Yekunlaşmaqda olan COP29 konfransı ölkəmizin yaşıl enerji sektorunda beynəlxalq əməkdaşlığında yeni səhifə açıb. Azərbaycanın konfransa Cənubi Qafqazda iqtisadi cəhətdən sürətlə inkişaf edən, qlobal iqtisadi-siyasi proseslərə nüfuz imkanları ilə seçilən, Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan dövlət kimi ev sahibliyi etməsi ölkəmizin investisiya cəlbedicliyini daha da artırıb.
Prezident İlham Əliyev, habelə ölkə rəsmiləri tədbir çərçivəsində dünyanın aparıcı dövlət və şirkətlərini ölkəmizə sərmayə qoyuluşlarına çağırıblar. Strateji məqsəd həm də Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq səyləri dəstəklədiyini, istixana qazı emissiyalarını azaltmağı öhdəsinə götürdüyünü, yaşıl iqtisadiyyata keçidi sürətləndirmək, bərpaolunan enerji mənbələrinin payını artırmaq və enerji səmərəliliyini təmin etmək üçün ardıcıl addımlar atdığını dünyanın diqqətinə çatdırmaqdır. Ölkəmizin investisiya reytinqinin ildən-ilə yaxşılaşması, strateji valyuta ehtiyatlarının artımı, habelə yaşıl enerji istehsalı sahəsində reallaşdırdığı qlobal layihələr, tranzit imkanları və digər coğrafi üstünlükləri konfransda iştirak edən ölkələr və işgüzar çevrələr üçün kifayət qədər cəlbedici görünür.
Ölkəmizin yaşıl enerji potensialının COP29 çərçivəsində müxtəlif tədbirlər, forumlar, sərgilər və s. vasitəsilə dünyaya nümayişi də diqqət mərkəzindədir. Tədbir çərçivəsində Beynəlxalq Enerji Agentliyi ilə birgə təqdimatı keçirilən Azərbaycanda Enerji Səmərəliliyi Siyasəti üzrə Yol Xəritəsi bu baxımdan xüsusi maraq doğurub. Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində hazırlanan, ölkəmizdə enerji səmərəliliyi siyasəti ilə bağlı mövcud vəziyyəti əks etdirən Strateji Yol Xəritəsinə əsasən, Azərbaycanda çoxmənzilli yaşayış binalarında 50 faizədək enerji səmərəliliyi potensialı mövcuddur. Bu potensialın reallaşdırılması nəticəsində illik 4,2 milyard kubmetrədək qaza qənaət edilə, 10 milyon tonadək karbon emissiyası azaldıla və 125 min yeni iş yeri yaradıla bilər.
Digər mühüm hədəf işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrin icrasına, eləcə də alternativ və bərpaolunan enerji istehsalına sərmayə qoyuluşlarına dünyanın aparıcı şirkətlərini cəlb etməkdir. Qarabağ və Şərqi Zəngəzurun zəngin bərpaolunan enerji mənbələrinə malik olması yerli və xarici sahibkarların həmin ərazilərin zəngin resurslarından səmərəli istifadə etmələrinə, habelə dövlət-özəl sektor tərəfdaşlığına geniş imkanlar açır. Xüsusi azad zonalar üçün səciyyəvi olan stimullaşdırıcı vergi güzəştlərinin tətbiqi, qlobal infrastruktur layihələrinin reallaşdırılması azad edilmiş ərazilərin yaşıl investisiya cəlbedicliyini daha da artırır. Qeyd edilən ərazilərin “yaşıl enerji zonası” konsepti üzrə bərpası, məişətdə və sənayedə ekoloji təmiz enerjidən istifadəyə üstünlüyün verilməsi, bu məqsədlə müasir texnoloji yeniliklərin, innovasiyaların tətbiqi əcnəbi şirkətlər üçün xüsusilə maraqlıdır.
COP29-un indiyə qədər keçirilmiş tədbirləri kifayət qədər işgüzar atmosferdə keçməklə, qlobal iqlim dəyişikliklərinin nəzarətdə saxlanması, dünya dövlətlərinin yaşıl enerji sahəsində əməkdaşlığının genişləndirilməsi, iri şirkətlər arasında əlaqələrin formalaşdırılması, qarşılıqlı sərmayələrin təşviqi baxımından yaxşı imkanlar açıb. Rəsmi Bakı tədbir çərçivəsində yaşıl enerjiyə keçidi nəzərdə tutan investisiya qoyuluşlarının artırılması məqsədilə bir sıra dövlətlər və şirkətlərlə vacib razılaşmalara imza atıb.
COP29, həmçinin, yaşıl enerji əməkdaşlığı üçün səmərəli mexanizmlərin, habelə investiya qoyuluşlarını təşviq edən konkret təklif və ideyaların irəli sürülməsi ilə yadda qalacaq. Azərbaycan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında Xəzərin ölkəmizə aid sektorunda külək enerjisinin istehsalına dair əldə olunmuş razılaşmanı bu baxımdan xüsusi vurğulamaq lazımdır. Saziş Xəzərin ölkəmizə aid hissələrində Külək Elektrik stansiyalarının inşasını və illik 3,5 giqavat külək enerjisinin istehsalını nəzərdə tutur.
Azərbaycanda inşa edilən su, külək və günəş elektrik stansiyaları layihələrinin maliyyələşdirilməsində beynəlxalq maliyyə qurumları və bankların fəal iştirakı da ölkəmizin etibarlı tərəfdaş olmasının, investisiya mühitinə olan etimadın göstəricisidir. COP29 çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı arasında imzalanmış sazişlər ümumi dəyəri 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilən 445 MVt-lıq Biləsuvar, 315 MVt-lıq Neftçala günəş enerjisi stansiyalarının maliyyələşdirilməsini nəzərdə tutur. Energetika Nazirliyinin məlumatına görə, 2027-ci ildə istismara veriləcək həmin stansiyalarda illik təxminən 1,7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır. Bu isə illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.
COP29 çərçivəsində imzalanmış mühüm sənədlərdən biri də Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı sənədin imzalanmasıdır. Ekspertlərin fikrincə, layihənin Qara dəniz enerji kabeli ilə əlaqələndirilməsi yeni yaşıl enerji dəhlizinin yaradılmasına imkan verəcək. “SOCAR Green”lə bir sıra xarici şirkətlər arasında imzalanmış digər mühüm razılaşmalar da ölkəmizin yaşıl enerji layihələrinə investisiya qoyuluşlarını təmin edəcək.
Qlobal tədbir çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı Cənubi Qafqazda “yaşıl infrastruktur”un genişləndirilməsi istiqamətində əhəmiyyətli addım ataraq, Azərbaycanda ilk özəl sektorun iştirakı ilə bərpaolunan enerji layihəsi üçün 160 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair saziş imzalayıb.
Ümumiyyətlə, COP29 çərçivəsində əldə olunan razılaşmalar ölkəmizin aşağı karbonlu iqtisadiyyata sürətli keçidinə yaxşı imkanlar açıb. Xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq yaşıl enerji layihələri perspektivdə ölkə iqtisadiyyatının yeni drayverinə çevriləcək, Azərbaycanın yaşıl enerji ixracı üzrə aparıcı ölkələrdən birinə çevrilməsini təmin edəcək.
MTM Analitik Qrup