İqlim fəalları xəbərdarlıq edir ki, indi dünyada narahatlıq yaradan məsələlərdən biri biomüxtəlifliyin də təhlükə altına düşməsidir. COP29 sammiti çərçivəsində «Qafqaz regionunda biomüxtəliflik və iqlim əlaqəsi» mövzusunda keçirilən panel sessiyada məhz bu mövzunun gündəmə gətirilməsi bu sahəyə diqqəti artırmaqla yanaşı, onun qorunması zərurətini də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Tədbirin gedişində məlum oldu ki, planetdə 14 milyon canlı var ki, onlardan yalnız 1 milyondan çoxu elmi cəhətdən təsnifatlandırılıb. Alimlər deyir ki, biz hazırda planetin 6-cı məhvolmasına doğru gedirik. Bundan əlavə, biomüxtəlifliyin 25 qaynar nöqtəsi varmış və Cənubi Qafqaz da həmin nöqtələrdən biridir. Yəni Cənubi Qafqaz Amazonlarla müqayisə olunacaq dərəcədə biomüxtəlifliklə zəngindir. Lakin son onilliklərdə qlobal iqlim dəyişikliyi biomüxtəlifliyin azalmasına və ekosistemlərin pozulmasına, dünya üzrə kritik ekoloji problemlərin ortaya çıxmasına səbəb olub. Ona görə də qlobal biomüxtəliflik və onun qarşısında dayanan təhlükələr artıq risk faktoru kimi dəyərləndirilir. Bu dəyişikliklərin təsiri əsasən üç istiqamətdə özünü göstərir. Birincisi, ekosistemlərin dəyişməsidir ki, iqlim dəyişiklikləri meşələrdən tutmuş dənizlərə qədər müxtəlif ekosistemlərin quruluşuna təsir edir. Temperatur artımı, yağıntıların qeyri-bərabər paylanması və ekstremal hava hadisələrinin artması nəticəsində ekosistemlər dəyişir və müxtəlif növlər yaşayış mühitlərini itirirlər. Məsələn, quraqlıq və temperaturun artması nəticəsində tropik meşələrdəki bitki və heyvan növləri məhv olur, dəniz səviyyəsinin yüksəlməsi isə sahil ekosistemlərini təhdid edir. İkincisi, növlərin yayılmasının azalmasıdır ki, iqlim dəyişikliyinə görə bir çox növ, dəyişən hava və ekosistem şəraitinə uyğunlaşmaqda çətinlik çəkir. Bu da növlərin miqrasiyası və bəzi ərazilərdə nəsli kəsilmə riskinin artması ilə nəticələnir. Üçüncüsü isə ekosistem xidmətlərinin pozulmasıdır. Bu halda biomüxtəliflik insanlara ekosistem xidmətləri vasitəsilə fayda verir — məsələn, suyun təmizlənməsi, tozlanma və torpağın qorunması. Bu xidmətlərin pozulması ərzaq təhlükəsizliyinin azalmasına və insanların həyat şəraitinə mənfi təsir göstərir. Hazırki vəziyyət və təhlükələr Azərbaycandan da yan keçməyib. Unikal coğrafi mövqeyi və müxtəlif iqlim zonalarına, bitki və heyvan növlərinin geniş çeşidinə malik olan Azərbaycanda təxminən 4500 növ bitki və 18000-dən çox heyvan növü mövcuddur. Lakin son illərdə iqlim dəyişiklikləri və insan fəaliyyəti bu müxtəlifliyə ciddi təhdid yaradıb. Əvvala su ehtiyatlarının azalması, xüsusilə də Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ölkəmizdə həm ekosistemlər, həm də su ehtiyatları üçün ciddi problemdir. Dənizin səviyyəsi düşdükcə, sahil zonalarında ekosistemlər məhv olur və burada yaşayan növlər üçün təhlükələr yaranır. Əlavə olaraq, quraqlıq dövrlərinin artması və çayların suyunun azalması suya bağlı ekosistemləri də təhdid edir. İkincisi torpaqların deqradasiyasıdır ki, Azərbaycanın kənd təsərrüfatına əsaslanan regionlarında torpaqların eroziyası və şoranlaşması biomüxtəlifliyə təsir edən əsas amildir. Bu proses bitki növlərinin məhvinə və heyvanların yaşayış mühitlərinin dəyişməsinə səbəb olur. İqlim dəyişikliyi ilə birlikdə bu proses daha da sürətlənir. COP29-a qatılan alimlər isə hesab edir ki, təcili tədbirlər görülməlidir. Əsas təşəbbüslərdən biri itirilmiş ekosistemlərin bərpası və biomüxtəlifliyin artırılmasına yönəlmiş layihələrin dəstəklənməsidir. Bu, meşə bərpası, su ekosistemlərinin qorunması və kənd təsərrüfatında davamlı təcrübələrin təşviqi kimi tədbirləri əhatə edir. Milli biomüxtəliflik strategiyalarının gücləndirilməsi də diqqətdən kənarda qalmır. Dünya üzrə bir çox ölkə biomüxtəlifliyin qorunması üçün milli strategiyalarını yeniləyərək daha sərt tədbirlər tətbiq etməyi nəzərdə tutur. Artıq Azərbaycanda bu istiqamətdə bir sıra addımlar atılıb. Ölkə biomüxtəliflik strategiyası çərçivəsində təbiət qoruqlarının sayını artırıb və təbiətin qorunması üçün yeni qanunvericilik tədbirlərini həyata keçirib. Bu sahədə beynəlxalq donorlar və ekoloji fondlarla əməkdaşlıq genişləndirilib. Mütəxəssislər hesab edir ki, qlobal səviyyədə biomüxtəlifliyin qorunmasını təmin etmək üçün təbiət qoruqları və milli parklar yaradılmalı, təbiətin məhv edilməsinin qarşısını almaq üçün sərt qanunlar tətbiq olunmalıdır. Ətraf mühitə zərər verməyən kənd təsərrüfatı təcrübələri inkişaf etdirilməli və su ehtiyatlarının idarə edilməsi səmərəli şəkildə həyata keçirilməlidir. Bundan əlavə, cəmiyyətin biomüxtəlifliyin əhəmiyyətini anlaması üçün maarifləndirici tədbirlər həyata keçirilməlidir ki, bu, xüsusilə gənclər arasında ekoloji düşüncənin formalaşdırılmasına kömək edə bilər.
MTM Analitik Qrup