QAZAXISTAN FHN ƏMƏKDAŞLARI AKTAUDA AZƏRBAYCAN TƏYYARƏSİNİN QƏZAYA UĞRADIĞI ƏRAZİYƏ GƏLİB

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Aktauda qəzaya uğradığı əraziyə gəliblər.

Bu barədə Nazirliyin məlumatında deyilir.

“Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası təyyarənin qəzaya uğradığı yerə, Aktauya gəlib. Uçuş zamanı təyyarənin yandığı məlum olub. Xilasedicilər yanğını söndürməyə başlayıb. Hazırda ölənlər barədə məlumat dəqiqləşdirilir; ilkin olaraq sağ qalanların olduğu bildirilir”, – deyə məlumatda bildirilir.

Qəza ilə əlaqədar Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində operativ qərargah yaradılıb.

Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

AZAL-dan verilən məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.