Rezidenturaya qəbul üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 16 sentyabr saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaq.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaq.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.