MÜSTƏMLƏKƏ ƏSARƏTİNDƏN QURTULMAQ İSTƏYƏN XALQLARIN ƏSAS ÜMİDLƏRİ AZƏRBAYCANADIR

Tarixin ən qəddar müstəmləkəçilərindən biri olan Fransanın bu istiqamətdə yürütdüyü siyasət Afrika, Asiya, Amerika və Sakit okeanda çoxsaylı xalqlara böyük facilər yaşadıb. Düzdür,  Fransanın müstəmləkə imperiyası böyük ölçüdə dağılmış olsa da, hələ tam şəkildə tarixin arxivinə qovuşmayıb. Bu gün Fransanın və bəzi Qərb ölkələrinin kolonial siyasəti üzündən azadlıqlarından məhrum olmuş xalqlar var, onlar hələ də istismar olunurlar. Müasir dövrdə istismar prosesində birmənalı liderlik Fransaya məxsusdur və rəsmi Paris hələ də  bu məsələdə beynəlxalq hüququ görməzlikdən gəlir.

Qeyd edilməlidir ki, Fransanın müstəmləkə imperiyası 19-cu əsrin sonlarında, xüsusilə Afrika və Cənub-Şərqi Asiyada geniş əraziləri əhatə edən koloniyalarla öz zirvəsinə çatdı. Lakin 20-ci əsrdə dünyq bu imperiyanın dağılmasının şahidi oldu. İkinci Dünya Müharibəsindən sonra dekolonizasiya üçün beynəlxalq təzyiqlərlə yanaşı, müstəmləkələşdirilmiş xalqların azadlığı uğrunda başladıqları hərəkatlar Fransanın kolonoal siyasətinə böyük zərbə oldu.  Xüsusən də 1950-1960-cı illərdə Fransa Əlcəzair, Vyetnam və digər bir sıra ərazilərdə müstəqillik uğrunda aparılan mübarizə nəticəsində müstəmləkə imperiyasının əhəmiyyətli hissəsini itirmiş oldu. Dekolonizasiya prosesi bu ərazilərdə Fransanın zorakılıq, istismar siyasətini reallaşdırmasının da qarşısını xeyli dərəcədə aldı.  Amma Fransa keçmiş müstəmləkələrinin bir çoxuna hələ də siyasi, iqtisadi təsirlər göstərməyə çalışır.

Eyni zamanda bəzi ərazilər və xalqlar hələ də birbaşa Fransanın müstəmləkəçiliyi altında əzilməyə, istismara məruz qalmağa davam edir. Bu gün 13 dənizaşırı ərazinin Fransa tərəfindən müstəmləkə kimi idarə olunması qeyd edilənlərin real təzahürləridir, neokolonializm siyasətinin davam etdirilməsinin göstəricisidir. Amma bu ədalətsizliyə qarşı mübarizə də son illərdə geniş vüsət alıb və prosesdə həlledici rol oynayan subyektlərdən biri də Azərbaycandır.

Azərbaycanın Fransa və digər bəzi ölkələrin yürütdüyü neokolonializm siyasətindən əziyyət çəkən xalqların mübarizəsinə mənəvi-siyasi dəstəyi onlarda azadlıqlarına qovuşa bilmək üçün yeni bir ümid yaradıb. Həmçinin, yenə Azərbaycanın sayəsində bu məsələ dünyanın gündəmində daha çox yer almağa başlayıb. Ölkəmiz xüsusilə Qoşulamama Hərəkatı çərçivəsində neokolonializm problemi üzərində beynəlxalq ictimaiyyətin diqqətinin daha çox fokuslanmasına nail olub. Bakı Təşəbbüs Qrupunun yaradılması isə bu istiqamətdə görülən işlərə yeni böyük təkan olub. Xatırlatmaq lazım gəlir ki, Qoşulmama Hərəkatının  2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində yaradılan Bakı Təşəbbüs Qrupu  dünyada müstəmləkəçiliyə məruz qalan xalqların haqq səsinin eşidilməsində bu gün müstəsna rol oynayır. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfrans da bunun daha bir əyani nümunəsidir.

“Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi – bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, parlamentin üzvləri, hüquq müdafiəçiləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər. Karib hövzəsində yerləşən Sen Martin adasının əhalisi təxminən 75 min nəfərdir. Sahəsi 87 kvadratkilometr olan ada 1648-ci ildə Fransa və Hollandiya arasında bölünüb. Adanın Hollandiya hissəsi 34 kvadratkilometr, Fransa hissəsi isə 53 kvadratkilometrdir. Beləliklə, ada iki müstəmləkəçi dövlət tərəfindən idarə olunur. Enerji resursları, sənaye və qida məhsulları, şirin su xaricdən gətirilir. Lakin buna baxmayaraq, o, Karib hövzəsində adambaşına düşən ən yüksək gəlirlərdən birinə malikdir. Buna səbəb 1970-ci illərin əvvəllərindən adada turizmin sürətli inkişafıdır. Ümumi daxili məhsulun 85 faizə qədəri məhz  turizmin hesabına formalaşır və buranı ildə bir milyondan çox turist ziyarət edir.

Hazırda nə Fransa, nə də Niderland bu kiçik ada xalqını müstəmləkə əsarətindən azad etmək istəmir. Halbuki, ada xalqı bu məqsədlə mübarizə aparır. Bakıda keçirlən tədbirdə çızış edən Sen Martin parlamentinin üzvü Franklin Meyers bildirib ki, istər Fransanın, istərsə də Niderlandın müstəmləkəçiliyindən qurtularaq müstəqil olmaq sözügedən adada məskunlaşmış xalqların ən müstəsna hüququdur. O, məhz bu hüququn dünya miqyasında tanınması üçün Bakıda olduqlarını qeyd edib:  “Hesab edirik ki, analoji konfransların təşkili əsas ideyamız olan müstəqilliyə doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır”. İndilikdə adada müstəmləkəçilik Sen Martinin azadlığına qovuşması yolunda ən böyük əngəldir. Fransa və Niderlandın kolonial siyasəti Sen Martin xalqının öz müqəddəratını təyin etmək cəhdlərinə maneə yaradır. Halbuki, Sen Martin xalqı öz gələcəyini müstəqil şəkildə müəyyən etmək arzusundadır. “Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi – bir ada, bir xalq, bir tale” adlı konfrans da bu arzunun reallaşmasına xidmət edir.

Müstəmləkəçilərin onlara davamlı təsirinə qarşı Sen Martin sakinləri artıq daha böyük əzmlə mübarizə aparırlar. Əsas səbəblərdən biri də Azərbaycan vasitəsilə onların haqq səsinin daha ucadan dünyaya çatdırmaq imkanları əldə etməsidir. Fransa və Niderland  bu kontekstdə təkcə müstəmləkə siyasətinə son qoymalı deyil, həm də kolonial əsasda istismar etdikləri xalqlara müvafiq qaydada və həcmdə təzminatlar ödəməlidirlər. Qarşılıqlı hörmətə, iqtisadi bərabərliyə və ortaq məqsədlərə əsaslanan tərəfdaşlıq, neokolonial siyasətə son verilməsi  Fransa və Niderland  özü üçün də mühümdür. Bakıda keçirlən tədbirin əsas məqsədlərindən biri də məhz budur.

MTM Analitik Qrup