COP29 ÇƏRÇİVƏSİNDƏ “İQLİM DƏYİŞMƏLƏRİ MÖVZUSUNDA MAARİFLƏNDİRMƏ: GƏNCLƏRİN VƏ PEDAQOQLARIN KRİTİK ROLU” ADLI TƏDBİR KEÇİRİLİB

COP29 çərçivəsində noyabrın 19-da “İqlim Dəyişmələri mövzusunda maarifləndirmə: Gənclərin və Pedaqoqların Kritik Rolu” adlı tədbir keçirilib.

Tədbirdə müxtəlif ölkələrdən gənclər, pedaqoqlar, ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova diqqətə çatdırıb ki, gənclər yalnız gələcəyimizin deyil, eyni zamanda, bu günümüzün də formalaşmasında mühüm rol oynayır: “Onlar iqlim dəyişiklikləri ilə bağlı fəaliyyətlərdə ən fəal iştirak edən qruplardan biridir. İqlim dəyişikliyi təhsilinin gücləndirilməsi vacibdir, çünki maariflənmiş fərdlər yalnız iqlim dəyişikliyinin fəsadlarını başa düşməkdə deyil, həm də bu problemlərə qarşı tədbirlər görməkdə daha effektiv olacaqlar. Bu sahəyə investisiya qoyuluşunun artırılması isə son dərəcə əhəmiyyətlidir, çünki iqlim maarifləndirməsi yalnız gələcək nəsillərin deyil, həmçinin bu günün də problemlərinə qarşı mühüm həll yolları təqdim edir”.

UNFCCC-nin adaptasiya üzrə direktoru Youssef Nassef çıxışında qeyd edib ki, təhsil, transformasiya prosesinə uğurlu keçid etmək üçün əvəzsiz bir vasitədir: “Cəmiyyətin ehtiyacı olan dəyişikliklər təhsil sistemimizdə də öz əksini tapmalıdır. Ən yeni texnologiyalar, süni intellekt və digər müasir alətlər, təhsil sisteminin effektivliyini artırmaq və bu dəyişiklikləri dəstəkləmək baxımından mühüm rol oynaya bilər”.

Tədbirdə iqlim dəyişmələri ilə mübarizədə gənclərin və pedaqoqların mühüm rolu vurğulanıb. Gənclərin ekoloji fəallığının artırılması, pedaqoqların isə təhsil və maarifləndirmə sahəsindəki əhəmiyyəti müzakirə olunub. İqlim maarifləndirilməsi və davamlı inkişaf sahəsindəki təcrübələr paylaşılaraq, gələcək nəsillərə ekoloji şüurun aşılanması məqsədilə birgə fəaliyyətlərdən danışılıb.