Dövlət müstəqilliyini əldə etdikdən sonra avrostrukturlara sıx inteqrasiya kursunu seçmiş Azərbaycan xarici siyasət və hərbi təhlükəsizlik doktrinasında Şimali Atlantika Müqaviləsi Təşkilatı – NATO ilə əməkdaşlığı əsas prioritetlərdən biri elan edib. Respublikamızın təşkilatla genişmiqyaslı 1994-cü ildə “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub. Rəsmi Bakı SNT sənədinin prinsiplərinə əsaslanmaqla, sonrakı dövrdə NATO ilə qarşılıqlı maraq kəsb edən genişspektrli məsələlər üzrə siyasi dialoq aparıb.
Azərbaycanın NATO-nun SNT Çərçivə Sənədinə qoşulmasının 30 illiyi ilə bağlı bu günlərdə paytaxtda keçirilən tədbirlər ölkəmizin təşkilatla əlaqələrinin ötən dövrdə yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqləyir. Bu tədbirlər zamanı ölkəmizin Alyansla tərəfdaşlığının tarixi, hazırkı vəziyyəti və perspektivləri, SNT proqramının nailiyyətləri, habelə Azərbaycanın sülhə dəstək əməliyyatlarına, Avropa regionunda enerji təhlükəsizliyinin təmin olunmasına töhfələri xüsusi qeyd olunur.
Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 12 noyabr tarixli fərmanına əsasən, NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılıb. Azərbaycanın təşkilatla tərəfdaşlığının məqsəd və prinsipləri SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (2004) dolğun əksini tapıb. Həmin sazişləri imzalayan Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılması, silahlı qüvvələrinin NATO standartlarına uyğun inkişaf etdirilməsi, sülhməramlı əməliyyatlarda iştirak, enerji təhlükəsizliyinin təmini, fövqəladə hallara hazırlıq və qlobal təhlükəsizlik çağırışları ilə bağlı əməkdaşlıq niyyətini ifadə edib.
1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildə assosiativ üzv qəbul edilən Azərbaycan qurumun toplantılarında fəal iştirak edərək, təbliğati-siyasi baxımdan mühüm platforma əldə edib, tarixə qovuşmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə reallıqları dünyaya çatdırmaq imkanı qazanıb.
Azərbaycanın hərbi-siyasi təşkilatla əlaqələrinin genişləndirilməsi – qeyri-sabitliyin, münaqişә vә tәhdidlәrin aradan qaldırılması sahəsində ikitərəfli əməkdaşlıq Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında da əksini tapıb. Respublikamız NATO-nun Beynəlxalq Koalisiya Qüvvələrinin tərkibində 1999-cu ildən 2008-ci ilədək Kosovada, 2003-cü ildən 2008-ci illərdə İraqda beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfəsini verib. 2002-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərimiz 2021-ci ilin avqust ayında geri çağırılıb. Azərbaycan Silahlı Qüvvələri sülhməramlı əməliyyatlara dəstək verməklə, NATO qoşunları ilə ortaq əməliyyatların keçirilməsi təcrübəsi əldə edib, təşkilatın standartları ilə yaxından tanış olub, peşəkarlılıq səviyyəsini artırıb.
2003-cü ildən Azərbaycanın xarici siyasət doktrinasını inamla davam etdirən Prezident İlham Əliyev 2004-cü ildə imzalanmış Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı çərçivəsində təşkilatla əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Dövlət başçısı İlham Əliyevin indiyədək NATO mənzil-qərargahına 7 dəfə, NATO Baş katiblərinin isə Azərbaycana 4 dəfə səfər etmələri ikitərəfli əlaqələrin dinamik inkişafını təmin edib. Prezident İlham Əliyevin 2021-ci ilin dekabrında NATO-ya səfəri və təşkilatın ali orqanı olan Şimali Atlantika Şurasında çıxışı təşkilatın rəhbərliyi tərəfindən razılıqla qarşılanıb.
İkitərəfli əlaqələrin inkişafına təkan verən digər mühüm addım NATO-nun 2006-cı ildə Riqada, 2008-ci ildə Buxarestdə və 2009-cu ildə Strasburqda keçirilən Zirvə görüşlərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verilməsi olub. NATO rəhbərliyi İkinci Qarabağ müharibəsi zamanı da fəal mövqe nümayiş etdirərək, tərəfləri dialoqa çağırıb, eyni zamanda, postmünaqişə dövrünün yeni geosiyasi reallıqlarını qəbul edib.
Bu gün NATO ilə əməkdaşlıq alyansa üzv ölkələrin qabaqcıl təcrübəsini mənimsəmək, ikitərəfli hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək baxımından da yeni imkanlar açır. Eyni zamanda, müdafiə sənayesi sürətlə inkişaf edən, dünya silah bazarında yeni oyunçuya çevrilməyə iddialı olan Azərbaycan istehsal etdiyi hərbi təyinatlı məhsullarını ixrac etmək imkanları əldə edir. Ölkəmizin NATO-nun tamhüquqlu və aparıcı üzvləri olan Türkiyə, İtaliya ilə hərbi-texniki əməkdaşlığının əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır.
Xatırladaq ki, NATO Baş katibi Yens Stoltenberq bu ilin mart ayında Bakıya səfəri zamanı Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı olmasını, qlobal istiləşməyə qarşı mübarizədə fəal mövqe tutduğunu xüsusi vurğulayıb: “İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dünyanın hər yerində, o cümlədən burada – Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız”.
Bir neçə gün əvvəl Bakıda keçirilən COP29 çərçivəsində təşkilatın Azərbaycanın yaşıl enerji sahəsində potensialını yüksək dəyərləndirməsi isə respublikamızın enerji diplomatiyasının yeni məzmun kəsb etməsi ilə şərtlənir. Üzv ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsinə hərbi-strateji əhəmiyyətli məsələlərdən biri kimi yanaşan NATO Azərbaycanı bu sahədə etibarlı və öhdəliklərinə sadiq tərəfdaş hesab edir.
MTM Analitik Qrup