İşğalçılıq siyasəti səbəbindən dalan dövlətə çevrilmiş Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin konstruktiv əməkdaşlıq təkliflərini dəyərləndirmək əvəzinə, qeyri-real, perspektivi olmayan “layihələr” ətrafında manipulyasiyalar edib. Dekabrın 12-də İran, Hindistan və Ermənistanın müvafiq dövlət qurumlarının nümayəndələrinin Dehlidə keçirilən görüşü və Şimal-Cənub Nəqliyyat Dəhlizi ətrafında aparılan müzakirələr rəsmi İrəvanın özünütəcrid vəziyyətindən çıxmaq üçün real imkanlara malik olmadığını, ümidini Hindistan və İran kimi dövlətlərə bağlamasını mənasızlığını bir daha təsdiqləyib.
Ermənistan hazırda özü üçün əlverişli olan bu layihənin maliyyələşdirilməsini İran və Hindistanı üzərinə qoymağa çalışır. Həmin ölkələr isə bunun üçün milyardlarla dollar maliyyə vəsaiti xəecləməkdə heç də maraqlı görünmürlər. Məhz bu səbəbdən də Dehli görüşü də nəticəsiz müzakirələrlə başa çatıb.
Xatırladaq ki, rəsmi İrəvan regional təcriddən çıxmaq məsqədilə ötən il “Sülh kəsişməsi” adlandırdığı perspektivsiz layihənin təqdimatını etsə də, bu ətrafda hansısa tərəfdarlar qazana bilməyib. Ermənistanın baş naziri Nikol Paşinyan layihənin guya “region ölkələri üçün faydalı olacağını”, “Ermənistan ərazisindən keçən yolun Xəzər dənizini Aralıq dənizi, Fars körfəzini Qara dənizlə birləşdirən səmərəli dəmir yolu və avtomobil marşrutuna çevriləcəyini” iddia etsə də, nəyəsə nail ola bilməyib.
Ermənistanın “Sülh kəsişməsi” layihəsini regional sülh gündəliyinin tərkib hissəsi kimi qələmə verməsi isə Azərbaycan və onun strateji müttəfiqi Türkiyə tərəfindən haqlı olaraq siyasi manipulyasiya kimi qiymətləndirilib. Təkcə elə bu səbəbdən ki, Ermənistan bu layihəni Zəngəzur dəhlizinə “alternativ” olaraq olaraq irəli sürməklə, öhdəliklərindən yayınmağa çalışır. Zəngəzur dəhlizi Ermənistanın Syünik vilayətindən keçən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında hələ keçmiş ittifaq dövründən mövcud olmuş dəmiryolu və avtomobil yollarının bərpasını nəzərdə tutur. “Sülhün kəsişməsi” adlı qondarma layihə eyni istiqamətdə dəmiryolu əlaqəsini əhatə etsə də, avtomobil yolu bağlantıları üçün alternativ marşrutlara üstünlük verir.
Ərazisindən keçən hissəsində avtomobil yolunun tikintisini tamamlamaq üzrə olan Azərbaycan İrəvanın digər ərazilərdən avtomobil yolu açmaq təklifini təbii olaraq qeyri-ciddi qarşılayıb. Bundan əlavə, rəsmi Bakı 10 noyabr 2020-ci il tarixli məlum Bəyanatın 9-cu bəndinə əsaslanaraq hesab edir ki, Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz, daha dəqiq, gömrük və sərhəd yoxlanışı olmadan keçidi təmin olunmalıdır. Rəsmi Bakı hesab edir ki, bu cür yoxlanışlar yalnız digər ölkələrin vətəndaşları üçün tətbiq edilə bilər. “Sülh kəsişməsi” layihəsi isə gömrük rüsumları və təhlükəsizlik yoxlanışları olmadan keçidə hansısa təminat vermir. Bu baxımdan rəsmi Bakı hesab edir ki, Ermənistanın özünütəcrid vəziyyətindən yeganə çıxış yolu Zəngəzur dəhlizi ilə bağlı öhdəliyinə əməl etməkdir.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Gürcüstan və Türkiyə region ölkələrinin iştirakı ilə müxtəlif formatlı əməkdaşlıq təşəbbüsləri irəli sürsələr də, əsassız iddialarından əl çəkməyən Ermənistan prosesi əngəlləmək mövqeyi tutur. Halbuki, uzun illər ərzində perspektivə hesablanan bütün “planlarını” işğalçılıq marağı üzərində kökləyən Ermənistan son 30 ildə regionda reallaşdırılan qlobal layihələrdə iştirakdan məhrum olub, strateji əhəmiyyətli müəssisələrini, dəmir yollarını Rusiya və digər ölkələrə satmağa məcbur qalıb. Azərbaycanla münaqişə vəziyyəti yaratması Ermənistanı özünütəcrid vəziyyətə salıb, mühüm iqtisadi dividendlərdən kənarda saxlayıb. Ötən ay Bakıda keçirilən COP29 zamanı imzalanan çoxsaylı sazişlər və aparılan müzakirələr göstərdi ki, Ermənistan dünya üçün xüsusi aktuallıq kəsb edən yaşıl enerji layihələrində də iştirak imkanlarından məhrumdur.
Qarabağ münaqişəsinin tarixə çevrildiyi bir zamanda Ermənistanın regional əməkdaşlıq və inteqrasiya təşəbbüslərinə maneələr yaratması bu ölkənin daha böyük itkilərə məruz qalması ilə nəticələnir. Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının, sərhədlərin açılmasının Ermənistanın iqtisadi inkişafında, regional təcrid vəziyyətindən çıxmasında, tranzit-kommunikasiya imkanlarının genişlənməsində vacid amil olduğunu rəsmi İrəvan da yaxşı başa düşür. Lakin buna baxmayaraq, kənar müdaxilələr, xüsusən də Fransa və İranın neqativ təsirləri altında kommuniyasiya-nəqliyyat əlaqələrinin bərpası ilə bağlı qətiyyətli qərarlar qəbul edə bilmir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsindən asılıdır. Nazir bildirib ki, Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir: “Dəmiryolu tikintisinin böyük hissəsi artıq başa çatıb, digər hissəsi ilə bağlı işlər görülür. Eyni zamanda İranla əldə olunmuş razılığa əsasən, Araz çayı üzərində körpünün tikintisi davam etdirilir. Yəni Azərbaycanın qərb sərhədi ilə Naxçıvan arasında İran üzərindən marşrutun inşası üzrə işlər görülür”.
Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı qalması Ermənistana böyük maliyyə itkiləri bahasına başa gəlir, bu ölkənin inkişafına ciddi maənələr yaradır. Qış aylarında Gürcüstanın dağlıq ərazisindən keçən Yuxarı Lars yolundan müntəzəm istifadə edə bilməyən Ermənistanın Azərbaycanın iştirakı olmadan hansısa alternativ marşrutlar yaratmaq imkanları sıfıra bərabərdir. Bundan əlavə, əmtəə dövriyyəsində xüsusi paya malik Rusiya ilə münasibətlərinin gərginləşməsi Ermənistan iqtisadiyyatı üçün ciddi təhdidlər yaratmaqla yanaşı, onun forpost statusunu daha da möhkəmləndirir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması Ermənistanın gələcək inkişafı, iqtisadi çətinliklərdən xilası deməkdir. Bunun üçün isə Ermənistan öz konstitusiyasında dəyişiklik etməli, Zəngəzur dəhlizinin açılması istiqamətində praktik addımlar atmalı, eləcə də saxta erməni soyqırımı və təzminat iddialarından əl çəkməlidir.
MTM Analitik Qrup