Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və onun iranlı həmkarı Məsud Pezeşkianın iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında imzaladıqları saziş bir sıra parametrlərinə görə dünya miqyasında xüsusi maraq doğurub. Saziş hərbi, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla müxtəlif sahələri əhatə edir. Sənəd həmçinin uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyənləşdirir.
İki ölkə prezidentinin görüşündə aparılan müzakirələrdən biri də yanacaq-energetika sektorunda əməkdaşlıq və logistika məsələləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı olub. Bu kontekstdə Rusiyadan İrana təbii qaz kəmərinin çəkilişi ilə bağlı aparılan müzakirələr, əldə edilən razılıqlar xüsusi diqqət cəlb edib. Danışıqlardan sonra Rusiyadan İrana təbii qaz daşıyacaq kəmərin Azərbaycandan keçməsi barədə razılıq əldə oluunub. Rusiyanın energetika naziri Sergey Tsivilyev məsələ ilə əlaqədar bildirib: “Hazırda danışıqların yekun mərhələsindəyik – qiymətin təsdiqi üzərində işləyirik. Həcmlər artıq müəyyən edilib. Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır”.
Azərbaycan üzərindən Rusiya qazının İrana nəql həcminin kifayət qədər yüksək olacağı proqnozlaşdırılır. İranın hazırda Rusiya qazına böyük ehtiyacı var. Düzdür, ölkənin özü də qazla, neftlə olduqca zəngindir. Amma məsələ burasındadır ki, İranın qaz hasil edilən əsas yataqları ölkənin cənubunda, böyük istehlakçı kütləsi də şimalda yerləşir. Özü də İranın şimalı sərt iqlimə sahibdir və bu səbəbdən orada təbii qaza da tələbat yüksəkdir. Ölkənin cənubundan şimalına qaz nəqli yetərli həcmdə deyil və yeni infrastrukturun qurulması da çox baha başa gəlir. İllərdir çoxsaylı sanksiyalardan əziyyət çəkən İranın belə yeni infrastruktur yaratması da indiki halda az qala mümkünsüz görünür. Elə bu səbəbdən İran şimal regionlarına digər mənbələrdən, o cümlədən Rusiyadan birbaşa qaz təchizatı və ya svop müqavilələr vasitəsilə “mavi yanacaq” idxalında maraqlıdır.
Hələ 2024- cü ilin iyununda “Qazprom” şirkəti ilə İran Milli Qaz Şirkəti Rusiya təbii qazının İrana tədarükünün təşkili üzrə strateji memorandum imzalayıblar. İran tərəfi hətta potensial tədarük həcminin gündə 300 milyon kubmetrə çatdırılmasında maraqlıdır. Bu da il ərzində 109 milyard kubmetr təbii qaz deməkdir. Rusiya müvafiq infrastrukturun yaradılması xərclərini öz üzərinə götürməyə hazırdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan vasitəsilə Rusiya qazını İrana daşıyacaq layihə genişmiqyaslı və strateji xarakterli olacaq.
Artıq İran mediasında yer alan məlumatlardan belə bəlli olur ki, ilkin mərhələdə İrana Rusiyadan mövcud olan infrastrukturla qaz daşınacaq. Bu, Azərbaycan və İranı birləşdirən Hacıqabul-Astara-Abadan, Azərbaycan və Rusiyanın Şimali Osetiya Respublikası arasında təbii qaz nəqlinə imkan yaradan magistral qaz kəmərləri vasitəsilə olacaq. Həmin kəmərlər vasitəsilə sutkada 15 milyon kubmetr həcmində svop qaz tədarükünün həyata keçirilməsi nəzərdə tutulur. Daha sonra yeni bir qaz kəmərinin çəkilməsi Rusiyadan İrana daha böyük həcmdə qaz nəqlinə imkan yaradacaq.
