Rəsmi Bakının praqmatik enerji diplomatiyası ötən il Azərbaycanın Avropa ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Respublikamızın əlverişli geosiyasi vəziyyəti, Avrasiya nəqliyyat – kommunikasiya qovşağında yerləşməsi, qlobal layihələri əzmlə reallaşdırması qeyd edilən münasibətlərə təkan verən mühüm amillər sırasındadır.
Ötən il respublikamızın bir sıra Avropa ölkələri ilə münasibətlərinin müsbət məcrada inkişafı, bu regionda yerləşən bir sıra dövlətlərin rəhbərlərinin Azərbaycana, dövlət başçısı İlham Əliyevin Almaniya, Böyük Britaniya və İtaliyaya səfərləri enerji əməkdaşlığının dərinləşməsinə yeni imkanlar açıb.
Avropa İttifaqına yeni sədrlik etməyə başlamış Polşanın quruma üzv ölkələrin Azərbaycanla enerji və digər sahələrdə əməkdaşlığı genişləndirməsi zəruriliyini bəyan etməsi, eləcə də yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononunun Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü də bu baxımdan xüsusi maraq doğurur. Prezident İlham Əliyev qonaqla görüşü zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğulayıb, ölkəmizin təşkilatla enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrdə uğurlu əlaqələrindən söz açıb. Maqdalena Qrononu öz növbəsində Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu, ölkəmizin bu qitənin təhlükəsizliyinə mühüm töhfə verdiyini, ikitərəfli dialoqun vacibliyini xüsusi vurğulayıb.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində xüsusi qeyd edib ki, hazırda Azərbaycanın qaz ixrac etdiyi 12-i ölkədən 10-u məhz Avropada yerləşir, onlardan 8-i Avropa İttifaqının üzvüdür: “Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir. Beləliklə, gələcək planlarımız coğrafiyanı genişləndirməkdir. Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparırıq”.
Ümumiyyətlə, son 20 ildə reallaşdırdığı neft və qaz layihələri respublikamızın beynəlxalq əməkdaşlığının dərinləşməsinə, Azərbaycanın dünya neft-qaz bazarında sanballı yerini tutmasına zəmin yaradıb. 2022-il iyulun 18-də imzalamış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” Azərbaycanla Avropa İttifaqı ölkələri arasında enerji əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Milli mənafelərə əsaslanan, Cənub Qaz Dəhlizi layihəsinin mühüm seqmentləri olan TAP, TANAP kimi boru kəmərləri ölkəmizi kifayət qədər mürəkkəb geosiyasi dönəmdə Avropa qitəsinin mühüm təchizatçılarından birinə çevirib. Ümumilikdə, TAP-ın istifadəyə verildiyi 2020-ci ilin dekabr ayından 31 dekabr 2024-cü il tarixinədək 73,5 mlrd. kubmetr Azərbaycan qazı nəql edilib. Ötən il isə ölkəmizdən Avropaya nəql edilən təbii qazın həcmi 13 milyard kubmetrə çatıb.
Azərbaycanın hazırda istismar etdiyi və yaxın perspektivdə istismara hazır olacaq “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq-Asiman”, “Dayazsulu”, “Abşeron”, “Qarabağ”, “Babək” və s. yataqlar üzrə proqnozlaşdırılan mavi yanacaq ehtiyatları 2,6-3 trilyon kubmetr təşkil edir. Bu, Azərbaycana 100 ildən artıq müddətdə karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olaraq qalmasına təminat yaradır. 2025-ci ildə “Dərin Qaz” layihəsindən ilk qazın hasilatı nəzərdə tutulur və bu da ölkəmizin qaz ixracı strategiyasına gözəçarpan töhfə olacaq.
Respublikamızın Avropa üçün artan əhəmiyyəti, eyni zamanda Ukraynada qanlı müharibənin davam etməsi, Rusiya-Qərb münasibətlərindəki gərginliyin dərinləşməsi ilə şərtlənir. Bunun nəticəsidir ki, ötən ilin sonuna yaxın Avropa birjalarında təbii qazın qiyməti 30 faizədək artıb, Rusiyadan Avropa ölkələrinə qaz ixracının həcmi 10 dəfəyədək azalıb. Ukraynanın öz ərazisindən Rusiya qazının tranzitinə imkan verməməsi də bu prosesə mənfi təsir göstərir. Rusiya qazından asılılığı minimallaşdırmaq siyasəti yürüdən Avropa İttifaqı Azərbaycanı əsas təchizatçılar sırasında görür. Beynəlxalq miqyasda öhdəliklərinə sadiq, qiymət sabotajlarına yol verməyən və etibarlı ixracatçı kimi tanınan Azərbaycanla əməkdaşlığı genişləndirmək Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı hazırda ölkəmizdən idxal olunan təbii qazın həcminin artırılmasına, bu məqsədlə mövcud boru kəmərlərinin ötürücülük qabiliyyətinin yüksəldilməsinə çalışır.
Əgər 2022-ci ilədək ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliyayaya qaz ixrac edirdisə, son iki ildə bu siyahıya Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya və Xorvatiya da əlavə olunub. Dövlət başçısı İlham Əliyevin xüsusi qeyd etdiyi kimi, təchizat coğrafiyası baxımından ölkəmiz Avropada aparıcı ölkələrdən biridir. Bu isə ölkəmiz üçün təkcə iqtisadi deyil, siyasi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Enerji resurslarının ixracı ölkəmizin bu coğrafiyada nüfuz və mövqelərini gücləndirir.
Avropada Azərbaycana strateji tərəfdaş kimi yanaşan ölkələrin sayı ilbəil artır və bu təkcə enerji təhlükəsizliyi amili ilə məhdudlaşmır. Rəsmi Bakının beynəlxalq hüquq normalarına əsaslanan xarici siyasət yürüdərək sabitləşdirici rol oynaması, regionun aparıcı dövlətləri ilə münasibətlərini normal məcrada inkişaf etdirməsi, hərbi-siyasi bloklara qoşulmamaq xətti yürütməsi, ərazisindən platsdarm kimi istifadəyə yol verməməsi və digər mühüm amillər ölkəmizin bu geosiyasi arealda siyasi çəkisini daha da artırır.
MTM Analitik Qrup