COP29-un sülh və iqlim dəyişikliklərinin qarşılıqlı təsirlərinin müəyyənləşdirilməsi, ekoloji tarazlığı pozan münaqişələrin həlli istiqamətində səmərəli müzakirələrin aparılması baxımından vacib platforma olduğu beynəlxalq səviyyədə etiraf edilir. Qoşulmama hərəkatına üzv 150-yə yaxın ölkə ilə yanaşı, bir sıra Avropa dövlətləri də ölkəmizin tədbir çərçivəsində irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsünü dəstəkləyirlər.
Olimpiya atəşkəsi çağırışından qaynaqlanan bu nəcib təşəbbüs sülhün iqlim fəaliyyəti və qlobal ekoloji təhlükəsizlik baxımından vacib rolunu, sivilizasiyalararası dialoqun, həmrəyliyin təmin olunmasının əhəmiyyətini bir daha önə çəkir. Rəsmi Bakı iqlim dəyişmələri, münaqişələr və zəif davamlılıq səbəbindən çoxsaylı çətinliklərlə üzləşən həssas ölkələr üçün dəstək və maliyyə yardımının artırılmasını asanlaşdıran mexanizmlərin yaradılmasına nail olmağı hədəfləyib. İqlim və sülhün qarşılıqlı əlaqəsi üzrə dialoqun genişləndirilməsi, birgə tədbirlərin təşviqi üçün beynəlxalq mexanizmlərin yaradılması da qarşıya qoyulan məqsədlər sırasındadır.
Noyabrın 20-də Böyük Britaniya krallığının tərkibinə daxil olan Şotlandiyanın parlamentində qəbul olunan “COP29-un sülh quruculuğu səyləri və COP atəşkəsi təşəbbüsü” adlı qətnamə ölkəmizin nəcib təşəbbüsünə növbəti dəstəyin ifadəsidir. Sənəddə COP29-un dünyada, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh, beynəlxalq əməkdaşlıq, dostluq üçün əlamətdar hadisə olduğu vurğulanır. Dünyada davam edən hərbi əməliyyatların dayandırılmasına çağıran “COP atəşkəsi” təşəbbüsünün təqdir olunduğu qətnamə dünya ölkələrini iqlim böhranı ilə mübarizədə həmrəyliyə və əməkdaşlığa dəvət edir.
Azərbaycanın bu sülhpərvər təşəbbüsünü adekvat dəyərləndirməyən, rəsmi dəvətə baxmayaraq müxtəlif əsassız iddialarla COP29-un işində iştirak etməyən, beynəlxalq iqlim tədbiri əleyhinə kampaniyalara dəstək verən Ermənistanın yekun sülh sazişininin imzalanmasında səmimi olmadığı da bir daha təsdiqlənir. Üstəlik erməni diasporu və ermənipərəst qüvvələrin tədbir müddətindəki informasiya təxribatları vahid mərkəzdən idarə olunur və rəsmi İrəvanın etimad quruculuğu prosesindəki qeyri-səmimiliyini göstərir.
Rəsmi İrəvan COP29 ərəfəsində imitasiya ilə məşğul olaraq, yekun sülh sazişinin 80 faizədək razılaşdırılmış müddəaları ilə bağlı tələm-tələsiyin, yarımçıq sazişin imzalanmasını təklif edib. Rəsmi Bakı haqlı olaraq bu təkliflə razılaşmayaraq, yekun sülh sazişində mübahisəli, açıq qalan məsələlərin olmasının yolverilməzliyini, bunun gələcəkdə ciddi mübahisə və hətta hərbi qarşıdurmalara gətirib çıxara biləcəyini bəyan edib. Qarşı tərəfin özü üçün məqbul hesab etmədiyi vacib məsələləri sənəddən çıxarmağa çalışması isə ciddi suallar doğurur və tam olmayan sülh sazişinin imzalanmasını mümkünsüz edir.
COP29 çərçivəsində bir daha vurğulanıb ki, Azərbaycan dayanıqlı, etibarlı, iki ölkə arasında münaqişə səhifəsini qapadacaq, etimad mühitinə və real əməkdaşlığa imkan yaradacaq sülh sazişinin imzalanmasında maraqlıdır. Bu baxımdan bölgə üçün əhəmiyyətli məsələlərin yekun sazişdə birmənalı əks olunması, regional əməkdaşlığın dəqiq konturlarının müəyyənləşdirilməsi son dərəcə vacibdir.
Təkcə Azərbaycan üçün deyil, ümumən region üçün vacib əhəmiyyət kəsb edən mövzuları kənara qoymağa, özünü sığortalamağa çalışması qarşı tərəfin öhdəliklərinin icrasından yayınmaq istəyindən xəbər verir. Rəsmi İrəvanın Azərbaycanın sazişlə bağlı hələ bu ilin iyun ayında təqdim etdiyi şərhləri 70 gündən sonra – avqust ayının sonunda cavablandırması da deyilənlərə əyani sübutdur.
COP29 çərçivəsində rəsmi Bakı onu da diqqətə çatdırıb ki, iki ölkə arasında intensivləşən sülh danışıqlarına və etimad quruculuğu prosesinə xələl gətirən ən ciddi problem Ermənistanın konstitusiyasında qonşu ölkələrin ərazi bütövlüyünü, suverenliyini təhdid edən müddəaların mövcudluğudur. Türkiyə və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldiyindən, rəsmi Bakı həmin müddəaların aradan qaldırılmasını rəsmi İrəvanın qarşısında əsas tələb kimi müəyyənləşdirib. Bu dəyişikliklərin edilmədiyi müddətdə Ermənistanın ölkəmizin ərazi bötüvlüyü və suverenliyini tanıması ilə bağlı bəyanatları rəsmi Bakı tərəfindən siyasi manipulyasiya kimi dəyərləndiriləcək.
Hazırda Ermənistan baş naziri Nikol Paşinyan müəyyən xarici və daxili təzyiq altında bu tələblə razılaşmır, “konstitusiya dəyişikliyinə ehtiyac olmadığını” iddia edir. Rəsmi İrəvanın COP29-da iştirak müqabilində “hərbi əsirlərin azad edilməsi şərti” də bu ölkənin qlobal iqlim problemlərinə cılız siyasi ambisiyalardan yanaşdığını göstərib. Bununla rəsmi İrəvan separatçıların həbs olunmuş rəhbərlərini “hərbi əsir” kimi qələmə verməyə, onlar üçün müdafiə rıçaqları qazanmağa çalışırdı. Halbuki, Birinci və İkinci Qarabağ müharibəsinin gedişində hərbi cinayətlər törətmiş, separatçı rejimə rəhbərlik etmiş həmin şəxslərin milli qanunvericiliyə və beynəlxalq konvensiyalara uyğun olaraq məsuliyyətə cəlb olunmaları ölkəmizin suveren hüququdur.
Belə görünür ki, Nikol Paşinyan həm daxili narazılıqlardan, həm də Fransa başda olmaqla, anti-Azərbaycan şəbəkənin qəzəbinə tuş gələcəyindən, habelə Ermənistanın müharibə və ekosid cinayətlərinin ifşa olunacağından ehtiyatlanaraq, qlobal iqlim tədbirinə gəlməmək qərarı verib. Bu yanlış qərar həm də Ermənistanın regional və qlobal əməkdaşlıq məsələlərində ənənəvi səhvlərini təkrarladığının, regional təcriddən çıxmaq üçün konstruktiv addımlar atmadığının növbəti təzahürüdür.
Bu günlərdə dünyanın diqqətinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan yaşıl enerji layihələrinə yönəlməsi bir daha göstərir ki, Cənubi Qafqazda dalan ölkə kimi tanınan Ermənistandan fərqli olaraq, respublikamız dünyanın işgüzar dairələrinin maraq dairəsindədir. Halbuki, Azərbaycanla dayanıqlı sülh, Zəngəzur dəhlizinin açılması Ermənistana həm də yaşıl enerjinin ixracı baxımından tranzit ölkə imkanları yarada bilərdi. Bu ölkə cılız iddialardan əl çəkməməklə, özünü regional və əməkdaşlıq imkanlarından, iqtisadi dividendlərdən məhrum edir.
MTM Analitik Qrup