Almaniya Bundestaqı öz tarixində nadir rast gəlinən hadisəyə şahidlik etdi. Almaniya kansleri Olaf Şolts vəzifəsində qalması üçün etimad sınağından keçdi. Nəticələr isə çoxdan gözlənilən həqiqəqti ortaya qoydu: 733 deputatdan yalnız 207-si onu dəstəklədi, 394-ü isə əleyhinə səs verdi. Bu vəziyyət, Almaniya siyasətində ciddi bir dönüş nöqtəsi olaraq qiymətləndirilir. Üstəlik, Bundestaqın sədri, iclasın nəticələri barədə ölkə prezidenti Frank-Valter Ştaynmayerə məlumat verəcəyini açıqlayıb.
Olaf Şolts 2021-ci ildə Sosial-Demokrat Partiyasının lideri olaraq hakimiyyətə gəlmişdi. O, koalisiya hökumətini qurarkən liberal FDP və yaşıl partiya ilə müttəfiq olmuşdu. Şoltsun kansler olduğu dövrdə Almaniya bir sıra çətin dövrlərdən keçdi. Ukrayna müharibəsi, enerji böhranı və daxili iqtisadi çətinliklər Almaniyanın siyasi gündəmindəki əsas məsələlərə çevrildi. Elə bütün bunlar Şoltsun rəhbərlik etdiyi hökumətin ciddi tənqidlərə məruz qalmasını şərtləndirdi. Xüsusən Ukraynadakı müharibəyə Almaniyanın göstərdiyi dəstək, iqtisadi idarəetmədəki geriləmələr və miqrasiya siyasətindəki çətinliklər onun rəhbərliyinə qarşı narazılıqları artırdı. İndi isə növbədənkənar iclasın çağırılması yalnız Şoltsun şəxsi rəhbərliyi ilə bağlı deyil, həm də Almaniyanın gələcək siyasi kursu ilə bağlı ciddi qərarların qəbul ediləcəyini göstərir. Parlamentin belə bir testə girməsi təbii ki, siyasi təlatümlərin artacağını, seçicilərin, xüsusən də koalisiya tərəfdarlarının ona nə qədər etimad göstərəcəyini əsas müzakirə mövzusuna çevirib.
Qeyd edək ki, Şoltsun etimad sınağının nəticələri Almaniyada mövcud olan siyasi dinamikaları əks etdirir. 733 deputatdan yalnız 207-nin Şoltsun lehinə səs verməsi onun rəhbərliyinə geniş dəstəyin olmadığını göstərir. Əldə edilən təxminən 28 faizlik dəstək isə parlamentdə Şoltsun siyasi irəliləyişini təsdiqləməkdən çox, onun zəifliyini ortaya qoyur. 116 deputatın bitərəf qalması da həm koalisiya tərəfdarlarının, həm də müxalifətin Şoltsun mövqeyinə ehtiyatlı yanaşdığını göstərir. Bu cür yanaşma ölkədəki siyasi qeyri-müəyyənliyi göstərməklə yanaşı, həm də gələcəkdə mümkün dəyişiklikləri də gündəmə gətirir. Ən mühüm məqam isə 394 deputatın Şoltsun əleyhinə səs verməsidir. Bu, onun rəhbərliyinə qarşı ciddi etirazların olduğunu, həm daxili siyasətdə, həm də xarici siyasətdə Şoltsun çoxsaylı tənqidlərə məruz qaldığını təsdiqləyir.
Almaniyada növbədənkənar parlament seçkilərinin keçirilməsi gələn ilin fevralına təyin olunub. Bu hadisə Şoltsun rəhbərlik etdiyi koalisiyanın siyasi vəziyyətini və populyarlığını ciddi şəkildə təhlil etməyə vadar edir. Etimad sınağının nəticələri Almaniya siyasətinin müasir tendensiyalarını və xalqın rəhbərliyə münasibətini əks etdirir. Şoltsun qarşısında duran ən böyük çətinlik, koalisiya tərəfdaşları ilə olan münasibətləri yaxşılaşdırmaq, həmçinin öz partiyasının və cəmiyyətin üzləşdiyi iqtisadi və sosial problemləri həll etməkdir. Hazırda Almaniyanın enerji böhranı, inflyasiya, sosial ədalət və miqrasiya məsələləri cəmiyyətin ən çox narazı olduğu sahələrdir. Eyni zamanda, müxalif partiyalar, xüsusən Xristian-Demokrat İttifaqı və Aşağı Saksoniya Hökuməti Şoltsun rəhbərlik etdiyi koalisiyanı tez-tez zəif və qeyri-sabit hesab edir. Bu siyasi mənzərə növbədənkənar parlament seçkilərinin nəticələri barədə proqnozları da qeyri-müəyyən edir.
Olaf Şolts üçün Bundestaqdakı etimad sınağı onun siyasi kariyerasında bir dönüş nöqtəsidir. Çünki etimadın əldə edilməməsi həm Şoltsun şəxsi, həm də SPD-nin gələcək siyasi kursunu şübhə altına alır. Bu baxımdan növbədənkənar parlament seçkilərində seçicilərin və deputatların mövqeləri gələcəkdə hansı partiyaların və koalisiyaların hakimiyyətə gələcəyini müəyyən edəcək. Digər tərəfdən bu hadisə yalnız Almaniyanın daxili siyasətində deyil, Avropada və dünyada da əhəmiyyətli siyasi dəyişikliklərin yaranmasına səbəb olacaqdır.
MTM Analitik Qrup