ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın açıqlamasında Türkiyənin Suriyanın açarı olacağını deməsi bu ölkənin siyasi gələcəyi ilə bağlı bir çox məqamlara aydınlıq gətirir. İlk növbədə bu, o deməkdir ki, Suriya münaqişəsi həlledici mərhələyə yaxınlaşır və bu mərhələnin əsas güc sahibi Türkiyə olacaq. Rəsmi Vaşinqton bu reallığı dərindən dərk edir və Donald Tramp Türkiyənin bölgədəki gücünü və strateji rolunu bir daha vurğulamaqla Suriya və Yaxın Şərq məsələsində rəsmi Ankara ilə əlaqəli şəkildə işləyəcəyini bəyan edir.
Trampın açıqlamasında Türkiyəni böyük güc, Prezident Rəcəb Tayyib Ərdoğanı isə çox ağıllı adlandırması, onunla çox yaxşı anlaşdığını, böyük hərbi gücünün olduğunu və çox güclü ordu qurduğunu deməsi də ABŞ-Türkiyə əlaqələrinin gələcəyi baxımından önəmlidir. Bu, onu göstərir ki, ABŞ-ın Yaxın Şərq siyasətində müəyyən dəyişikliklərə gedəcək və bu prosesdə Türkiyənin əhəmiyyəti artacaq.
Nəzərə almalıyıq ki, ABŞ Suriyada İŞİD-lə mübarizə apararkən PYD və YPG ilə fəal əməkdaşlıq qurmuşdu. Bu isə haqlı olaraq Türkiyənin etirazlarına səbəb olmuşdu. Çünki YPG-nin PKK ilə əlaqələri Türkiyə üçün ciddi təhdid yaradırdı. Lakin görünən odur ki, Tramp yeni prezidentliyi dövründə bu kimi hallara son qoymaq niyyətindədir. Görünür, ABŞ-ın Suriyada İŞİD-ə qarşı mübarizəsi sona çatıb, bu isə özlüyündə strateji prioritetlərin dəyişməsinə gətirib çıxarıb. Bu vəziyyət Türkiyənin Suriyanın şimalında öz maraqlarını daha çox qorumağa çalışacağı, həmçinin PKK-nın Suriyadakı mövcudluğuna qarşı mübarizəsinin güclənəcəyini göstərir.
Türkiyənin güclü ordu qurma məqsədi ilə ərazilərində apardığı əməliyyatlar və sərt sərhəd siyasəti ABŞ-ı bu məsələ ilə daha yaxından maraqlanmağa sövq edir. ABŞ-ın bölgədəki iştirakını azaltması niyyəti Türkiyəni daha çox öz sərhədlərindəki təhlükələri aradan qaldırmağa yönəldəcək. Bu kontekstdə, ABŞ və Türkiyə arasında hərbi əməliyyatlar, kəşfiyyat paylaşımı və strateji əməkdaşlıqla bağlı fəaliyyətin aktivləşəcəyi ehtimalı yüksəkdir. Heç şübhəsiz ki, bir müddət ABŞ-ın dəstəyi ilə Suriyada mövqe tutan PKK-nın YPG və PYD kimi qolları Türkiyə tərəfindən ağır zərbələrə düçar olacaq. Belə olan halda onların yerdəyişməsi, Suriyadakı mövqelərin boşaldılması diqqət mərkəzində saxlanılacaq. Bu baxımdan Trampın yeni açıqlaması PKK-nın Suriyadakı təsirinin azaldılması üçün Türkiyə ilə daha yaxın əməkdaşlıq ehtimalını gündəmə gətirir.
İndiyə qədər Türkiyə Suriyanın şimalında PKK-nın fəaliyyətinə qarşı ardıcıl əməliyyatlar keçirib və çox güman ki, gələcəkdə bu əməliyyatlar daha da genişlənəcək. Belə olan halda ABŞ regionda PKK-nın məhv edilməsi və sülhün bərpası məqsədilə Türkiyənin hərbi əməliyyatlarını dəstəkləyəcək. Trampın “Suriyanın açarı Türkiyənin əlindədir” ifadəsi əslində bu strateji dəyişikliklərin baş verəcəyinin xəbərçisidir. Ona görə də PKK-nın Suriyadakı fəaliyyətini həll etmək həm Türkiyə, həm də ABŞ üçün önəmli bir məqsəd olacaq. ABŞ-ın burada əsas məqsədi PKK-nın Suriyadakı təsirini sarsıtmaqla yanaşı, İŞİD kimi digər terror təşkilatlarının artan gücünü də minimuma endirməkdir. Bu məqsədlə ABŞ və Türkiyə həm siyasi, həm də hərbi müstəvidə əməkdaşlığı gücləndirəcək. Bu əməkdaşlıq Suriyanın gələcəyinə dair daha müsbət perspektiv təqdim edə bilər. Çünki həm Türkiyənin, həm də ABŞ-ın maraqları eyni müstəvidə sıxlaşacaq. Suriyanın sabitliyi və təhlükəsizliyi üçün atılacaq addımlar yalnız iki ölkənin deyil, həm də bütün bölgənin gələcəyini müəyyən edəcək.
MTM Analitik Qrup