COP29 “YÜKSƏK AMBİSİYA KOALİSİYASI”NIN GÜCLƏNMƏSİNƏ, İQLİM BÖHRANININ HƏLLİNƏ YENİ BÖYÜK TÖHFƏLƏR VERİR

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində tarixi xarakterli proseslər qeydə alınmaqdadır. Bunlar fonunda görünən odur ki, COP29 bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsində dönüş nöqtəsi olacaq. Məhz bu konfrans dünya ölkələrinin bərabər iqlim fəaliyyətini təşviq etmək baxımından əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir. Nəticə etibarı ilə iqlim böhranının aradan qaldırılmasında indi dünyanın şansı daha artıqdır və bu, COP29-un ən böyük uğurlarından biri hesab olunur.

Daha bir maraqlı nüans ondan ibarətdir ki, zəngin ölkələrin iqlim maliyyəsi ilə bağlı üzərinə götürdükləri öhdəliklərin icrası istiqamətində COP29 çərçivəsində mühüm razılıqlar əldə olunub. Sözügedən konfrans zamanı dünyanın yoxsul ölkələrinin maraqları nəzərə alınmaqla hazırlanmış iqlim proqramlarının maliyyələşdirilməsinə dair yeni saziş layihəsi bunun faktiki nümunələrindən biridir. Saziş iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq, prosesin nəticələrinə uyğunlaşmaq üçün hər il 1,3 trilyon ABŞ dollarının ayrılmasını nəzərdə tutur. 34 səhifədən ibarət sənəddə vəsaitin hansı istiqamətlərdə xərclənməsi də konkret şəkildə müəyyən olunub. Ayrılan vəsait yoxsul və inkişaf etməkdə olan ölkələrin də iqlim dəyişmələrinə qarşı səmərəli mübarizə aparmasına imkan verəcək. İqtisadi cəhətdən ən az inkişaf etmiş ölkələrə  bu məqsədlə ildə ən azı 220 milyard, dəniz səviyyəsinin yüksəlməsindən təsirlənən kiçik ada dövlətlərinə 39 milyard dollara qədər yardım göstərilməsi nəzərdə tutulur. Bu, COP29-un əsas nailiyyətləri sırasında yer alır.

Daha bir mühüm uğur isə COP29 çərçivəsində Almaniyanın Federal Kansleri Olaf Şoltsun “Yüksək Ambisiya Koalisiyası”na qoşulması ilə bağlı müvafiq sənədi imzalamasıdır. Almaniyanın, eləcə də dünyanın aparıcı media orqanlarından biri hesab olunan “Welt” qəzeti yazır ki, Kansler Olaf Şolts Dubayda keçirilən COP28-də bu sənədi imzalamaqdan imtina edib. Amma COP29-da tamam fərqli bir mənzərə qeydə alınıb və bu fonda “Table briefings” nəşri yazır ki, Almaniya nəhayət, iddialı iqlim müdafiəçiləri sırasına qayıdıb. Nəzərə alınmalıdır ki, dünyanın iqtisadi güc mərkəzlərindən biri hesab olunan Almaniya ən böyük iqlim donorlarından biri statusunu daşımaq üçün lazımi imkanlara malikdir. Bu ölkənin “Yüksək Ambisiya Koalisiyası”na qoşulması o deməkdir ki, Almaniya iqlim maliyyəsinə daha çox vəsait ayıracaq.

Tam adı “Təbiət və İnsanlar üçün Yüksək Ambisiya Koalisiyası” olan bu təsisat hökumətlərarası qrupdur və artıq onlarla ölkəni özündə birləşdirir. Onun ilkin əsas məqsədi 2030-cu ilə qədər planetin quru ərazilərinin, eləcə də dünya okeanının ən azı 30 faizinin iqlim dəyişikliyindən mühafizəsi üçün qlobal razılığa nail olmaqdır. 30X30  konsepsiyasına əsaslanan bu razılığın praktiki reallaşması  üçün əsas şərtlərdən biri inkişaf etmiş zəngin ölkələrin də bu koalisiyada yer almasına nail olmaqdır. Bu mənada Almaniyanın “Yüksək Ambisiya Koalisiyası”na qoşulması qeyd edilən məqsədə nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir və COP29-da imza atılan mühüm nailiyyətlərdən biridir. Şübhə yoxdur ki, bu, həm də qlobal temperatur artımının 1,5 dərəcə Selsi həddində saxlanılması prosesinə də böyük töhfə olacaq.

