FHN HAVA ŞƏRAİTİ İLƏ BAĞLI ƏHALİYƏ MÜRACİƏT EDİB

Hava şəraitinin dəyişəcəyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilir ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, sentyabrın 16-sı axşamdan başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, müəyyən yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:

“Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Həmçinin, bəzi dağ çaylarından qısamüddətli sel keçməsi ehtimalı ilə əlaqədar sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”