Azərbaycanın müstəqillik illərində Avropa İttifaqı ilə sıx əməkdaşlığı çərçivəsində reallaşdırılan birgə layihələr ölkəmizin Avratlantik məkana inteqrasiyasının sürətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Təşkilatla münasibətlərin siyasi əhəmiyyəti onunla şərtlənir ki, quruma üzv dövlətlər Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsilçiliyinə, onun beynəlxalq təhlükəsizlik sisteminə, Avropanın müxtəlif struktur və institutlarına inteqrasiyasına hərtərəfli dəstək vermək imkanlarına malikdirlər.
Azərbaycanın əlverişli geosiyasi vəziyyəti, Avropa-Asiya nəqliyyat- kommunikasiya əlaqələrinin mərkəzində yerləşməsi, müstəqil siyasət həyata keçirməsi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatı yolu tutması təşkilatla əməkdaşlığı zəruri edən amillər sırasındadır. Prezident İlham Əliyevin dekabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə ünvanladığı təbrik məktubları ölkəmizin təşkilatla bərabərhüquqlu əməkdaşlığı genişləndirmək niyyətini bir daha təsdiq edir. Dövlət başçısı sonucuya təbrik məktubunda Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha diqqətə çatdırıb: “Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik”.
Avropa İttifaqının bəzi qurumlarının, o cümlədən Avropa Parlamentinin bəzi qərəzli iddiaları və qətnamələrinə adekvat reaksiya verən rəsmi Bakı təşkilatla əlaqələri qoruyub saxlayır və inkişafında maraqlı olduğunu bəyan edir. Prezident İlham Əliyev hələ oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bildirib ki, Avropa İttifaqının nümayiş etdirdiyi qeyri-məhsuldar yanaşma etimadsızlıq yaradır və təşkilatı normallaşma prosesindən təcrid edir. Prezident İlham Əliyev təşkilatı Fransanın yolu ilə getməməyə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində obyekriv mövqe tutmağa çağırıb.
Müşahidələr göstərir ki, Fransa, Niderland, Lüksemburq, Polşa kimi ölkələrin qərəzlli iddialarına və davranışlarına rəğmən, Avropa İttifaqına üzv dövlətlərin böyük bir qismi Azərbaycanla tərəfdaşlığı zəruri sayır, ölkəmizdən idxal etdikləri neft və qaza ehtiyac duyduqlarını etiraf edirlər. Avropa parlamentinin “boykot” çağırışlarına rəğmən, Avropa ölkələrinin böyük əksəriyyətinin COP29-da fəal iştirakı Azərbaycanın bu geosiyasi arealda enerji təhlükəsizliyinə verdiyi töhfənin yüksək dəyərləndirilməsinin və siyasi nüfuzunun göstəricisidir. Xatırladaq ki, Böyük Britaniya, İtaliya, Finlandiya, Serbiya, Şimali Makedoniya, Albaniya, Slovakiya, Bolqarıstan, Xorvatiya, İspaniya, Belçika, Danimarka, Polşa, Yunanıstan, Çexiya, Bosniya və Herseqovina, Monteneqro və Macarıstanın dövlət və hökumət başçıları, habelə Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel COP29-un işində fəal iştirak edərək, ölkəmizin yaşıl enerji layihələrinə dəstəklərini ifadə ediblər.
Respublikamız Avropa İttifaqının müxtəlif layihələrində, o cümlədən “Şərq Tərəfdaşlığı” proqramında fəal iştirak edir. “Şərq Tərəfdaşlığı” təşəbbüsü 2009-cu ilin may ayında Praqada keçilən seminarda Polşa və İsveç tərəfindən irəli sürülüb. Bu təşəbbüs Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Avropa İttifaqı ölkələri ilə mövcud əməkdaşlığının gücləndirilməsini, çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir. Proqramda tərəflər arasında əlaqələr (Assosiasiya Sazişləri, Dərin Azad Ticarət Məkanları, vizaların liberallaşdırılması) aydın təsvir edilib. Sənədə əsasən, Avropa İttifaqı tərəfdaş ölkələrdə aparılan islahat və müasirləşdirmə prosesini dəstəkləmək, tərəfdaşların müstəqilliyinə və onların sabitliyinə töhfə vermək üçün sərmayə qoyuluşlarını üzərinə götürüb.
Ölkəmizlə Avropa İttifaqının 9 üzvü arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamənin mövcudluğunu, habelə Azərbaycanın ticarət dövriyyəsinin təxminən 40 faizinin Avropa İttifaqının payına düşdüyünü də xüsusi vurğulamaq lazımdır. Faktiki olaraq, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini rəsmən təsdiqləyib. Avropa İttifaqının Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırması da əməkdaşlığın dinamik inkişafından xəbər verir.
Qaz ehtiyatlaqı respublikamızın hələ onilliklər ərzində Avropanın neft və qaz təchizatçılarından biri olacağını deməyə əsas verir. Azərbaycan qazına çıxışı olan on ölkədən doqquzu hazırda Avropada yerləşir və həmin ölkələrə qaz təchizatının 2027-ci ilədək iki dəfə artırılması nəzərdə tutulur. Bu, Avropa Komissiyası ilə Azərbaycan arasında 2022-ci ildə imzalanmış bəyannamədə də əksini tapıb. Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu Avropa ölkəsidir. Regiondakı və Avropadakı tərəfdaşları ilə birgə reallaşdırdığı mühüm enerji layihələri Azərbaycanın dünya enerji təchizatında sabitləşdirici rol oynamasına zəmin yaradıb. Ölkəmizdən 2022-ci ildə Avropayaya ixrac edilən təbii qazın həcmi 11,4 milyard kubmetr, 2023-cü ildə 11.8 kubmetr, bu ilin yanvar-oktyabr aylarında isə 10,6 milyadr kubmetr təşkil edib.
Ukraynada 3 ildən çoxdur ki, davam edən qanlı müharibə, Rusiya-Qərb münasibətlərindəki gərginliyin dərinləşməsi fonunda karbohidrogen ehtiyatlarından geosiyasi təzyiq aləti kimi istifadə meyillərinin artması fonunda Azərbaycana etibarlı tərəfdaş kimi yanaşılır. Beynəlxalq miqyasda öhdəliklərinə sadiq, qiymət sabotajlarına yol verməyən və sabit neft-qaz ixracatçısı kimi tanınan Azərbaycanla əməkdaşlığı genişləndirmək Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edir.
MTM Analitik Qrup