Yekunlaşmaq üzrə olan 2024-cü ildə Azərbaycanın yürütdüyü qətiyyətli və çevik diplomatiya Avropanın bir sıra qərəzli dairələrinin, xüsusən də açıq-aşkar Ermənistanın himayədarı kimi çıxış edən Fransanın ölkəmizə qarşı yürütdüyü əsassız iftira kampaniyalarını neytrallaşdırıb.
İrəvana siyasi dəstək məqsədilə ölkəmiz əleyhinə müxtəlif absurd ittihamlar səsləndirən rəsmi Parisin COP29-un “boykot edilməsi” ilə bağlı apardığı kampaniyada da iflasa uğrayıb. Rəsmi Bakı hücum diplomatiyası həyata keçirərək Fransanın əsassız iddialarla çıxış etdiyini, etnik separatçılığı dəstəklədiyini və bütün bunların beynəlxalq hüquqa aşkar hörmətsizlik olduğunu konkret faktlar əsasında dünya dövlətlərinin diqqətinə çatdırıb.
Respublikamız qlobal miqyasda təzahürlərinə XXI əsrdə də geniş rast gəlinən müstəmləkəçilik və kolonializm siyasətinə qarşı barışmaz mövqeyini ifadə edir, onunla mübarizə tədbirlərinə siyasi dəstək verir. Azərbaycan 30 il müddətində işğalla barışmayan, ərazi bütövlüyünü təmin edən dövlət olaraq hansısa ölkənin və yaxud xalqın müstəmləkə altında yaşamasını yolverilməz sayır. Əsrlər boyu Fransanın dövlət siyasətinə çevirdiyi, hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasətinin ifşası, zərərçəkən dövlətlərin koalisiya və müqavimətinin formalaşdırılması rəsmi Bakının diplomatik-siyasi fəaliyyətində xüsusi yer tutur.
İşğalçılıq siyasəti yürüdən, Afrika xalqlarının mədəni-tarixi irsini dağıdan, istismar edən Fransanın Azərbaycanı “etnik təmizləmədə” ittiham etməsi tamamilə absurddur. Cılız iftiralara yol verən Ermənistan və Fransa bununla bağlı heç bir ciddi dəlil və sübut göstərə bilməyiblər.
Prezident İlham Əliyev 2024-cü il ərzində keçirilən bir sıra tədbirlərdə, eləcə də COP29 zamanı rəsmi Parisin kobud insan hüquqları pozuntularından söz açıb: “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”.
Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkə siyasətindən əziyyət çəkən xalqların haqq səsinin dünyaya çatdırılması, Fransa kolonializminin dünyada ifşası baxımından mühüm platforma rolunu oynamaqdadır. BTQ-nin 14 dekabr dekolonizasiya gününə həsr edilmiş 2024-cü il hesabatının təqdimatıda açıqlanan faktlar göstərir ki, özünü “demokratiyanın beşiyi” hesab edən Fransa müstəmləkəçilik siyasətini davam etdirmək üçün bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ağır cinayətlərə əl atır.
Xatırladq ki, BTQ cəmi 1 il 4 aydır ki, fəaliyyət göstərməsinə rəğmən, Fransanın müstəmləkəçilik siyasətinin ifşası istiqamətində bir sıra mühüm nəticələrə nail olub. Hələ 2023-cü il ərzində keçirilmiş “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması”, “Dekolonizasiya: Sakit İnqilab”, “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf”, “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzularında tədbirlərdə Fransanın müstəmləkəçilik və kolonializm siyasətinə qarşı barışmaz mövqe ifadə edilib.
Təşəbbüs Qrupu fəaliyyət göstərdiyi müddətdə 7-dən çox hesabat hazırlayaraq təqdim edib. 2024-cü ildə ildə keçirilmiş 17 tədbirin xeyli qismi xarici ölkələrdə, eləcə də BMT qərargahlarında baş tutub. Qurumun 2024-cü il hesabatında müstəmləkəçilər tərəfindən meşələrin qırılması, təbiətə dəyən ziyan və iqtisadi inkişafın ləngidilməsi məsələləri əks olunub. Hesabatın məqsədi mövzuya dair məlumatlılığı artırmaq, müzakirələrə start vermək, beynəlxalq ictimaiyyəti bu problemlərin həlli istiqamətində birgə fəaliyyətə təşviq etməkdir.
Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş bir sıra tədbirlər Fransa dövlətinin müstəmləkəçilik siyasətinin fəsadlarına dair geniş fikir mübadiləsi aparmağa, birgə mübarizə strategiyası müəyyənləşdirməyə imkan verib. Məqsəd həm də Fransa dövlətinin kolonializm siyasətinin sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğunu konkret faktlar əsasında dünya ictimaiyyətinə göstərmək olub.
Dekabrın 14-də Parisdə – Eyfel qülləsinin ətrafında BTQ-nin təşkilatçılığı və fransız müstəmləkələrinin müstəqillik hərəkatlarının üzvlərinin iştirakı ilə keçirilən etiraz aksiyasının əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Komor adalarını, Qvadalupeni, Fransa Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı, Sen Marteni, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərəkatları nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada ”Kolonializmə son, azadlıq”, “Azadlıq üçün mübarizə edək”, “Azad gələcək üçün birlikdə”, “”Dekolonizasiya indi başlayır” kimi müxtəlif şüarlar səsləndirilib.
Müasir dövrdə inkişaf etmiş ölkələrin müstəmləkəçilik siyasəti qlobal ekoloji problemlərin əsas səbəblərindən sayılır. Bu mənada, COP29 kimi mötəbər tədbirə ev sahibliyi etmiş Azərbaycanın Fransanın kolonializm siyasəti ilə mübarizənin önündə yer alması həm də qlobal miqyasda iqlim dəyişikliklərinə qarşı aparılan mübarizəyə sanballı töhfədir.
MTM Analitik Qrup