Uğurla davam edən COP29 konfransı qlobal iqlim dəyişikliklərinin ən müxtəlif sferalara mənfi təsirlərinin müəyyənləşdirilməsi, mümkün çıxış yollarının tapılması baxımından xüsusi maraq doğurur. Tədbir çərçivəsində noyabrın 20-də keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü ekoloji tarazılığın pozulmasının, ətraf mühitin çirkləməsinin turizm sektoruna təsirləri mövzusunda aparılan mühüm müzakirələrlə diqqət çəkir.
Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili tədbirdə çıxışı zamanı bildirib ki, turizm dünyada sülhü bərqərar etmək üçün ən güclü alətlərdən biridir. Onun fikrincə, iqlim dəyişikliyi, ətraf mühit problemləri, qida israfı turizmə və onun effektivliyinə təsir edir.
Ümumiyyətlə, turizm müasir dünyada iqtisadi baxımdan ən gəlirli və sürətlə inkişaf edən biznes sahələrindən biri olaraq, hər bir dövlətin coğrafi resurslarını, mədəniyyətini, tarixini təbliğ etmək, təbiətini və s. tanıtmaq vasitəsinə çevrilib. Dünya Səyahət və Turizm Şurasının məlumatlarına görə, sektor qlobal ümumi daxili məhsulun 10 faizini yaradır. Dünya ölkələrinin iqtisadiyyatında vacib rol oynayan turizm sektorunun inkişafı ekosistemin qorunmasını, havanın, suyun, yer səthinin karbon qazı emissiyalarının və digər çirkləndiricilərin təsirlərindən qorunmasını zəruri edir. İqlim dəyişiklikləri ilə mübarizə müasir dövrdə iqtisadi dayanıqlılığın təmini, aqrar-sənaye, turizm-kurort, ərzaq təhlükəsizliyi, səhiyyə və digər sahələrin inkişafı baxımından vacib məsələyə çevrilib.
Tədbirdə qeyd edildiyi kimi, hazırda qlobal emissiyaların 8,8 faizi turizm sektorunda yaranır və bunun da 70 faizi sırf nəqliyyat vasitələrinin payına düşür. Bu rəqəmlər turizm sektoruna yeni baxışı və emissiyaların azaldılması imkanlarını nəzərdən keçirməyi tələb edir. Buna görə də bir çox ölkələr hazırda turizm məkanlarında elektromobillərdən istifadəni təşviq edərək, ənənəvi yanacaq növləri ilə çalışan avtomobillərə yasaq qoyublar. Çünki Yer kürəsini örtən və günəşdən gələn istiliyi tutan istixana qazlarının çoxu elektrik və istilik yaradılması üçün qalıq yanacaqların yandırılması nəticəsində əmələ gəlir.
Qalıq yanacaqlar hələ də qlobal enerji istehsalının 80 faizindən çoxunu təşkil edir: dünya üzrə elektrik enerjisinin təxminən 29 faizi bərpa olunan mənbələrdən əldə edilir. Dünya əhalisinin təqribən 80 faizi qalıq yanacaqların xalis idxalçıları olan ölkələrdə yaşayır. Təxminən 6 milyard insan digər ölkələrin qalıq yanacaqlarından asılıdır və bu səbəbdən geosiyasi böhranlara qarşı həssasdır. Neft, qaz, daş kömür kimi qalıq yanacaq növlərindən fərqli olaraq, bərpa olunan enerji mənbələri bütün ölkələrdə mövcuddur və onların potensialından tam istifadə edilməyib.
Bütün bunlar turizm sektorunda yaşıl enerji istehlakının payının artırılmasını zəruri edir. Dənizlərə, çaylara yaxın olmaları, günəşli günlərin çox olduğu ərazilərdə yerləşmələri turizm obyektlərinin yaşıl enerji ilə təminatını asanlaşdırır, bu məqsədlə günəş panellərindən, külək turbinlərindən və s. istifadəyə geniş imkanlar açır.
Qlobal iqlim dəyişikliklərinin yaratdığı fövqəladə hallar və təbiət hadisələri hazırda turizm sektorunu ciddi təhdidlərlə üzləşdirən əsas amillərdən biridir. Dənizlərin səviyyəsinin artması və ya azalması bir çox ölkələrin sahil zolaqlarında yerləşən turizm obyektlərinin sıradan çıxmasına səbəb olur. Qlobal istiləşmənin fəsadları olan yanğınlar, daşqınlar, normadan artıq yağıntılar, güclü küləklər, şoranlaşma təkcə torpaq və meşə örtüyünə deyil, aqrar və turizm sektorlarına da ciddi zərər vurur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya əhalisinin təxminən 90 faizi insan sağlamlığını təhdid edən, çirklilik səviyyəsi yuxarı olan hava ilə nəfəs alır. Hər il 13 milyondan çox insanın ölümü havanın çirklənməsi də daxil olmaqla, mövcud ekoloji problemlərlə əlaqələndirilir. Bu baxımdan turizm-kurort, sanatoriya müəssisələrinin yerləşdikləri ərazilərdə ekosistemin mühafizəsi insanların sağlamlığının təmini baxımından xüsusilə aktualdır.
Turizmin inkişafına əsaslı təsir göstərən amillərdən biri də ölkələrin malik olduğu özünəməxsus dini, mədəni və tarixi abidələrdir. Qlobal iqlim dəyişiklikləri, ekoloji resursların qeyri-adekvat istismarı turizm sektorunu canlandıran həmin tarixi-mədəni irsin tədricən sıradan çıxması, zərər görməsi ilə nəticələnir. BMT-nin ali mədəniyyət qurumu olan UNESCO ekoloji tarazlığın pozulmasını Ümumdünya Mədəni İrs siyahısında olan mədəniyyət və təbiət abidələri üçün ciddi təhdid kimi dəyərləndirir. Qlobal iqlim problemləri, ölkələr arasında ərazi və digər amillərlə əlaqədar baş verən müharibələr dünyada təkcə maddi deyil, qeyri-maddi irsi də təhdidlərə məruz qoyur, dini-milli zəmində qarşıdurmalar güclənir. Nəticədə həm də dünya ölkələrində turizm sektoruna, qlobal planda iqtisadiyyata ciddi ziyan vurur.
Göründüyü kimi, turizm sektoru qlobal istixana qazı emissiyalarının əhəmiyyətli bir hissəsinə görə məsuliyyət daşımaqla yanaşı, həm də iqlim dəyişikliyinin təsirlərinə daha çox məruz qalan sahələrdəndir. COP29 çərçivəsində dəstəklənən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bəyannamə bu baxımdan turizmin milli və qlobal iqlim strategiyalarına, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə inteqrasiyası üçün mühüm yol xəritəsidir.
Rəsmi Bakı turizmin qlobal iqlim gündəminə daxil edilməsini təşviq etməklə, Paris Sazişi ilə müəyyən olunmuş hədəflərin reallaşmasına mühüm töhfələr verir.
MTM Analitik Qrup