ERMƏNİSTANIN RƏSMİ BAKININ TƏLƏBLƏRİNİ QƏBUL ETMƏKDƏN SAVAYI YOLU QALMAYIB

İkinci Qarabağ müharibəsindən sonrakı dövrün təhlili deməyə əsas verir ki, Ermənistan Azərbaycanın əvvəlcə etinasız qarşıladığı təkliflərini sonradan qəbul etməyə, irəli sürülən sülh gündəliyi ilə razılaşmağa məcbur olub. Bu təkcə rəsmi Bakının regionda diplomatik-siyasi, hərbi üstünlüyü ilə şərtlənməyib, eyni zamanda, irəli sürdüyü təkliflərin konstruktiv mahiyyətindən, beynəlxalq hüquq normalarına adekvat olmasından, etimad quruculuğuna xidmət etməsindən irəli gəlib.

Son zamanlar Ermənistan rəsmiləri tərəfindən verilən açıqlamalardan belə görünür ki, qarşı tərəf rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü təkliflərin müəyyən qismini qəbul etmək məcburiyyətində qalıb. Bunlardan biri ötən əsrin 90-cı illərinin əvvəlində iki ölkə arasındakı münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır. Qarabağdakı separatçı rejimin mövcudluğuna son qoyulması, münaqişənin de-fakto həllini tapması reallığı ilə barışan rəsmi İrəvan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə rəsmi müraciət etmək niyyətində olduğunu bəyan edib. Ermənistan baş naziri Nikol Paşinyanın rəsmi Bakının bu şərtinin məqbul olduğunu etiraf etməsinin ardınca onun mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkə hesabında Ermənistanın Minsk qrupunun ləğvi məsələsi ilə bağlı rəsmi müraciət etmək imkanını nəzərdən keçirdiyini yazıb. N.Baqdasaryan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində rəsmi Bakının bununla bağlı haqlı tələbini növbəti dəfə diqqətə çatdırıb. Dövlət başçısı haqlı olaraq bu qənaətdədir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası fonunda tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupunun ləğvinə razılığın verməməsi rəsmi İrəvanın sülh bəyanatlarında səmimi olmamasının, etimad quruculuğuna xələl gətirməsinin göstəricisidir. Ermənistan bu məsələni uzatmaqla bir tərəfdən beynəlxalq ictimaiyyətdə guya münaqişənin həllini tapmaması barədə saxta təsəvvür yaratmağa çalışır, digər tərəfdən ölkəmizə qarşı ərazi və digər iddialarından əl çəkmədiyini nümayiş etdirir. Halbuki, Minsk qrupu amorf təsisat kimi 30 ilə yaxın müddətdə münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Qeyd edilən amorf qurumun ləğv edilməsinin vaxtı çoxdan çatıb və Ermənistan bu prosesi uzatmağın mənasızlığını anlayır.

Rəsmi Bakının digər mühüm şərtini – Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini xeyli müddət qəbul etməyən rəsmi İrəvan artıq bu istiqamətdə də müəyyən praktiki addımlar atmağa məcbur olub. Ermənistan konstitusiyasının əsas istinadgahı olan 23 avqust 1991-ci il tarixli Müstəqillik Bəyannaməsinin preamblua hissəsində keçmiş Ermənistan Sovet Sosialist Respublikası və qondarma Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan Sovet Sosialist Respublikası ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qeyri-hüquqi, qondarma qərarına istinadın edilməsi hazırda sülh prosesi ciddi əngəllərdən biridir. Müstəqillik bəyannaməsinin 11-ci bəndində göstərilir ki, “Ermənistan Respublikası Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci ildə ermənilərin soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”. “Qərbi Ermənistan” dedikdə, erməni cəmiyyəti Türkiyənin 6 şərq vilayətinə qarşı (Ərzurum, Van, Bitlis, Elazığ, Diyarbakır və Sivas) ərazi iddiasını nəzərdə tutur. Ermənistanın hazırkı gerbində Türkiyənin Ağrı dağının təsvirinin yer alması da qardaş ölkəyə qarşı açıq təxribatdır.

Ermənistanın bir sıra normativ-hüquqi sənədlərində də Azərbaycana qarşı ərazi iddiaları, qoşulduğu bəzi konvensiyalarda və digər sənədlərdə ölkəmizin Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Qeyd edilənlər Azərbaycanın, eləcə də qardaş Türkiyənin ərazi bütövlüyünə qarşı yönəldiyindən, rəsmi Bakı haqlı olaraq həmin elementlərin ləğvini və aradan qaldırılmasını rəsmi İrəvan qarşısında ciddi tələblərdən biri kimi müəyyənləşdirib. Sivil birgəyaşayış normalarına zidd olan bu müddəaların aradan qaldırılmadığı şəraitdə Ermənistanın yekun sülh sazişinin imzalanmasında səmimi maraqlı olması ciddi şübhə doğurur. Regionda qalıcı sülhə nail olunması baxımından Ermənistan bu kimi əsassız iddialarına son qoymalı, Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər etməlidir.

Hazırda Ermənistanda bu mövzuda müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin sürətləndirilməsi, etimad quruculuğu baxımından əhəmiyyətli ola bilər. Ermənistan ədliyyə naziri Srbui Qalyan yanvarın 14-də keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır. Nikol Paşinyan hakimiyyətinə müxalif qüvvələr bunu rəsmi Bakının istəyi kimi şərh etdikləri halda, Srbui Qalyan Azərbaycanın tələbləri ilə hakimiyyətin ölkə konstitusiyasının dəyişdirilməsi təşəbbüsləri arasında guya əlaqənin olmadığını iddia edib.

Rəsmi İrəvanın rəsmi Bakının şərtlərini tədricən qəbul etməsi deməyə əsas verir ki, qarşı tərəf Azərbaycana qarşı əsassız iddia və ittihamların, habelə xaricdən dəstək gözləməyin mənasızlığını qəbul etməyə başlayıb. İki ölkə arasında aparılan danışıqların intensivləşməsi fonunda yekun sülh sazişinin üçdə ikisinin razılaşdırılması, habelə Ermənistan baş naziri Nikol Paşinyanın son aylardakı açıqlamaları qarşı tərəfin yekun sülh sazişə doğru real addımlar atmağa məhkum durumda olduğunu təsdiqləyir.

Ermənistan rəhbərliyi Azərbaycanla yekun sülh sazişini imzalamaqdan savayı yolunun olmadığını, sülhün alternativsizliyini anlayır. Dayanıqlı sülhə gedən yol isə qonşu dövlətlərə qarşı əsassız ərazi iddialardan əl çəkməkdən, qisaçı və revanşist ideologiyadan imtina etməkdən, xarici qüvvələrin regiona müdaxilə cəhdlərinin aradan qaldırılmasından keçir.

MTM Analitik Qrup