Dünyada sayı artan, coğrafiyası genişlənən münaqişələr qlobal iqtisadiyyata da təsirsiz ötüşmür. BMT-nin proqnozlarna əsasən, bu təsir davam edəcək və iqtisadi artımın səviyyəsini şərtləndirən başlıca faktorlardan biri kimi qarşıdakı dövr ərzində də özünü qabarıq şəkildə büruzə verəcək. Nəticədə bu və digər faktorlar qlobal iqtisadi artım dinamikasının pandemiyadan əvvəlki orta göstəricidən hələ də aşağı həddə olmasını şərtləndirəcək.
Ümumiyyətlə, BMT belə hesab edir ki, cari ildə qlobal iqtisadiyyat 2024-cü ildə olduğu kimi 2,8 faiz artacaq. Təşkilatın “2025-ci il üçün Dünya iqtisadi vəziyyəti və perspektivləri” adlı açıqladığı hesabatda vurğulanır ki, qlobal iqtisadi fəaliyyət bir sıra şoklara tab gətirərək dayanıqlılıq nümayiş etdirsə də, artım pandemiyadan əvvəlki orta göstərici olan 3,2 faizlik həddən aşağı olaraq qalır. Bir çox ölkələrdə aşağı inflyasiya və monetar siyasətin yumşaldılmasının davam etməsi 2025-ci ildə qlobal iqtisadi fəaliyyətdə mülayim artımın təmin olunmasına kömək edəcək. Bununla belə, BMT geosiyasi münaqişələrdən qaynaqlanan risklərə, artan ticarət gərginliyinə və yüksələn borclanma xərclərinə nəzərə salaraq, bəyan edir ki, dünya iqtisadiyyatında qeyri-müəyyənlik yüksək olaraq qalır. Bu problemlər xüsusilə aşağı gəlirli ölkələr üçün kəskin xarakter daşıyır.
“Rogers Holdings”in sahibi olan məhşur amerikalı investor Cim Rocers mövcud şərtlər daxilində qlobal iqtisadiyyatda Böyük Depressiya miqyasında böhranın baş verəcəyini istisna etmir. Onun sözlərinə görə, yeni qlobal iqtisadi böhran 2025-ci ilin yazında baş verə bilər. O qeyd edir ki, buna səbəb qlobal dövlət borcunun artması və ABŞ tərəfindən ticarət müharibələrinin alovlanması olacaq: “Mən qlobal tənəzzülün yazdan əvvəl, yeni seçilmiş prezident Donald Trampın yanvar 20-də andiçmə mərasimindən sonra başlayacağını gözləyərdim. Pasxa bayramından əvvəl iqtisadi problemlər başlayacaq”. Bu kontekstdə ona da xüsusi diqqət edilir ki, ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 36 trilyon dolları keçib. 2024-cü ildə bu rəqəm 2 trilyon dollar artıb və nominal ifadədə Amerikanın borcu dünyada ən böyük borc hesab olunur. Eyni zamanda Rocers qeyd edir ki, borcun artması təkcə ABŞ-da deyil, dünyanın digər ölkələrində – Yaponiya, Çin və Almaniyada da baş verir.
Qeyd edilməlidir ki, inkişaf etmiş ölkələrdə iqtisadi artım səviyyəsi elə də yüksək olmayacaq. BMT-nin proqnozlarna əsasən, Avropada ötən il 0,9 faiz təşkil edən iqtisadi artım cari ildə 1,3 faiz olacaq. ABŞ-da iqtisadi artımın keçən il 2,8 faiz təşkil etdiyi halda 2025-ci ildə 1,9 faizə qədər azalacaq. Çində artım 2024-cü ildə 4,9 faiz, bu il isə 4,8 faiz səviyyəsində proqnozlaşdırılır.
