Prezident İlham Əliyevin Donald Trampla telefon söhbəti zamanı onu ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik etməsi ikitərəfli münasibətlərdə yeni mərhələ kimi xarakterizə oluna bilər. Çünki tərəflərin haqqında danışdığı məsələlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional təhlükəsizlik baxımından olduqca önəmlidir. Prezident İlham Əliyev Trampın ilk prezidentlik dövründə Azərbaycanla ABŞ arasında əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirildiyini qeyd edib. Bu, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik mövzularında birgə səylərin irəli aparılmasının vacibliyinə işarədir.
Danışıq zamanı hər iki lider münasibətlərin dərinləşdirilməsi üçün birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu əməkdaşlığın əsas istiqaməti təbii ki, enerji təhlükəsizliyi sahəsindəki əlaqələrdir. Neft-qaz sektorunda Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığı, xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində əlaqələr heç vaxt problemlə qarşılaşmayıb. Birləşmiş Ştatlar Azərbaycanın enerji siyasətinə, neft-qaz kəmələrinin şaxələndirilməsi ilə bağlı planlarına güclü dəstək verib. Öz növbəsində Azərbaycan da bu sahədə tərəfdaşlarının təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olub və enerji resurslarını siyasi təzyiq vasitəsinə çevirməyib. Bütün bunlar ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə və ABŞ şirkətlərinin Azərbaycanda daha çox iştirak etməsi üçün zəmin yaradılmasına imkan verib.
Telefon danışığı zamanı Prezident İlham Əliyev Trampın qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynayacağına olan inamını ifadə edib. Bu, Azərbaycanın geosiyasi mövqeyinə və onun Cənubi Qafqazda təhlükəsizlik üçün oynadığı vacib rola diqqət çəkir. Bir daha xatırladır ki, Azərbaycan hər zaman beynəlxalq terrorizmə qarşı mübarizədə və regional sabitlik təşəbbüslərində əsas oyunçu olub. Azərbaycan ABŞ-ın Əfqanıstan missiyasına logistik dəstək verib və qlobal anti-terror koalisiyalarında iştirak edib. Bundan əlavə, rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsinin həllində və Cənubi Qafqazda sabitlik məsələlərində ABŞ-ın vasitəçi kimi iştirakına heç vaxt etiraz etməyib və bu vasitəçiliyin tərəflər arasında normallaşma prosesinin əsas elementi kimi qəbul edib.
Hər iki lider əməkdaşlıq üçün birgə səylərin vacibliyində həmfikirdir. Bu, iqtisadiyyat, təhsil, mədəniyyət və diplomatik sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. Bunlar imkan verir ki, Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşı kimi Cənubi Qafqazda öz mövqelərini daha da gücləndirsin. Ümumiyyətlə telefon danışığı zamanı Azərbaycanın ABŞ üçün etibarlı strateji tərəfdaş rolunu bir daha təsdiq etməsi Prezident Trampın regionda enerji təhlükəsizliyinə və sabitliyə verdiyi səyləri artırmaq məqsədini aktuallaşdırır. Bu, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, onun ABŞ-la münasibətlərini daha da irəli aparmaq üçün geniş imkanlar yaradır. Bir sözlə, Prezident İlham Əliyevin Donald Trampı təbrik etməsi və hər iki liderin əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı iradə nümayiş etdirməsi Azərbaycan-ABŞ münasibətlərinin gələcək perspektivləri üçün mühüm zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əlaqələrdəki strateji əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Bu telefon danışığı yalnız təbrik deyil, həm də iki ölkənin daha sıx əlaqələr qurmaq niyyətini əks etdirən diplomatik bir jest kimi dəyərləndirilməlidir.