Bakıda keçirilən COP29 sammitində müzakirə edilən mövzulardan biri də yaradıcı sənayelərin iqlim dəyişmələrinə təsiridir. Bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin qaldırdığı təşəbbüs ilk növbədə son illərdə iqlim dəyişikliyinin qlobal gündəmin ən vacib məsələlərindən birinə çevrilməsi ilə bağlıdır. Bu kontekstdə yaradıcı sənayelərin rolu da diqqət çəkməyə başlayıb. Çünki moda, kino, musiqi, reklam və digər yaradıcı sahələr təkcə sosial və iqtisadi təsirlər yaratmaqla kifayətlənmir, həm də ətraf mühitə ciddi izlər buraxır.
Nəzərə almalıyıq ki, yaradıcı sənayelər geniş spektri əhatə edir və moda, incəsənət, kino, televiziya, musiqi, video oyunlar və sairə məhz bu sektorun aparıcı ünsürləridir. Diqqətlə nəzər yetirdikdə bu sənayelərin karbon izinə təsiri birbaşa və dolayı yollarla özünü göstərir. Məsələn, hər il təxminən 92 milyon ton tullantı yaradan moda sektoru dünyanın ən böyük çirkləndiricilərindən biridir. Sürətli moda istehsalı təkcə resurs israfına deyil, həm də ətraf mühitin çirklənməsinə səbəb olur. Sırada kino da var. Kino çəkilişləri zamanı böyük miqdarda enerji sərf olunur. Dekorların hazırlanması, səfərlər və nəqliyyat böyük karbon emissiyalarına səbəb olur. Reklam sənayesi isə istehlakçı tələbatını artıraraq resursların həddindən artıq istifadəsini təşviq edir.
Yaradıcı sənayelərdəki sektorların çoxu qeyri-davamlı materiallara əsaslanır. Plastik, sintetik parçalar və kimyəvi boyalar kimi materiallar təbiətə mənfi təsir göstərir. Çox sayda sənət əsəri, geyim və dekorativ məhsul istifadədən sonra tullantıya çevrilir. Bundan əlavə, bir qədər əvvəl də qeyd etdiyimiz kimi, kino çəkilişlərindən tutmuş musiqi festivallarına qədər çoxlu enerji istifadə edilir. Lakin yenidən emal olunan materialların istifadəsi sənayelərdəki tullantıların qarşısını ala bilər. Məsələn, moda sektorunda təkrar emal edilmiş parçalar və ya bitki əsaslı boyalar tətbiq oluna bilər. Kino və televiziya sənayesində enerji səmərəliliyini artırmaq üçün bərpaolunan enerji mənbələrindən istifadə edilməsi mümkündür. Reklam və media vasitəsilə isə iqlim dəyişikliyi mövzusunda cəmiyyəti maarifləndirməyin müxtəlif yolları var. Bu səbəbdəndir ki, bir çox yaradıcı şirkət iqlim dəyişikliyi ilə mübarizədə innovativ addımlar atır. “Netflix” karbon emissiyalarını azaltmaq üçün yaşıl enerji mənbələrinə keçir. Bəzi moda evləri təkrar istifadə olunan materiallardan hazırlanan kolleksiyalar təqdim edir. Rəssamlar iqlim dəyişikliyi mövzusunda əsərlər yaradaraq ictimaiyyəti məlumatlandırır və həll yollarını təşviq edir.
Azərbaycanda yaradıcı sənayelərin iqlim dəyişmələrinə təsiri hələ tam araşdırılmasa da, ölkədə bu sahələrdə davamlılıq təşəbbüsləri mümkündür. Xalçaçılıq, musiqi festivalları və milli moda sahələrində təbii və təkrar istifadə olunan materiallardan daha geniş şəkildə istifadə edilə bilər. Göründüyü kimi, yaradıcı sənayelər iqlim dəyişikliyinə təsir göstərən əsas sahələrdən biri olsa da, bu təsiri azaltmaq üçün innovativ həll yolları mümkündür. Sənayelərin davamlı materiallara, enerji səmərəliliyinə və ictimai şüur yaratmağa yönəlməsi, həm sənaye, həm də planet üçün daha sağlam gələcək təmin edə bilər. Azərbaycanın da bu sahədə potensialını genişləndirərək qlobal trendlərə qoşulması vacibdir.
MTM Analitik Qrup