“TRT İSTANBUL” RADİOSUNDA MƏHƏMMƏD FÜZULİYƏ HƏSR OLUNAN PROQRAM YAYIMLANIB

Türkiyənin “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin proqramı bu həftə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib.

Bununla bağlı proqramın müəllifi və aparıcısı, həmyerlimiz, İstanbul Universitetinin doktorantı Səidə Ömər danışıb. O deyib ki, proqram Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən reallaşıb.

“Azərbaycan rüzgarı”nın bu buraxılışında Füzuli poeziyası, onun türk mədəniyyəti, dili və ədəbiyyatına təsiri və əsərləri barədə danışdıq, dahi şairlə bağlı dinləyicilərə geniş məlumat verməyə çalışdıq. Proqramda şairin qəzəlləri, eləcə də təkcə Azərbaycanın deyil, dünya ədəbiyyatının nadir incilərindən olan “Leyli və Məcnun” əsəri Azərbaycanın Xalq artistlərinin ifalarında səsləndirildi. Ümumiyyətlə, verilişimizin əsas hədəflərindən biri də Türkiyə dinləyicilərinə Türk dünyasının ortaq dəyərləri olan Azərbaycan ədiblərini daha yaxından tanıtmaqdır. Məhəmməd Füzuli isə bizim əbədiyaşar dahi insanlarımızdandır və onun irsini davam etdirmək bir çoxunun ən böyük arzusudur”, – deyə Səidə Ömər bildirib.