Son günlərdə isveçli iqlim fəalı Qreta Tunberqin COP29 konfransına qarşı apardığı kampaniyanın və anti-Azərbaycan mövqeyinin səbəblərini araşdıranda onun bu fəaliyyətinin arxasında erməni barmağının dayandığına dair şübhə yeri qalmır. Ona görə də onun ermənipərəst bəyanatları, müxtəlif siyasi və geosiyasi təsirlər fonunda qiymətləndirilir, iqlim fəalının Qarabağ ermənilərinin «haqlarının» qorunmasına cəlb olunması bu qənaəti daha da gücləndirir. Baxmayaraq ki, Qretanın müdafiə etdiyi icma vaxtilə Qarabağda ekoloji terror törədəndə, meşələri talayanda, çayları zəhərləyəndə, dağ-mədən sənayesi ilə bağlı qanunsuz fəaliyyətlər göstərəndə onun heç səsi çıxmırdı. Bəlkə də onda heç Qreta Qarabağın harada olduğunu belə bilmirdi, indi isə könüllü surətdə köçməyi seçən ermənilərin hüquqlarını müdafiə etməklə özünü də, arxasında dayandığı dairələri də ifşa etmiş olur.
Onun Azərbaycanı hədəf alan çıxışlarının arxasında Ermənistan və erməni diasporunun təsirinin olmasına dair iddialar getdikcə daha çox güclənir. Çünki erməni diasporu xüsusən də Qərb ölkələrində, güclü lobbiçilik fəaliyyəti ilə tanınır və bu lobbi qrupları Qarabağ münaqişəsi və Ermənistanın maraqları ilə əlaqədar beynəlxalq ictimaiyyətdə təsir yaratmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Qreta Tunberqin COP29-a qarşı mövqeyi, Ermənistanın beynəlxalq arenada Azərbaycanın imicinə zərbə vurmaq məqsədilə apardığı kampaniyanın bir parçası kimi görünür. Diasporun dəstəklədiyi QHT-lər və lobbi qrupları, xüsusilə Ermənistanın maraqlarını müdafiə edən beynəlxalq platformalarda aktiv rol oynayır və belə fəalları öz tərəfinə çəkməyə çalışır. Erməni diasporu çalışır ki, Qreta Tunberq kimi şəxslərin dili ilə Azərbaycanı saxta cinayətlərdə ittiham etsin, “etnik təmizləmə” və “müharibə cinayətləri” adı altında ölkənin imicinə ciddi ziyan vursun. Bu baxımdan Tunberqin məsələyə yalnız iqlim dəyişikliyi kontekstindən yanaşmaması, Qarabağ münaqişəsinin insan hüquqları kontekstində istifadə edilməsinə dair ermənilərin başlatdığı çirkin kampaniyanın tərkib hissəsi olması onun bir sıra dairələrin əlində yaxşı alət olması ilə bağlı fikirləri daha da gücləndirir.
Qreta Tunberqin çıxışlarının arxasında dayanan siyasi təzyiq məsələsi də nəzərdən qaçmır. Bu, bir tərəfdən Ermənistanın Qərbdəki təsirli qruplarla birlikdə Azərbaycanın müstəqil xarici siyasətinə və enerji resurslarına təzyiq etmək niyyətini göstərir. Çünki Qərbdəki bir sıra ekoloji təşkilatlar və insan hüquqları qrupları Ermənistanın maraqlarına uyğun şəkildə Azərbaycanın enerji siyasətini tənqid edir və bu fonda Qretanın çıxışları sifarişli bir kampaniyanın tərkib hissəsi kimi görünür.
Prosesin diqqətçəkən məqamlarından biri də artıq ekoloji məsələlərin, xüsusilə iqlim dəyişikliyinin beynəlxalq siyasi təzyiq vasitəsinə çevrilməsidir. Qreta Tunberqin COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxması, bunu da ölkənin neft-qaz istehsalına əsaslanan iqtisadi modeli ilə əlaqələndirməsi təbii ki, yanlış qənaətdir. Çünki beynəlxalq birliyi narahat edən iqlim dəyişikliyi probleminin həllində bu problemi yaratmış ölkələrdən daha çox elə neft-qaz ölkələri səy göstərir. Birləşmiş Ərəb Əmirliklərinin, ardınca Azərbaycanın bu sahədə gördüyü işlər, həyata keçirdiyi tədbirlər buna yaxşı nümunədir. İqlim böhranına səbəb olan dövlətlər isə prosesi sadəcə kənardan izləyir, mübarizə tədbirlərinə qoşulmaqla bağlı tərəddüd yaşayır və nədənsə bütün bunlar Qreta Tunberq mübarizə kampaniyasının bir hissəsi deyil. Ona görə də əminliklə demək olar ki, Qreta Tunberqin COP29 əleyhinə kampaniyasının arxasında dayanan erməni amili, Ermənistanın və erməni diasporunun beynəlxalq arenada Azərbaycan əleyhinə təzyiqlərini gücləndirmək cəhdlərindən qaynaqlanır. Onun ermənipərəst bəyanatları və anti-Azərbaycan mövqeyi Qarabağ münaqişəsi kontekstində Ermənistanın maraqlarını müdafiə etmək məqsədi daşıyır. Bu yanaşma, ekoloji məsələlərin geosiyasi təzyiq vasitəsi kimi istifadə olunmasının bir nümunəsidir və Qreta Tunberq çıxışlarının qərəzli və siyasi motivli olduğunu göstərir.
MTM Analitik Qrup