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, ilkin mərhələdə ölkəsindən İrana ildə 2 milyard kubmetr təbii qaz nəqlindən başlamaq məqsədəuyğun hesab olunur. Daha sonra bu həcmin ildə 55 milyard kubmetrə kimi artırılması nəzərdə tutulur. Bütün bunlar tranzit ölkə kimi Azərbaycana çoxsaylı üstünlüklər qazandırır. Qeyd edilməlidir ki, tranzit daşımalar iqtisadi inkişafın əsas drayverlərindən biri hesab olunur. Tranzit qovşaqları funksiyasını yerinə yetirən ölkələr üçün iqtisadi faydalar birbaşa ticarət gəlirlərindən daha çoxdur. Bu ölkələr logistika xidmətləri, istehsal və digər bu kimi əlavə dəyər yaradan sahələrin də inkişafında əlavə üstünlüklər qazanırlar. Bununla yanaşı, tranzit daşımalar ölkələrin geosiyasi əhəmiyyətini artırır, belə dövlətlər regional inteqrasiyada və beynəlxalq ticarətdə mühüm rol oynayırlar. Bütün bunlar tranzit daşımaların Azərbaycana hansı çoxsaylı dividendlər qazandırdığını aydın şəkildə nümayiş etdirir.
Hazırda Rusiya və İranın böyük ehtiyac duyduğu Şimal-Cənub dəhlizinin fəaliyyətində də Azərbaycan həlledici rola malikdir. Dəhlizlə bağlı məsələ də Rusiya ilə İran arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Sazişdə öz əksini tapıb. Multimodal xarakterə malik bu dəhliz üzərindən daşınmalar getdikcə artır və bəzi ölkələr, məsələn, Rusiya ilə İran üçün sözügedən marşrut idxal və ixrac baxımından artıq həyati önəm kəsb edir. Çünki əvvəlcə Şimal-Cənub xəttinin Xəzər dənizi vasitəsilə Baltikyanı ölkələrlə Hindistanı birləşdirəcəyi, Rusiyanın isə tranzit məntəqəsinə çevriləcəyi planlaşdırılırdı. Lakin Ukraynadakı müharibə səbəbindən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda bu dəhliz şimal qonşumuzun idxal və ixracında həlledici önəm daşımağa başlayıb. Hazırda bu marşrut üzrə yükdaşımaların həcminin artırılması Rusiyanın və İranın xüsusi maraq dairəsində yer alır. Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturuna malik olması isə həm Rusiyanın və İranın, həm də Şimal-Cənub xəttindən istifadə edənlərin ölkəmiz üzərindən daşımaları artırması ilə müşayiət edilir.
Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəniz, dəmir və avtomobil yolları ilə daşımalar həyata keçirmək mümkündür. Belə multimodal xarakterlə yanaşı, Şimal-Cənub dəhlizinin əhatə etdiyi coğrafiya da onun cəlbediciliyini artıran əsas faktorlardan biridir. Marşrut Hindistandan başlayaraq Şimali Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz, Rusiyaya kimi uzanır. Onunla daşımalar daha ucuz və daha az vaxta başa gəlir. Uzunluğu 7200 kilometr olan Şimal-Cənub marşrutu ilə daşınma üçün dəniz, çay və dəmir yolu nəqliyyatından istifadə olunur. Bu dəhliz Hindistandan Rusiyaya malların çatdırılma müddətini iki dəfə azaltmğa imkan verir. Süveyş kanalı ilə ənənəvi marşrut üzrə Mumbaydan Sankt-Peterburqa yüklərin tranzit müddəti 30 gündən 45 günə kimi çəkirsə, Şimal-Cənub dəhlizi boyunca bu müddət 15-24 gün arasında dəyişir.
O da qeyd olunmalıdır ki, ötən ilin dekabr ayında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan Saziş imzalanıb. Azərbaycan həmçinin İranın Astara şəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələləri və icra müddətlərini, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılmasını planlaşdırır. Bütün bunlar Şimal-Cənub dəhlizinin inkişafında mühüm məqamlar hesab olunur, tranzit ölkə kimi Azərbaycanın dünya miqyasında əhəmiyyətini daha da artırır.
MTM Analitik Qrup