AZƏRBAYCAN MÜSTƏQİL XARİCİ SİYASƏTİ İLƏ DÜNYADA ETİBARLI TƏRƏFDAŞ KİMİ QƏBUL OLUNUR

Hücum diplomatiyasına üstünlük verən Azərbaycan yekunlaşmaq üzrə olan 2024-ci ildə təkcə Cənubi Qafqazda deyil, ümumən Avropa geosiyasi arealında maraqlarını təmin etməyə, konkret mərhələ üçün müəyyənləşdirdiyi strateji hədəfləri reallaşdırmağa nail olub. İlbəil genişlənən iqtisadi və hərbi potensialı, beynəlxalq əlaqələri rəsmi Bakıya hansısa güc mərkəzindən asılı olmadan qarşıya qoyduğu hədəflərə doğru addımlamaq imkanı yaradıb.

Ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, müxtəlif beynəlxalq qurumlarla münasibətlərinin inkişafı, diaspor və lobbi quruculuğu, Ermənistan üzərində hərbi-siyasi üstünlüyünün gücləndirilməsi, danışıqlar prosesinin yeni geosiyasi reallığa, milli maraqlara uyğun aparılması kimi vacib məsələlər xarici siyasətdə prioritet təşkil edib. Öhdəliklərinə sadiq tərəfdaş olması rəsmi Bakının müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterinə də müsbət təsirini göstərib.

Azərbaycan il ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizə qarşı əsassız  kampaniyaları zərərsizləşdirib, eləcə də Ermənistanın müharibə cinayətlərinin ifşası istiqamətində fəal iş aparıb. Ermənistan və onun havadarlarının qarayaxma kampaniyasının qarşısının alınması, yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə izah olunması istiqamətində ardıcıl və sistemli siyasət yürüdülüb. Rəsmi İrəvanla ölkəmizin irəli sürdüyü sülh gündəliyi və beş prinsip əsasında danışıqların davam etdirilməsi, birgə delimitasiya komissiyasının iclaslarının keçirilməsi, Qazaxın işğal altında olan 4 kəndinin ölkəmizə təhvil verilməsi, yekun sülh sazişi üzrə 17 müddəadan 15-nin razılaşdırılması regonda sülh və barışın əldə olunacağına müəyyən ümidlər yaradıb.

Regional və beynəlxalq münasibətlərin mühüm aktoruna çevrilən Azərbaycanın yürütdüyü xarici siyasətin qlobal planda sülh və təhlükəsizliyə xidmət etməsi, sabitləşdirici rol oynaması beynəlxalq səviyyədə açıq etiraf olunur. Qoşulmama Hərəkatınını fəal üzvü kimi hərbi bloklara qoşulmamaq, qonşu dövlətlərlə münasibətləri sivil məcrada, qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək, geosiyasi təsirlər altında üçüncü dövlət əleyhinə platsdarm rolunu oynamamaq xətti yürüdən, münaqişələrin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsipləri əsasında həllinə çalışan Azərbaycan bunun nəticəsində etibarlı tərəfdaşa çevrilib. Ərazisinə, iqtisadi və hərbi qüdrətinə rəğmən, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq munasibətləri qurmuş ölkə rəhbərliyi Şərqlə Qərbin iqtisadi tərəfdaşlığını, mədəni dialoqunu möhkəmləndirən səmərəli təşəbbüslərlə çıxış edir, multikulturalizm və tolerantlıq ideyalarını dəstəkləyir, qlobal sülhə və təhlükəsizliyə töhfələrini verir.

Rəsmi Bakı Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzlərinin geosiyasi rəqabət meydanına çevrilməsinin yolverilməz sayır, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, bir sözlə, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış edir. Xaricdə havadar axtarışlarında olan Ermənistanın Avropa İttifaqının müşahidə missiyası adı altında xarici hərbi bazanı ərazisində yerləşdirməsi iki ölkə arasında aparılan sülh danışıqlarına və etimad quruculuğu prosesinə ciddi şəkildə mane olur.

Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və “RİA Novosti” agentliyinə müsahibəsində bununla bağlı ölkəmizin prinsipial yanaşmasını diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, Azərbaycanla razılaşdırılmadan missiya üzvlərinin sayının 200 nəfərdən çox artırılması, sonrakı mərhələdə onun NATO-nun missiyasına çevrilməsi, bu təşkilat tərəfindən sərhəd ərazidə infrastrukturun formalaşdırılması yolverilməzdir və sülh prosesinə mane olur.

Noyabr ayında Bakıda keçirilmiş COP29 təkcə iqlim problemlərinin deyil, həm də dünya üçün aktual olan digər problemlərin müzakirəsi baxımından uğurlu platforma kimi tarixiləşib. Tədbir ərəfəsində “COP atəşkəsi” təşəbbüsü ilə çıxış edən Azərbaycan bu gün də müharibə və münaqişə şəraitində olan dövlətləri dialoqa, atəşkəsə çağırır, həmçinin özünün vasitəçilik səylərini təklif edir. Şiddətli xarakter alan müharibəyə rəğmən, Ukrayna ərazisindən təbii qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən ölkəmizə daxil olan müraciətlər bunu bir daha sübut edir. Bu ölkəmizin regiondakı nüfuzunun qlobal miqyasda yüksək dəyərləndirildiyinin göstəricisidir.

Azərbaycanın hansısa məqamda Rusiya və Ukrayna arasında vasitəçiliyi də istisna edilmir. Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və “RİA Novosti” agentliyinə müsahibəsində xarici siyasətinin xüsusiyyətlərinə görə Azərbaycanın istər Qərbdə, istərsə də Şərqdə tamamilə müstəqil aktor kimi qəbul edildiyini xüsusi vurğulayıb: “Həm də ona görə ki, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.

Məhz bu baxımdan dövlət başçısı İlham Əliyev mövcud gərginliklərin azaldılmasında hansısa mərhələdə Azərbaycanın iştirakına ehtiyac yaranacağını  istisna etməyib. Belə ki, indiyədək Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin, eləcə də ABŞ və Rusiyanın hərbi rəhbərliyi arasında  görüşlər təşkil edilib: “Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq”.

Beynəlxalq hüququn kobud şəkildə pozulması, münaqişələrin həllində güc amilinin önə çıxması fonunda rəsmi Bakının qlobal konfrontasiyalarda tərəf kimi çıxış etməməkdə nə qədər haqlı olduğu bir daha təsdiqlənir. Bunun nəticəsidir ki, şiddətli müharibənin baş verdiyi bir zamanda həm Avropa İttifaqı ölkələri, həm Rusiya, həm də Ukrayna ölkəmizə inam və etimad nümayiş etdirir.

MTM Analitik Qrup