AVROPA ENERJİ PROBLEMLƏRİNİN HƏLLİNDƏ AZƏRBAYCANA BÖYÜK ÜMİD BƏSLƏYİR

Cari ilin əvvəlindən etibarən, Rusiya təbii qazının Ukrayna vasitəsilə Avropaya nəqli dayandırıldıqdan sonra burada enerji təhlükəsizliyinin təmini, “mavi yanacağın” qiymətləri ilə bağlı məsələ yenidən aktuallaşıb. Ukrayna vasitəsilə Rusiya qazının ixrac olunduğu boru kəməri birbaşa Moldova və Slovakiyaya, həmçinin Macarıstan, Avstriya və İtaliyaya sözügedən enerji resursunu daşıyırdı. Tranzitin dayandırılmasından sonra Avropada qazın qiyməti 20 faiz artıb və bunun davam etməsi istisna deyil.   

Hesablamalar göstərir ki,   ildə 15 milyard kubmetr qazın ixrac edildiyi bu kəmərin fəaliyyətini dayandırması Rusiya üçün illik 5 milyard ABŞ dolları, Ukrayna üçün isə 800 milyon ABŞ dolları zərər deməkdir.  Rusiyanın tədarükünü kompensasiya etmək üçün Avropa İttifaqı ABŞ və digər ölkələrdən dəniz yolu ilə böyük miqdarda mayeləşdirilmiş təbii qaz, həmçinin Norveçdən boru kəməri qazı idxal edir. Eyni zamanda, Avropa İttifaqı Rusiyadan  mayeləşdirilmiş təbii qaz idxalını artırır. Lakin qurum 2027-ci ildə Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalına da son qoyacağını bəyan edir.

İndiki vəziyyətdə təbii qaz təminatı ilə bağlı artıq Avropada müəyyən çətinliklər müşahidə edilir. Böyük Britaniyanın “Wood Makcenzie” konsaltinq şirkətinin araşdırmaları üzə çıxarır ki, gələn qışa qədər Avropada qaz anbarlarının  doldurulması çətin olacaq. Bu, Avropada qaz qiymətlərinin cari ildə yüksəlməsinin əsas səbəblərindən biridir. Düzdür, hazırda Avropada qaz qiymətləri 2022-ci ilin yayında qeydə alınan pik nöqtədən xeyli aşağıdır, lakin ötən illə müqayisdə yüksəkdir. Hollandiyadada yerləşən TTF qovşağında ilin əvvəlində fevral fyuçerslərinin qiyməti min kubmetr qaz üçün 530 dollara kimi yüksəlib. Halbuki orta hesabla 2024-cü ildə Avropada qazın birja qiyməti min kubmetr üçün 386 dollar təşkil edib.  Bu hal Avropada narahatlığı artırır, alternativ mənbələrə daha çox diqqət olunmasına səbəb olur.

Rusiyanın Şərqi Avropaya təbii qaz tədarükünün gözlənilən əvəzediciləri arasında yenə Azərbaycanın adı daha çox çəkilir. Ümumiyyətlə, gözləntilər bundan ibarətdir ki, Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında  həlledici rollarını daha da gücləndirəcəklər. Eyni zamanda Türkiyənin enerji habına çevrilməsinə Azərbaycanın bu ölkə üzərindən öz karbohidrogen resurslarını ixrac etməsi də müstəsna töhfələr verməkdə davam edəcək. Qeyd edilən fonda Türkiyənin “Yeni Şafak” qəzetinin məlumatına əsasən, bu ölkə  ilə Azərbaycan arasında imzalanan təbii qaz müqaviləsi təsdiq üçün Türkiyə Böyük Millət Məclisinə təqdim olunub. Müqavilə Bakı-Tiflis-Ərzurum təbii qaz boru kəməri və Bakı-Tiflis-Ceyhan neft kəməri ilə davam edən enerji sahəsində əməkdaşlığı daha da genişləndirir.

Qeyd edilməlidir ki, ötən Azərbaycan və Türkiyə arasında qaz tədarükü sahəsində bir sıra strateji sazişlər imzalanıb. SOCAR və Türkiyənin BOTAŞ şirkəti arasında razılaşdırılmış beş müqavilə isə enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir.  Bu sənədlər 2024-cü ilin may ayında imzalanmış “Təbii qaz sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsaslanır. Razılaşdırılan yeni sənədlər Azərbaycan və Türkiyə arasında  TANAP layihəsi və Xəzər dənizindəki “Şahdəniz” yatağından hasil edilən təbii qazın alqı-satqısı üzrə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.  Saziş çərçivəsində Azərbaycanın hasil edəcəyi əlavə təbii qazın 40 faizi Türkiyənin ehtiyacları  üçün istifadə olunacaq, digər hissəsi Avropaya nəql ediləcək.  BOTAŞ-ın Türkmənistandan alacağı qaz 2026-cı ilin sonuna qədər Azərbaycan üzərindən tranzit olunacaq. Naxçıvana təbii qazın verilməsi problemi İğdır-Naxçıvan boru kəməri ilə həll olunacaq. Bununla yanaşı, TANAP-ın ötürücülük gücü artırılacaq, BOTAŞ-ın Bakı-Tiflis-Ərzurum vasitəsilə qaz almasına dair müqavilə 2030-cu ilə qədər uzadılacaq. Azərbaycanla enerji sahəsində sıx əməkdaşlıq Türkiyənin enerji təchizatı təhlükəsizliyinə əlavə töhfə hesab olunur və qardaş ölkənin regional enerji təhlükəsizliyində rolunu  daha da gücləndirir. Türkiyə xarici işlər nazirinin müavini Ayşə Berris Ekinci bildirib ki, Ankara ilə Türkmənistan arasında aparılan birbaşa danışıqlar nəticəsində türkmən qazının da Türkiyəyə çatdırılması vacibdir: “Biz Türkiyə-Türkmənistan, Türkiyə-Azərbaycan və Azərbaycan-Türkmənistan arasındakı bu münasibətdən əməkdaşlığı inkişaf etdirmək üçün istifadə edirik”.

Beləliklə, Azərbaycan öz qazı ilə yanaşı, Türkmənistanda hasil edilən “mavi yanacağın” da Türkiyəyə nəqlində mühüm rol oynayır. Bütün bunlar Avropada da diqqətlə izlənilir və “köhnə dünya” ölkəmizdən daha çox təbii qaz idxalında indi olduqca maraqlıdır. Yerli televiziya kanallarına müsahibəsində Avropa üçün enerji daşıyıcılarının təmin edilməsində Azərbaycanın yardımı ilə bağlı danışarkən Prezident İlham Əliyev qeyd edib: “Bəli, qaz ixracımız artır və hazırda, biz, müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasını genişləndiririk. Son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxışımız mümkündür”. Dövlət başçısı bildirib ki, indi 12 ölkə Azərbaycandan qaz idxal edir: “Onlardan 10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür. Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir. Beləliklə, gələcək planlarımız coğrafiyanı genişləndirməkdir. Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparırıq”. Azərbaycanın böyük ehtiyatlara malik olduğunu diqqətə çatdıran Prezident onu da vurğulayıb ki,  ölkəmiz enerji sahəsinə böyük sərmayələr yatırır və qaz çatışmazlığı məsələsində Avropaya kömək etməyə çalışır. 

Bu gün Avropa İttifaqı Azərbaycanı enerji təhlükəsizliyinin təmin edilməsində özünün mühüm strateji tərəfdaşı hesab edir və bu, həm də ölkəmizin Qərb istiqamətində enerji ixracını genişləndirmək üçün potensial imkanlara malik olması ilə izah olunur. Azərbaycanda yeni karbohidrogen yataqlarının işlənməsi, mövcud yataqların modernləşdirilməsinə qoyulan investisiyalar, müvafiq infrastrukturun formalaşdırılması Avropada da diqqətdən yayınmır. Xüsusən də burada nəzərə alınır ki, Azərbaycanın Avropaya təbii qaz və elektrik enerjisinin ixracı baxımından potensialı olduqca böyükdür.

MTM Analitik Qrup