PAYTAXT MƏKTƏBLƏRİNDƏ 380 MİNDƏN ÇOX ŞAGİRD ÜÇÜN MONİTORİNQ KEÇİRİLİB

2024-cü ildə paytaxt məktəblərində təhsil alan 387 min 700 şagird üçün müxtəlif fənlər üzrə monitorinqlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 78 min 513 nəfər VIII və IX sinif şagirdi üçün buraxılış fənləri, 97 min 299 IV və VI sinif şagirdi üçün tədris dili və riyaziyyat fənləri, 169 min 123 nəfər IV, V, VI, VII və VIII sinif şagirdi üçün ana dili, 42 min 765 nəfər III sinif şagirdi üçün isə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə monitorinq təşkil olunub.

Monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsi, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının təhlil edilməsi, adları qeyd edilən fənlərin tədrisi vəziyyətinin ölçülməsi, şagird nailiyyətlərinin yaxşılaşdırılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.