RUANDA NÜMAYƏNDƏ HEYƏTİ “BAKI KOB EVİ”NİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

Ölkəmizdə səfərdə olan Ruanda İnkişaf Şurasının baş icraçı direktorunun müavini Culiana Muqanzanın rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub. Nümayəndə heyətinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti, o cümlədən onun strukturuna daxil olan KOB evləri barədə ətraflı məlumat verilib.

Agentlikdən bildirilib ki, KOB evləri vahid məkanda sahibkarların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayır. Burada dövlət qurumları ilə yanaşı, özəl sektor tərəfindən də biznesə xidmətlər təqdim edilir. Ölkənin üç şəhərini əhatə edən KOB evlərinin sayının artırılması istiqamətində tədbirlər davam etdirilir.

Məlumata əsasən, 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə kimi qiymətləndirilib. KOBİA KOB evi modeli ilə bağlı təcrübəsini Ruanda ilə bölüşməyə hazırdır.

“Bakı KOB evi”nin fəaliyyəti Ruanda nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb.