COP29-DAN SONRA İQLİM BÖHRANINA QARŞI DÜNYA ÖLKƏLƏRİNİN MÜBARİZƏ İMKANLARI YENİDƏN SƏFƏRBƏR EDİLİR

Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bəşəriyyətin iqlim dəyişmələrinə qarşı mübarizəsində dönüş nöqtəsi hesab edilir. Məhz COP29 sayəsində iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanları yenidən, özü də daha güclü bir şəkildə səfərbər edilir. Burada ən mühüm məqamlardan biri də odur ki, iqlim dəyişmələrinin təsirinə məruz qalan, lakin buna qarşı mübarizə aparmaq üçün lazımi imkanlara malik olmayan yoxsul, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılmasına daha çox maliyyə və resurs sərf ediləcək. Bu, COP29-un ədalət prinsipinin gözlənilməsi baxımından da tarixi nailiyyətinin təzahürü oldu.

Qeyd edilməlidir ki, zəngin ölkələr COP29-un yekununda qəbul edilən Bakı Maliyyə Məqsədi adlı qərara müvafiq olaraq, iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq üçün inkişaf etməkdə olan ölkələrə hər il rekord məbləğdə vəsait – 300 milyard ABŞ dolları verəcəklərini öhdəlik kimi götürüblər. Bu qərar 2035-ci ilə qədər qüvvədədir. COP29-a qədər bu məbləğ 100 milyard ABŞ dolları təşkil edirdi və heç də əlverişli  şərtlərlə  verilmirdi. COP29-da tamam yeni nəticələr əldə olundu, ayrılan məbləğ indiyədək baş tutan COP-ların tarixində  əldə olunmuş rekord məbləğdir. Ayrılan vəsait artıq qlobal miqyasda yaşıl enerjiyə keçid prosesini sürətləndirəcək, ətraf mühitin çirkləndirilməsi prosesinin templərini aşağı salacaq. Təsadüfi deyil ki, iqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra Bakıda qəbul edilən qərardan sonra iqlim maliyyəsində yeni eranın başladığını bildirib. O qeyd edib ki, yeni məqsədlər iddialı, lakin, eyni zamanda, realdır.

COP29-da ən mühüm yeniliklərdən biri İtki və Zərər Fondu ilə bağlı oldu. Sözügedən Fond artıq gələn ildən fəaliyyətə başlayacaq və bu,  inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə qarşı mübarizəsində həyati əhəmiyyət kəsb edəcək. Artıq faktdır ki, iqlim dəyişmələrinin nəticələri kiçik ada dövlətləri üçün ölüm-dirim həddinə çatıb. Bu səbəbdən onlara problemin öhdəsindən gəlmək üçün müvafiq köməkliklərin, o cümlədən maliyyə yardımının göstərilməsi müstəsna önəmə malikdir. Xüsusi qeyd edilməlidir ki, kiçik ada dövlətlərinin iqlim böhranı ilə bağlı olaraq üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq fəaliyyətin həyata keçirilməsi Prezident İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilmişdi. Azərbaycanın xüsusi səyləri nəticəsində İtki və Zərər Fondu artıq gələn ildən kiçik ada dövlətlərinə iqlim böhranına qarşı mübarizə üçün vəsaitlərin ödənilməsinə başlayacaq. Söhbət burada yüz milyonlarla dollardan gedir. İtki və Zərər Fonduna donor ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.

COP29 çərçivəsində əldə olunan möhtəşəm uğurlardan biri də Paris İqlim Sazişində yer alan 6-cı maddə üzrə on il davam edən danışıqların yekunlaşması oldu. Xatırlatmaq lazım gəlir  ki, Qlazqo, Şarm əl-Şeyx və Dubayda keçirilən COP-larda karbon bazarları üçün mühüm qaydalar, şərtlər və prosedurlar müəyyən edilsə də, 6-cı maddənin yekun əsas elementləri həll edilməmiş qalırdı. Amma Azərbaycanın səyləri nəticəsində onillik bir problem çözüldü. 6-cı maddə iqlim məqsədlərinə nail olmaq istiqamətində əməkdaşlıq münasibətində olan  ölkələr üçün möhkəm və şəffaf karbon bazarları təmin edir. Məhz bunun nəticəsində karbon bazarlarından maliyyə axınlarının qarşıdakı 25 il ərzində ildə 1 trilyon ABŞ dollarına çatması gözlənilir.  COP29-un baş danışıqçısı Yalçın Rəfiyev məsələ ilə bağlı bildirib: “6-cı maddənin  təsiri bizim gündəlik həyatımızda aydın olacaq. Bu, kömür elektrik stansiyalarının dayandırılması, külək stansiyalarının tikintisi və meşələrin salınması deməkdir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir”.

Bunlarla yanaşı, COP29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü, COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı, İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü, İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası, Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi, Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi, enerji üzrə öhdəliklər və bəyanatlar, həmçinin digər razılıqlar dünya ölkələrinin ambisiyalı iqlim fəaliyyətinin həyata keçirilməsini dəstəkləyəcək. Elə bu səbəbdən COP29-un yekunları dünyada yüksək qiymətləndirilir, Azərbaycanın liderliyi ilə iqlim böhranına qarşı mübarizədə yeni bir mərhələnin başlanmasına əlverişli zəmin yaradır. Sözügedən xüsusda Prezident İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarındakı paylaşımında qeyd edir: “Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək”.

COP29-da əldə olunan nəticələr BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersenin qeyd etdiyi kimi, bəşəriyyətin bundan sonra quracağı gələcəyin təməlini qoyub. Tədbirə uğurla ev sahibliyi edən, təşkilati işləri mükəmməl səviyyədə reallaşdıran Azərbaycan COP29 fonunda dünyaya həm də onu nümayiş etdirdi ki, bu gün qlobal miqyasda tendensiyaları müəyyən edən ölkələr sırasındadır. Fransa və bir sıra digər qüvvələr tərəfindən Azərbaycanı gözdən salmağa yönəlmiş genişmiqyaslı cəhdlərin iflasa uğraması da bu mənada tamamilə təbii xarakterə malik oldu.  Dünya qəbul edir ki, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti indi getdikcə artır, bu, artıq heç kimin etiraz və ya təkzib edə bilməyəcəyi bir həqiqətdir. Azərbaycan indi  qlobal gündəmi formalaşdırmağı bacaran ölkələrdən biridir. COP29-da Azərbaycanın liderliyi ilə qəbul olunan qərarlar isə bəşər sivilizasiyanın üzləşdiyi ən aktual təhdidlərin dəf edilməsi baxımından qarşıdakı onilliklərdə qlobal proseslərin gedişatını müəyyən edəcək.

MTM Analitik Qrup