AZƏRBAYCANIN QLOBAL SÜLHƏ VƏ EKOLOJİ PROBLEMLƏRİN HƏLLİNƏ VERDİYİ TÖHFƏLƏR DÜNYADA TƏQDİR OLUNUR

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində yerini və rolunu gücləndirən əsas amillərdən biri də onun qlobal planda sülh, sabitlik və təhlükəsizliyə verdiyi töhfələrlə şərtlənir. Bu mənada, Azərbaycan son illərdə təkcə Cəbubi Qafqazda deyil, ümumən dünyada dövlətlər və xalqlar arasında barışa, sivil əməkdaşlığa xidmət edən təşəbbüslərlə çıxış edən, sivilizasiyalararası dialoqu təşviq edən sülhpərvər dövlət kimi tanınır.

Rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərdə beynəlxalq norma və prinsiplərə əsaslanır, ayrı-ayrı dövlətlərlə sivil, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Bütün bunların nəticəsidir ki, rəsmi Bakı 44 günlük Vətən Müharibəsi zamanı və sonrakı dövrdə müxtəlif təsir və təzyiqləri inamla dəf edib, güc mərkəzlərinin münaqişəyə tərəf kimi müdaxiləsinin qarşısını əzmlə alıb. Ölkəmiz qətiyyətli addımlar ataraq, Ermənistanla danışıqların siyasi gündəmini müəyyənləşdirib, müxtəlif güc mərkəzlərinin diqqətini regional əməkdaşlıq məsələlərinə cəlb edib. Cənubi Qafqazın sülh, təhlükəsizlik və inkişaf adasına çevrilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 3+3 formatında əməkdaşlıq formatının təşviqi bunun bariz nümunəsidir.

Beynəlxalq hüququn kobud şəkildə pozulması, münaqişələrin həllində güc amilinin önə çıxması fonunda rəsmi Bakının qlobal konfrontasiyalarda tərəf kimi çıxış etməməkdə nə qədər haqlı olduğu da bir daha təsdiqini tapıb. Bununla yanaşı, ölkəmiz milli təhlükəsizliyini təhdid edən xoşagəlməz geosiyasi meyillərə qətiyyətli və çevik reaksiya verir. Azərbaycanın iqtisadi, maliyyə, demoqrafik və hərbi potensialı rəsmi Bakının beynəlxalq və regional proseslərə ciddi şəkildə nüfuz etmək imkanlarını genişləndirir.

Prezident İlham Əliyevin “Sülh və barışıq axtarışı” mövzusuna həsr olunmuş Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 12-ci Baş Assambleyasının iştirakçılarına noyabrın 22-də ünvanladığı müraciətdə də sülh və dialoqun müasir dünya üçün əhəmiyyətinə xüsusi toxunulub. Müraciətdə qeyd edilir ki, dayanıqlı sülhün əldə edilməsi dünyada baş verən hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr və kəskin qarşıdurmalar fonunda xalqlar və dövlətlər qarşısında duran ən vacib məsələlərdən, strateji prioritetlərdən biridir. Silahlı münaqişələr insan itkisinə, sosial infrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə və ciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətraf mühitə də onilliklər boyu davam edən böyük zərər yetirir: “Dünyanın bir çox ölkəsindən yüksəksəviyyəli dövlət və hökumət rəsmilərinin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin, nüfuzlu ekspertlərin iştirak etdiyi COP29 çərçivəsində aparılan müzakirələrdə ifadə olunan ümumi fikir və yekdil qənaətlərdən biri də ekosistemin mühafizəsinin əsas yollarından biri kimi müharibələrin qarşısının alınması və silahlı qarşıdurmaların ətraf mühitə zərər vuran nəticələrinin tezliklə aradan qaldırılması üçün sülh və barışıq tədbirlərinin gücləndirilməsindən ibarətdir”.

Uğurlu nəticələrlə tarixiləşən COP29 təkcə iqlim dəyişiklikləri ilə mübarizə üsullarının deyil, eyni zamanda, ekoloji tarazlığın pozulmasının cəmiyyət həyatının ən müxtəlif sahələrinə mənfi təsirlərinin müzakirəsini təmin edən unikal platforma kimi yadda qalıb. Rəsmi Bakının tədbir ərəfəsində irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsü mahiyyətcə müasir çağırışlara əsaslanaraq, bəşəriyyəti sülhə, dialoqa, təhlükəsizliyə və əməkdaşlığa səsləyir.

Qlobal iqlim tədbiri çərçivəsində dünyada ekoloji tarazılığın qorunması baxımından sülhün vacib roluna diqqət çəkilməsi təsadüfi deyildi. Milli və dini zəmində qarşıdurmaların, ksenofobiya, islamafobiya kimi neqativ təzahürlərin gücləndiyi hazırki şəraitdə dünya ölkələrinin iqlim problemlərinin həllinə cəlb olunmaları, bu məqsədlə birgə layihələr həyata keçirmələri, yeni öhdəliklər götürmələri, geniş iqtisadi, mədəni və humanitar əlaqələr qurmaları obyektiv zərurətdir. Belə bir şəraitdə qlobal gərginliyin azaldılması, çağdaş dünyanın üzləşdiyi lokal və qlobal xarakterli problemlərlərin həlli, müxtəlif sivilizasiyalar arasında anlaşma mühitinin və konstruktiv əməkdaşlığın təmini son dərəcə vacibdir.

COP29-u “Sülh və atəşkəs” platforması elan edən respublikamız iqlim həmrəyliyinin dünyada birgəyaşayış və sabitlik mühiti formalaşdıran təsirli vasitə olmasına diqqəti çəkə bildi. Qeyd edilən təşəbbüs, eyni zamanda, iqlim dəyişmələri, münaqişələr və zəif davamlılıq səbəbindən çoxsaylı çətinliklərlə üzləşən həssas ölkələr üçün dəstək və maliyyə yardımının artırılmasını asanlaşdıran mexanizmlərin yaradılması məqsədi daşıyırdı. Hazırda beynəlxalq səviyyədə etiraf olunur ki, COP29 iqlim dəyişikliyi zəminində mübahisəli məsələlərin müzakirəsi və həlli, ümumən dünya ölkələri arasında kompromisin tapılması baxımından yeni imkanlar yaradıb.

Azərbaycanın COP29 çərçivəsində inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarının həlli üçün çağırışlar etməsi və mühüm nəticələrə nail olması da xüsusi vurğulanmalıdır. Müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən həmin xalqlar və regionlar üçün həmrəylik nümayiş etdirən Azərbaycan humanist niyyətini bir daha nümayiş etdirdi.

COP həm də dinlər və mədəniyyətlər arasında dialoqun, multikultural ideyaların, eyni zamanda, mədəniyyətin iqlim problemlərinin həllində rolunu önə çəkən müzakirələrlə yadda qaldı. Bundan əlavə, iqlim dəyişikliklərinin mədəniyyətə, dini və tarixi-mədəni irsə təsirlərinin COP29 konfransının əsas mövzularından biri olması da obyektiv reallıqlarla şərtlənirdi.

Bu və digər bəşəri problemlərin COP29-un gündəliyində yer alması və müzakirəsi isə Azərbaycanın uğurlu sədrliyinin növbəti mühüm göstəricisi oldu. Qlobal tədbir öz işini başa vursa da, ölkəmiz iqlim dəyişikliklərinə səbəb olan hər cür ziddiyyət və mübahisələrin aradan qaldırılması istiqamətində müzakirələrin davam etdirilməsini vacib hesab edir.

MTM Analitik Qrup