Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədricən sona yaxınlaşır. Məhz bu çərçivədə dünya liderlərinin, ekoloqların, alimlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin qlobal iqlim problemlərinə dair fəaliyyətləri davam edir, onlar bir sıra mühüm məsələlərdə razılığa gəlməyə çalışırlar. Təbii ki, budəfəki sammitin əsas müzakirə mövzusu iqlim dəyişikliyinin qarşısının alınması üçün dünya ölkələrinin maliyyə yardımlarını artırması, inkişaf etmiş ölkələrin inkişaf edən ölkələrə yardım etməsi ilə bağlıdır. Bu baxımdan COP29 sammiti həm də inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün maliyyə və texniki dəstəyin artırılması təşəbbüsü ilə yadda qaldı.
COP29-un əsas məqamlarını və irəli sürülən təşəbbüsləri təhlil edərkən iqlim siyasətinə təsir göstərən əsas amillər arasında qlobal istiləşmə və sərhədlərin yenilənməsi diqqəti xüsusilə cəlb edir. Çünki qlobal istiləşmə ilk növbədə ekoloji sərhədlərin dəyişməsinə, yaxud da daralmasına gətirib çıxarır ki, artıq mütəxəssisələr də bunun qarşısının alınmadığı təqdirdə daha böyük problemlərin yaranacağına əmindir. Ona görə də budəfəki sammitin də əsas müzakirə mövzularından biri Paris razılaşmasında nəzərdə tutulan 1,5°C istiləşmə hədəfinin qorunub saxlanılmasıdır.
Dünya liderləri və iqlim ekspertləri, indiyə qədərki nailiyyətləri və çatışmazlıqları nəzərdən keçirərkən karbon emissiyalarının azaldılması üçün yeni strategiyalar təklif edir. Xüsusilə, ən böyük sənaye ölkələrinin daha konkret öhdəliklər götürməsi çağırışları edilir. İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyindən daha çox əziyyət çəkdiyi nəzərə alınaraq, COP29-da bu ölkələrə maliyyə dəstəyinin artırılması məsələsi gündəmə gətirilib. Bu baxımdan bir çox inkişaf etmiş ölkə, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş 100 milyard dollar həcmində beynəlxalq maliyyələşmə planını təsdiqləyib. Bununla yanaşı, itki və zərərlər fondunun yaradılması təklifi də qızğın müzakirə olunur.
COP29 çərçivəsində bərpaolunan enerji mənbələrinə keçid məsələsi də ön plana çıxıb. Xüsusilə, günəş və külək enerjisindən istifadənin genişləndirilməsi, eyni zamanda, enerji saxlanılması üçün texnologiyaların inkişaf etdirilməsi ilə bağlı təşəbbüslər irəli sürülüb. Azərbaycan da bu istiqamətdə öz mövqeyini ortaya qoyaraq, Xəzər regionunda bərpaolunan enerji potensialını vurğulayıb. Qlobal istiləşmənin təsirlərindən biri kimi su qıtlığının artması məsələsi ön plana çıxıb. COP29 iştirakçıları su ehtiyatlarının səmərəli idarə olunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi zərurətini vurğulayıblar.
Sammitin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq iqlim gündəmində daha aktiv rol oynadığını göstərir. Azərbaycan Xəzər regionunda bərpaolunan enerji potensialını dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, öz iqlim strategiyasını yenidən formalaşdırmaq niyyətini də bəyan edib. Bu, ölkənin həm iqtisadi, həm də ekoloji baxımdan dayanıqlılığını artırmaq məqsədi daşıyır. Bu baxımdan COP29 sammiti qlobal iqlim problemlərinə dair yeni hədəflərin müəyyənləşdirilməsi və kollektiv fəaliyyətin zəruriliyini bir daha vurğulayır. Lakin real nəticələr əldə etmək üçün qəbul edilən qərarların icrası və öhdəliklərin yerinə yetirilməsi əsas məsələdir.
MTM Analitik Qrup