İnsan hüquqları üzrə ixtisaslaşmış müxtəlif beynəlxalq təşkilatların hesabatlarında son illərdə Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə təmin edildiyi, müxtəlif dini qurum və konfessiyalar arasındakı münasibətlərin qənaətbəxş olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu razılıqla vurğulanır. Dinlərarası sivil münasibətlər ölkəmizin beynəlxalq miqyasda nüfuz və mövqelərini gücləndirir, onu sivilizasiyaların dialoq mərkəzinə çevirir.
Prezident İlham Əliyevin son 20 ildə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, digər etiqad və inanc yerlərinin bərpası ilə bağlı sərəncamlar imzalaması, bu prosesi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. II İoann Pavelin şərəfinə tikiləcək yeni katolik kilsənin yerləşəcəyi ərazinin təsdiq edilməsi mərasimində iştirak məqsədilə Bakıda səfərdə olan Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager dekabrın 16-da Prezident İlham Əliyevlə görüşü zamanı ölkədə tolerant mühitin mövcudluğunu, müxtəlif dini icma və konfessiyaların fəaliyyətinə yüksək şəraitin yaradıldığını, bunun Azərbaycan dövləti və xalqının fərqləndirici xüsusiyyətlərindən biri olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı İlham Əliyev öz növbəsində yeni kilsənin inşasına başlanmasından məmnunluğunu ifadə edərək bildirib ki, müxtəlif millətlərin, dinlərin nümayəndələrinin sülh, dostluq və mehriban şəraitdə yaşamaları Azərbaycana əlavə güc verir, sabitliyin və cəmiyyətdə ahəngdarlığın təmin olunmasına xidmət edir.
Xatırlatmaq lazımdır ki, 1999-cu ildə katolik icması dövlət qeydiyatına alınıb, həmin dövrədək dini ayinləri evlərdə icra edən icma üzvlərinə lazımi şərait yaradılıb. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədi ilə xüsusi bina ayrılaraq kilsəyə çevrilib. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Nobel prospektində Roma katolik kilsəsi inşa olunub. Kilsənin o zamankı başçısı II İohann Pavel 2002-ci ilin may ayında ölkəmizdə səfərdə olub, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşərək ölkədəki mövcud tolerantlığı yüksək qiymətləndirib.
Əhalisinin 96 faizini müsəlmanların təşkil etməsinə baxmayaraq, Azərbaycan bu gün 20-dək dini icmaya hər il dövlət büdcəsindən maddi yardımlar ayıran ölkələrdən biridir. Hər il təkrarlanan bu yardımlar Azərbaycan dövləti və xalqı haqqında yüksək fikir formalaşdırır, ölkədə sivil birgəyaşayış normalarına həssas münasibətin mövcudluğa dəlalət edir. Xatırladaq ki, dövlət başçısının 19 yanvar 2024-cü il tarixli “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” sərəncamı əsasında Qafqaz Müsəlmanları İdarəsi ilə yanaşı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının, Avropa yəhudilərinin Bakı dini icmasının, Katolik Kilsəsinin Apostol Prefekturasının, Alban-Udi xristian dini icmasının və digər qeyri-islam dini icmalarının da olması ölkəmizdə yüksək tolerant və multikultural mühitin mövcudluğunu bir daha təsdiqləyib.
Maliyyə yardımlarının məqsədi həm də dini icmaları müəyyən destruktiv qüvvələrin siyasi-ideoloji təsirindən qorumaqdır. Bunun nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq, bu gün Azərbaycanda qeyri-ənənəvi, ziyanlı dini təbliğatın aparılması hallarına demək olar ki, təsadüf edilmir. Əgər müstəqilliyin ilk illlərində dini qurumların xaricdən maliyyələşdirilməsi, missionerlik fəaliyyəti xalqın və dövlətin maraqlarına qarşı müəyyən təhdidlər yaradırdısa, dövlətin prinsipial müdaxiləsi son illərdə bu cür neqativ meyilləri aradan qaldırıb. Bu konteksdə ölkəmizdə dini vəziyyətin sabit olduğunu, dövlət-din münasibətlərinini sivil məcradan tənzimləndiyini də xüsusi qeyd etmək olar.
Azərbaycan bu gün həm də mühüm müzakirələrin aparıldığı müxtəlif dini tədbirlərə evsahibliyi edən ölkə kimi tanınır. Xüsusi vurğulamaq lazımdır ki, ötən 15 ildə Azərbaycan Dünya Dini Liderlərinin sammitlərini, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanlarının Məşvərət Şurasının iclaslarını yüksək səviyyədə təşkil edib. Ötən ay COP29 ərəfəsində keçirilən Dünya Dini Liderlərinin sammiti zamanı isə dünya dini liderləri iqlim dəyişmələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
Ölkəmizdə keçirilən çoxsaylı tədbirlər zamanı Azərbaycan multikulturalizminin inkişafında Heydər Əliyev Fondunun xidmətləri də xüsusi vurğulanıb. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Fond katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə ciddi töhfələr verib, eyni zamanda, Romada, Parisdə bir sıra dünya əhəmiyyətli dini abidələrin bərpasına töhfələrini verib.
Ərazi bütövlüyü və suverenliyimizin tam bərpasından sonra ölkəmizin dini tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinin diqqətinə çatdırılması təbliğati-siyasi baxımdan xüsusilə aktuallıq kəsb edir. Bu, ilk növbədə, Ermənistanın ölkəmizə qarşı apardığı əsassız iftira kampaniyasının ifşası baxımından əhəmiyyətlidir. Rəsmi İrəvan işğaldan azad edilmiş ərazilərdə xristian dini abidələrinin taleyi ilə bağlı narahatlığın olması barədə saxta təbliğat aparmağa çalışır. Halbuki multikultural və dini dəyərlərə sadiq olan Azərbaycan dövləti həmin abidələri ciddi şəkildə qoruyur və təhlükəsizliyinə təminat verir. İşğal edilmiş ərazilərdə xristian dini abidələrinin, o cümlədən Şuşa şəhərində Qazançı kilsəsinin bərpası və yenidənqurulması ölkəmizdə dini icma və konfessiyalara yüksək diqqət və qayğının əyani təzahürüdür. Eyni zamanda, monoetnik ölkəyə çevrilmiş Ermənistandan fərqli olaraq, respublikamızda müxtəlif xalqların öz mədəniyyətlərini, dillərini, dinlərini inkişaf etdirmək, təbliğ etmək üçün hər cür imkanlar mövcuddur.
Azərbaycan bu gün İslamofobiyanın yaratdığı problemlərə qarşı davamlı mübarizə aparır, etnik-dini müxtəlifliyi və inklüzivliyi təşviq edir. Dini və mədəni xətlər arasında anlaşma, həmrəylik, dini inanclarından asılı olmayaraq, bütün insanların birgəyaşayışı rəsmi Bakının təşviq etdiyi prinsiplər sırasında yer alır. Bu uğurlu yanaşma və əldə oluna nəticələr isə bütün dünya üçün ən yaxşı nümunələrdən biridir.
MTM Analitik Qrup