Ötən ilin sentyabr ayında Qarabağda keçirilən lokal antiterror tədbirləri ilə mövcudluğuna son qoyulmuş separatçı rejimin həbs edilmiş rəhbərlərinin cinayət işi üzrə ittiham aktının dekabrın 16-da Bakı Hərbi Məhkəməsinə göndərilməsi fonunda Ermənistanda müəyyən dairələr ölkəmizə qarşı qarayaxma və iftira kampaniyasını genişləndiriblər.
Radikal-revanşist qüvvələrlə yanaşı, Ermənistanın ombudsmanının da bu kampaniyada iştirakı, hərbi cinayətlərlə təqsirli bilinən 15 nəfər erməni əsilli şəxsin “hərbi əsir”, “siyasi məhbus” kimi qələmə verilməsi cəhdləri prosesin rəsmi İrəvan tərəfindən idarə olunduğunu göstərir. Bu və digər destruktiv davranışlar rəsmi İrəvanın guya “mövcud reallıqla barışmadığını” daxili auditoriyaya göstərmək, tarixin arxivinə göndərilmiş qondarma rejimin təmsilçilərini himayə etməklə daxili narazılıqları səngitmək istəyindən xəbər verir.
Azərbaycanın sülh gündəliyini qəbul edərək danışıqlar masası arxasına oturmağa məhkum olmuş Ermənistanın hərbi-siyasi rəhbərliyi üzləşdiyi uğursuzluqları “pərdələmək” naminə sülh və etimad quruculuğuna qarşı yönələn, habelə separatizmin təşviqinə yönələn destruktiv addımlardan əl çəkmir. Separatçıların yaxın günlərdə ədalət məhkəməsi qarşısına çıxarılacağı barədə xəbərlərin Ermənistanda ajiotaja səbəb olması ölkəmizin suverenliyinə qarşı qəsd olmaqla yanaşı, normallaşma prosesinə kölgə salan məsuliyyətsiz, təxribat motivli addımdır. Danışıqlar prosesində mühüm nəticələrin əldə olunduğu, delimitasiya ilə bağlı yaradılmış komissiyaların müntəzəm görüşlərinin keçirildiyi, birbaşa diplomatik təmasların baş tutduğu hazırkı şəraitdə Ermənistanın separatçıların rəhbərlərinin müdafiəsinə qalxması etimad quruculuğu prosesinə xələl gətirir.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun separatçıların cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumatında yer alan təkzibedilməz faktlar onların həbsinin “siyasiləşdirilməsi” cəhdlərinin əsassızlığını bir daha təsdiq edir. Baş Prokurorluq istintaq işi ilə əlaqədar müxtəlif epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, bu ölkənin aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.
İttiham aktında yer alan şahid ifadələri, digər dəlil və sübutlar həmin şəxslərin təkcə işğal dövründə deyil, İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə ərazilərimizdə ağır müharibə cinayətlərində iştirakda təqsirləndirilməsinə ciddi əsaslar yaradıb. Şübhə yoxdur ki, məhkəmə prosesinin gedişi Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-qanuni, insanlığa qarşı yönəlmiş əmr və göstərişlərini də üzə çıxaracaq. Bu prosesdə İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər və digər ərazilərimizdə mülki infrastruktur obyektlərinin, yaşayış məskənlərinin ballastik raketlərlə hədəf seçilməsində Nikol Paşinyan hakimiyyətinin bilavasitə məsuliyyəti də müəyyən ediləcək.
Məhz bu səbəbdən də rəsmi İrəvan separatçıların həbs olunmuş rəhbərlərini “hərbi əsir” kimi qələmə verməyə, özü üçün müdafiə rıçaqları qazanmağa çalışır. Halbuki, hərbi cinayətlər törətmiş şəxslərin barəsində cinayət işinin açılması, onların ölkə qanunvericiliyinə və beynəlxalq konvensiyalara uyğun olaraq məhkəmə qarşısına çıxarılmaları Azərbaycanın daxili işi, eyni zamanda, suveren hüququdur. Rəsmi Bakı Ermənistanın, eləcə də hansısa üçüncü ölkənin və ya beynəlxalq təşkilatın bu mövzudakı bəyanatlarının ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdi olduğunu dəfələrlə bəyan edib.
Ermənistan bu kimi davranışları ilə həm də separatçıların müharibə cinayətlərinə bəraət qazandırmaq yolu tutub. Bunun daha bir göstəricisi separatçıların İrəvanda yerləşən “nümayəndəli”yinin hələ də bağlanmaması, onların fəaliyyətinin qeyri-fakto dəstəklənməsidir. Rəsmi Bakı separatçı rejmin müxtəlif yollarla məsuliyyətdən yayınaraq İrəvana sığınmış bəzi rəhbərlərinin destruktiv fəaliyyətinə, onların ölkəmiz əleyhinə apardıqları kampaniyaya son qoyulmasını tələb etsə də, Ermənistan rəhbərliyi onları qeyri-rəsmi şəkildə müdafiə edir. Bu da təəccüblü deyil, ötən 30 ildə Ermənistan azərbaycanlılara qarşı ağır müharibə cinayətlərinə yol vermiş vətəndaşlarını nəinki mühakimə edib, əksinə, onları “qəhrəmanlaşdırmağa” çalışıb. ASALA terrorçusu Monte Melkonyanın və hərbi canilərin “qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan hakimiyyətinin əsl simasını nümayiş etdirir.
Müşahidələr göstərir ki, Ermənistanın bunda məqsədi həm də reallıqdan tamamilə uzaq “etnik təmizləmə” iddialarını davam etdirmək, bu məqsədlə separatçı rejimin nümayəndələrindən siyasi alət kimi istifadə etməkdir. Rəsmi Bakının son illərdə deportasiya olunmuş soydaşlarımızın geriyə qayıdışı məsələsini müxtəlif platformalarda qaldırması qarşı tərəfi ciddi narahat edir. Qarşı tərəf bu prosesə mane olmaq üçün ənənəvi qarayaxma kampaniyasını işə salaraq, real vəziyyəti təhrif etməyə çalışır.
Hazırda Ermənistandakı radikal qüvvələr, eyni zamanda, müxalifətin Qarabağ klanı separatçıların bu destruktiv fəaliyyətinə açıq dəstək verirlər. Lakin Azərbaycanın dövlət suverenliyini güc yolu ilə tam bərpa etməsi fonunda xunta rejiminin tör-töküntülərinin hansısa adla fəallaşmaq, təşkilatmaq cəhdləri, eləcə də Bakıda məhkəməsi keçiriləcək erməni əsilli şəxslərin müdafiəsi mövcud geosiyasi reallıqları dəyişmir. Xunta rejiminin iflası ilə rəsmi İrəvanın Azərbaycana qarşı əsassız siyasi və hüquqi iddialarla çıxış etmək cəhdlərinin qarşısı birdəfəlik alınıb. Hazırda aparılan danışıqlar prosesinə rəğmən, bu cür qeyri-konstruktiv davranışların davam etdilməsi isə rəsmi İrəvanın daha çox daxili auditoriyaya hesabladığı spekulyativ gedişləridir.
Nəhayət, müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılmaları həm də tarixi ədalətin bərpası, Ermənistanda uzun illər hökm sürmüş cəzasızlıq düşüncəsinin puç olmasıdır.
MTM Analitik Qrup