəticələr qısa müddətdə əldə edilə bilməz. Çünki Ukrayna münaqişəsi bu münasibətlərin əsas sınaq meydanı olacaq.
MTM Analitik Qrup