Suriyada 2011-ci ilin mart ayında “ərəb baharı” dalğası ilə başlayan vətəndaş müharibəsi, dini, ideoloji zəmində kəskinləşən qarşıdurma bu ölkənin sonrakı 13 illik taleyinə əsaslı şəkildə təsir göstərdi. Bu müddət ərzində formalaşan vəziyyət Suriyanı inkişafdan on illərlə geri saldı, qeyri-sabit vəziyyətə sürüklədi. Bunlara paralel olaraq, regional və regiondankənar qüvvələr aktiv şəkildə Suriyada proseslərin inkişaf axarına yön verməyə başladılar, ölkənin düçar olduğu xaosu daha da dərinləşdirdilər. Son nəticə bu Yaxın Şərq ölkəsində növbəti hakimiyyət çevirilişinə gətirib çıxardı.
Qarşıdakı dövr ərzində Suriyada, həmçinin Yaxın Şərqdə vəziyyətin daha çox gərgin məcrada inkişafı proqnozlaşdırılır. Əvvəla, Suriyada keçid hökuməti yaratmaq elə də asan proses deyil. Əksəriyyəti silahlı olan dünyəvi, sünni, sələfi, təkfirçi, xristian, druz, ərəb, kürd, türkmən və digər müxalif qrupların öz aralarında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra dil tapması, bu vaxta qədər iqtidarda olan ələvilərlə əməkdaşlıq münasibətləri yarada bilmələri elə də asan deyil. Bundan sonra məsələnin növbəti mürəkkəb mərhələsi öz həllini tamalıdır: Suriyada yaradılacaq keçid hökuməti müxtəlif mövqedə, hətta qarşıdurma vəziyyətində olan xarici qüvvələrlə əməkdaşlıq münasibətləri qura bilməli, balans tapmalıdır. Bütün bunlar o qədər də asan görünmür və indidən müxtəlif qruplaşmalar arasında silahlı qarşıdurmanın qeydə alınması Suriyada qanlı hadisələrin davam etmək ehtimalını daha da artırır.
Hesab edilir ki, yaxın tezlikdə silahlı dəstələrə nəzarət edəcək vahid mərkəzi qüvvənin yoxluğu halında Suriya da Liviyanın, Yəmənin aqibətini yaşaya bilər. Bəlli həqiqətdir ki, Liviya və Yəməndə hakimiyyətlərin devrilməsindən sonra silahlı dəstələrə nəzarət edəcək qüvvənin yoxluğu bu ölkələrin parçalanmasına səbəb oldu. Suriyanın ərazi bütövlüyünü və unitar quruluşunu ancaq vahid mərkəzi hakimiyyət xilas edə bilər. Lakin yuxarıda qeyd edilənlər, həmçinin, müxtəlif qüvvələrin Suriyanın daxili işlərinə fəal müdaxilələri kontekstində belə hakimiyyətin formalaşdırılması mürəkkəb və çətin olacaq.
Beləliklə, BƏƏS partiyasının, Əsəd ailəsinin Suriyada yarım əsrdən çox davam edən hakimiyyətinin sonu həm bu ölkə, həm də Yaxın Şərq üçün yeni dövrün başlanğıcıdır. Amma bu prosesin dünyanın digər bölgələrinə, o cümlədən Cənubi Qafqaza da müəyyən təsirlərinin olacağı şübhə doğurmur. Artıq Ermənistanda belə bir fikir hakimdir ki, Suriyada hakimiyyət dəyişikliyi regionda Ermənistanın mövqeyinin daha da zəifləməsinə gətirib çıxaracaq. Eyni zamanda Ermənistan yeni problemlərlə də qarşılaşacaq. Nəzərə alınmalıdır ki, Suriyada xeyli sayda erməniəsilli şəxs yaşayır, bu sayın sözügedən ölkədə vətəndaş müharibəsinə qədər 100 mindən yuxarı olması barədə də məlumatlar var. Onların bir qismi 2011-ci ildən etibarən dünyanın müxtəlif ölkələrinə, o cümlədən də Ermənistana köç ediblər. İkinci Qarabağ müharibəsinə qədər əsasən Suriyadan, Livandan gələn ermənilərin Azərbaycanın işğal altında saxlanılan ərazilərində yerləşdirilməsi Ermənistanın dövlət siyasətinin əsas tərkib hissələrindən biri idi. Erməni diasporu da bu mqəsədlə müxtəlif layihələr həyata keçirirdi. Nəticə etibarı ilə Ermənistan növbəti müharibə cinayətinə yol verərək, Azərbaycan ərazilərində xeyli sayda Suriya və Livan ermənisinin məskunlaşdırılmasına nail olmuşdu. Ancaq Azərbaycanın işğal altındakı ərazilərini azad etməsi, torpaqları üzərində suverenliyinin tam təminini reallaşdırması Ermənistanın Qarabağda və Şərqi Zəngəzurda qeyri-qanuni məskunlaşdırma siyasətinin də sonunu gətirdi. Ərazilərimizdə məskunlaşmış Suriya erməniləri buradan müxtəli ölkələrə, o cümlədən Ermənistana köç etdilər.