Ekspertlər həmçinin qeyd edirlər ki, qlobal inflyasiyanın azalmasına baxmayaraq, ərzaq inflyasiyası yüksək olaraq qalır və 2024-cü ildə inkişaf etməkdə olan ölkələrin demək olar ki, yarısında bu göstəricilər 5 faizi ötüb. Bu, artıq ekstremal hava hadisələri, münaqişələr və iqtisadi qeyri-sabitliklə üzləşmiş aşağı gəlirli ölkələrdə ərzaq təhlükəsizliyi problemini daha da gücləndirib və belə hal qlobal iqtisadiyyata da öz təsirini göstərir.
Qlobal iqtisadiyyat üçün daha bir mühüm problem Cim Rocersi fikrincə, prezident Donald Trampın proteksionist siyasəti olacaq. Seçki kampaniyasının əvvəlində o, bütün ölkələrdən idxal edilən bütün mallara 10 faiz, Çin idxalına 60 faiz, ABŞ hüdudlarından kənarda istehsal olunan bütün avtomobillərə isə 100 faiz rüsum tətbiq edəcəyinə söz verib. Bunlar, xüsusən də ABŞ və Çin kimi dünyanın iki ən böyük iqtisadiyyatı arasında yaşanacaq gərginliklər bütövlükdə dünyada iqtisadi duruma ciddi şəkildə təsir edəcək. Belə hallar 1929-cu ildə başlanan və 10 il davam edən, Böyük Depressiya kimi qəbul edilən qlobal iqtisadi böhranın yaşanmasına səbəb olub.
Beləliklə, qeyd edilənlər dünya iqtisadiyyatında hazırda mürəkkəb bir vəziyyətin formalaşdığını göstərir. Amma bu şəraitdə iqtisadi artım dinamikası ilə uğur nümunəsi yaradan ölkələr də var və Azərbaycan onların sırasında yer alır. Ölkəmizin əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Məsələn, BMT Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 3 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Bildirilir ki, Azərbaycanda iqtisadi artım 2024-cü ildə daxili tələbatın güclənməsi və qeyri-neft sektorunun inkişafı sayəsində sürətlənib. O da qeyd edilir ki, Azərbaycan təbii qazına artan qlobal tələbat 2025-ci ildə ümumi daxili məhsulun artımını dəstəkləməyə davam edəcək. BMT-nin qiymətləndirmələrində vurğulanır ki, 2024-cü ilin yekunlarına əsasən Azərbaycanın ümumi daxili məhsulu 4,6 faiz artıb. Cari ildə iqtisadi artım səviyyəsi qlobal iqtisadiyyatın orta göstəricisindən yüksək olacaq və 3 faizi keçəcək. Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci il üçün ümumi daxili məhsulun artımını 3,5 faiz səviyyəsində proqnozlaşdırır.
Azərbaycanın daha bir üstünlüyü xarici borc səviyyəsinin ümumi daxili məhsula nisbətinin aşağı həddə olmasıdır. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində məsələnin bu tərəfinə toxunarkən qeyd edib: “ Hesab edirəm ki, biz burada da dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir… Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir. Burada da bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir… Yəni, bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur”.
İqtisadiyyatda əldə edilən bu uğurlar, inkişaf dinamikasının qorunması Azərbaycanın imkanlarını artırmaqla yanaşı, əhalinin maddi rifah halının daha da yüksəlməsinə münbit zəmin yaradır. Bu ilin əvvəlindən minimum əməkhaqqı və minimum pensiyanın, büdcədən maliyyələşən bir çox qurumlarında əməkhaqlarının artımı da qeyd edilənlərin göstəricisidir. Maliyyə və digər iqtisadi imkanlar işğaldan azad edilən ərazilərdə abadlıq-quruculuq işlərinin daha geniş vüsət almasına, ölkədə çoxsaylı investisiya, xüsusən də müasir infrastruktur layihələrinin həyata keçirilməsinə, digər istiqamətlər üzrə qazanılan nailiyyətlərin miqyasının genişlənməsinə gətirib çıxarır.
MTM Analitik Qrup