650 minə yaxın Haiti sakininin, o cümlədən yetkinlik yaşına çatmamış 260 min nəfərin təcili humanitar yardıma ehtiyacı var.
UNICEF-in Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional direktoru Jan Qof bunu Haitinin cənub-qərbində Rixter cədvəli üzrə 7,2 bal gücündə zəlzələdən bir ay sonra bəyan edib.
Onun sözlərinə görə, zəlzələdən xilas edilmiş uşaq və yeniyetmələrin həyatı indi xəstəliklər üzündən təhlükə altındadır. Bu uşaq və yeniyetmələrin təmiz suya və əsas tibbi xidmətlərə ehtiyacı var, çünki zəlzələdən sonra Haitinin cənub-qərbindəki 80-dən çox xəstəxana qismən və ya tamamilə dağılıb.
BMT-nin məlumatına görə, avqustun 14-də baş vermiş zəlzələ 2.200-dən çox insanın ölümünə səbəb olub. Azı 12.200 nəfər yaralanıb, 130 minə yaxın ev dağılıb.
UNICEF zəlzələdən sonra Haitinin humanitar ehtiyaclarının ödənilməsi üçün 73,3 milyon ABŞ dolları (təqribən 62 milyon avro) məbləğində yardım istəyib. Bu halda qarşıdakı altı ay ərzində səhiyyə, təhsil, su təchizatı, sanitariya, uşaqların qidalanması və qorunması, o cümlədən gender zorakılığı problemlərinin həlli üçün təcili dəstək tələb olunmasına diqqəti cəlb edib.
Hələlik xahiş edilmiş məbləğin 11 faizindən az hissəsi alınıb.
Haiti dünyanın ən yoxsul ölkələrindən biridir. Seysmik aktiv zonada yerləşən bu ölkənin əhalisinin 60 faizinin həyat şəraiti yoxsulluq həddindən aşağı səviyyədədir. Bundan əvvəl, 2010-cu ildə baş vermiş zəlzələ 200 mindən çox insanın həyatına son qoyub, ölkə iqtisadiyyatına ciddi ziyan vurub.