Hazırda onlar da Ermənistanda çoxsaylı problemlər yaşayırlar. Ermənistan hakimiyyəti bu və Qarabağdan gələn digər ermənilərin sosial-iqtisadi problemlərinin həllində ciddi çətinlik yaşayır. Belə şəraitdə Suriyadan Ermənistana növbəti qaçqın axının gəlməsi bu ölkədə sosial, ardınca siyasi müstəvidə xaos yaratmaq iqtidarındadır. Elə bu səbəbədən Ermənistan hakimiyyəti indi hər vəchlə Suriya ermənilərinin bu ölkəyə gəlişinin qarşısını almağa çalışır.
Bəşər Əsəd hakimiyyəti dönəmində Suriya Ermənistanı müxtəlif formalarda dəstəkləyib və qondarma “erməni soyqırımı”nı tanıyıb. İkitərəfli, çoxtərəfli platformalarda Suriya və Ermənistan əksər məsələlər üzrə vahid mövqe sərgiləyiblər. Bunlar fonunda Bəşər Əsədin devrilməsi təbii olaraq Ermənistanda müsbət qarşılanmır. Ermənistanı narahat edən digər məqam Cənubi Qafqazdan sonra Yaxın Şərqdə də türk faktorunun getdikcə daha da güclənməsidir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb, daha güclü mövqe sahibinə çevrilib. İndi bu regionda Azərbaycanın razılığı olmadan proseslərin inkişaf axarına təsir etmək sadəcə, mümkünsüzdür. Bu reallıq artıq dünya miqyasında da qəbul edilir və son dörd ildə Cənubi Qafqazda cərəyan edən hadisələr, Azərbaycanın onlara təsir qüvvəsi də qeyd edilənlərin faktiki təzahürləridir. Buna paralel olaraq, Azərbaycan-Türkiyə tandeminin Mərkəzi Asiyada artan nüfuzu da ölkəmizin təsir dairəsinin daha da genişlənməsinin göstəricisidir.
Yaxın Şərqdə, konkret Suriyada yaşanan geosiyasi rəqabətdə əsas qalibin indi Türkiyə olması isə həm də Azərbaycanın eyni statusda çıxış etməsi deməkdir. Çünki Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu mənada təsadüfi deyil ki, erməni mediasında, ekspert dairələrində Suriyada geosiyasi rəqabətdə Türkiyə ilə yanaşı, Azərbaycanın da qalib olmasına dair fikirlər hakimdir. Belə hesab edilir ki, Yaxın Şərqdə, ümumən Avrasiyada Azərbaycan-Türkiyə tandeminin güclənməsi yaxın tezlikdə Zəngəzur dəhlizinin açılmasını da qaçılmaz edəcək. Ermənistanın və havadarlarının buna müqaviməti isə mümkünsüzdür. Bununla yanaşı, Ermənistanda yenə belə bir fikir də hakimdir ki, Zəngəzur dəhlizi türk dünyası arasında coğrafi əlaqələrin də güclənməsinə əvəzsiz töhfələr verəcək. Ermənistanda onu da bəyan edirlər ki, İranın da Zəngəzur dəhlizinin işə düşməsinin qarşısını alması mümkün deyil və bu, Suriya olayları fonunda bir daha öz təsdiqini tapdı. Digər hamilərinə də Ermənistanın ümidi böyük deyil.
Ancaq təbii ki, nə Azərbaycan, nə də Türkiyə Ermənistana qarşı hər hansı aqressiv davranış sərgiləmək niyyətində deyillər. Ölkələrimiz regionda əməkdaşlıq və barışığın tərəfdarıdır. Eynilə müsəlman Suriyasında da problemlərin dinc müstəvidə həllini tapması Azərbaycan və Türkiyənin xüsusi maraq dairəsində yer alır. Bu məqsədlə ölkələrimiz bütün mümkün köməklikləri də göstərməyə hazırdırlar. Lakin ölkələrimizin belə dəqiq və aydın mövqeyinə baxmayaraq, görünən odur ki, Ermənistan Suriya hadisələrindən sonra hələ xof içində qalmaqda davam edəcək. Halbuki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq Ermənistanın bütün nigarançılığına son qoymasının əsas yoludur.
MTM Analitik Qrup