Prezident İlham Əliyevin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, iqlim dəyişikliyi ilə mübarizə sahəsində apardığı siyasətə, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma işlərinə töhfə vermək məqsədilə bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Azərbaycanın COP komandasının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ETSN, COP komandası və könüllülərin iştirakı ilə Bakının Xocəsən qəsəbəsində keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Artıq bir neçə ildir ölkədə keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları yaşıllıq sahələrinin artırılmasını təşviq etməyə, ətraf mühitin mühafizəsinə, ekoloji təhlükəsizliyin təmin olunmasına və iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə istiqamətlənib.
Azərbaycanın ekoloji sahədə, iqlim dəyişikliyi ilə mübarizədə regionun lider dövləti kimi təqdim edilməsi təbii ki, dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin, əhalinin sağlamlığının qorunması və bununla yanaşı, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində ardıcıl və uzaqgörən fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir.