COP29 TATARISTAN MƏTBUATINDA GENİŞ İŞIQLANDIRILIB

COP29 digər ölkələrin mətbuatında da geniş işıqlandırılıb.

“Respublika Tatarstan” qəzetinin 23 noyabr tarixli sayında Azərbaycanın “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin “COP29: Ekoloji təhlükəsizlik naminə səylərin birləşdirilməsi” adlı məqaləsi dərc olunub.

COP29 haqqında məqalənin “Respublika Tatarstan” qəzetində dərc edilməsi bu konfransın yalnız Azərbaycan üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün, həmçinin Rusiya Federasiyasının subyekti olan qardaş Tatarıstan üçün əhəmiyyətli olduğunu göstərməklə yanaşı, həm də mədəni-siyasi mahiyyətini vurğulayır. COP29 haqqında məqalənin “Respublika Tatarstan” qəzetində dərc olunması Azərbaycanın növbəti qlobal uğurunun beynəlxalq səviyyədə təşviqinə daha bir nümunədir.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın konfransın sədri kimi göstərdiyi səylərin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi vurğulanır. Xüsusi diqqət Qarabağın bərpa olunan ərazilərində “ağıllı” texnologiyaların və dayanıqlı yanaşmaların istifadəsinə yönəldilib ki, bu da digər ölkələr üçün bir nümunə kimi göstərilib.

Ölkəmizin beynəlxalq ekoloji gündəlikdə fəal iştirak etmək, bütün maraqlı tərəflərlə tərəfdaşlığı möhkəmləndirmək istəyi geniş şərh olunur. Müəllif ilk dəfə Cənubi Qafqazda keçirilən BMT-nin ən böyük iqlim konfransının təşkilindəki uğurları xüsusilə qeyd edir.

“Respublika” qəzetinin baş redaktoru konfransın dünya liderlərini və nümayəndə heyətlərini bir araya gətirən və iqlim dəyişmələri ilə mübarizə sahəsində əsas həll yollarını təklif edən mühüm hadisəyə çevrildiyini vurğulayır. Bakıda keçirilən COP29 təkcə qlobal ekoloji gündəliyini irəli aparmadı, həm də dünya Azərbaycanın beynəlxalq arenadakı liderliyinin tanınmasının şahidi oldu. İqlim dəyişmələri ilə mübarizədə birləşmiş səylərin vacibliyinə diqqət çəkməklə qeyd olunur ki, təbii ehtiyatlar baxımından unikal potensiala malik olan Rusiya COP29-u fəal şəkildə dəstəkləyib. Məqalədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidentinə konfransın uğurlu keçirilməsi münasibətilə səmimi təbriklərini çatdıran Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin konfransda iştirakı haqqında ətraflı danışılır.

Məqalədə qeyd olunur ki, Tatarıstan ilə Azərbaycan arasında mədəni, iqtisadi və siyasi əlaqələrə əsaslanan uzunmüddətli münasibətlər mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev ilə Tatarıstan Rəisi Rüstəm Minnixanov arasında şəxsi səmimi münasibətlərin əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bu münasibətlər iki qardaş xalqın dostluğunu və əməkdaşlığını möhkəmləndirməkdə mühüm rol oynayır. Liderlərin birgə səfərləri, məsələn Rüstəm Minnixanovun Azərbaycana səfəri və Qarabağın azad edilmiş ərazilərini ziyarəti, eləcə də dövlətimizin başçısı İlham Əliyevin Kazanda keçirilən tədbirlərdə iştirakı bu münasibətlərin fundamental xarakterini əks etdirir. Bu səfərlər təkcə qarşılıqlı etimadı gücləndirmir, həm də ekoloji, elm, mədəniyyət və iqtisadiyyat sahələrində əməkdaşlıq üçün yeni imkanlar açır.

Məqalədə COP29-un beynəlxalq səviyyədə, o cümlədən Tatarıstan ilə Azərbaycan arasında əməkdaşlığı dərinləşdirmək üçün əhəmiyyəti xüsusi qeyd olunur. Bildirilir ki, bu əməkdaşlıq qlobal ekoloji çağırışların həllində mühüm rol oynayır. Bakıda keçirilən COP29 təkcə əhəmiyyətli beynəlxalq tədbir deyil, həmçinin Azərbaycanın ən böyük tədbirləri təşkil etməkdə liderliyinin nümayişi üçün platformaya çevrildi. Məqalədə konfransın kiçik ada dövlətləri də daxil olmaqla, bütün ölkələrin, həmçinin Rusiyanın və onun ən dinamik inkişaf edən regionlarından biri olan Tatarıstanın ekoloji gündəliyinin inkişafına töhfəsi ətraflı şəkildə işıqlandırılır.