Yeni araşdırmalar təsdiq edir ki, Yer səthinə yaxın havanın temperaturu son onilliklərdə elm adamlarının gözlədiyindən daha sürətlə yüksəlir və burada insan fəaliyyəti indi əsas rola malikdir. Preventiv tədbirlər görülməsə, gələcək illərdə vəziyyətin daha da pisləşəcəyi qaçılmaz hesab olunur. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son onillikdə dünya 19-cu əsrin sonları ilə müqayisədə, orta hesabla, təxminən 1,2 Selsi daha isti olub. İnsanın səbəb olduğu iqlim dəyişkiliyi və təbii “El Nino” hava hadisəsinin təsiriylə 2023-cü il yeni tarixə ən isti il kimi düşüb. “El Nino” adətən, Sakit Okeanın tropik şərqində dəniz səthinin temperaturu uzunmüddətli orta səviyyədən ən azı 0,5 Selsi yuxarı qalxdıqda baş verir. Amma BMT-nin İqlim Dəyişmələri üzrə Hökümətlərarası Paneli (İPCC) tərəfindən aparılan araşdırmalar göstərir ki, istər ötən il, istərsə də ondan əvvəlki illərdə qeydə alınan temperatur yüksəlişində “El Nino” heç də həlledici əhəmiyyət kəsb etməyib və proses əsas etibarı ilə insan fəaliyyətindən qaynaqlanır.

IPCC qeyd edir ki, uzunmüddətli iqlim dəyişikliyinə məhz insan fəaliyyəti səbəb olub. Sənaye inqilabının başlanğıcından  indiyə kimi  atmosferdəki karbon qazının miqdarının təxminən 50 faiz artması da bunu təsdiq edir. Qalıq yanacaqlardan istifadənin genişlənməsi, milyonlarla hektar ərazidə meşələrin qırılması  havada iqlim üçün təhlükəli maddələrin miqdarını artırıb. Bundan əlavə heyvandarlıq, tullantılar və çəltik tarlalarından da havaya az metan buraxılmır.  Nəticədə havada antropogen fəaliyyətlə miqdarı çoxalan karbon qazı və metan istixana effektini xeyli artırıb və bu da planetin səthinin orta temperaturunun yüksəlməsinə səbəb olub. Belə vəziyyət ekstremal hava hadisələrinin planetin bir çox yerlərində daha tez-tez, şiddətli və intensiv xarakter almasını şərtləndirir. Lakin iqlim dəyişmələrinə qarşı mübarizənin səmərəliliyini artırmaqla bu böhranın şiddət dərəcəsini və intensivliyini xeyli dərəcədə azaltmaq mümkündür. Sözügedən kontekstdə Almaniyanın COP29 çərçivəsində “Yüksək Ambisiya Koalisiyası”na qoşulması böyük önəm kəsb edir. 

Sənaye cəhətdən inkişaf etmiş ölkələrin, məsələn, ABŞ-ın, Çinin də bu koalisiyaya qoşulması, iqlim dəyişmələrinə qarşı mübarizədə donor dövlət funksiyalarını və maliyyə ayırmalarının miqdarını artırmaları zəruri önəm kəsb edir. Həmçinin, inkişaf etməkdə olan zəngin ölkələrin, misal üçün Səudiyyə Ərəbistanının, Qətərin, Birləşmiş Ərəb Əmirliklərinin və digərlərinin iqlim maliyyəsinə daha çox vəsait ayırması planetin xilası prosesini sürətləndirərdi. Belə ölkələr üçün ən yaxşı nümunə Azərbaycandır. Hələlik isə iqlim maliyyəsinin artımı, eləcə də COP29 çərçivəsində razılaşdırılan məqamlar iqlim dəyişikliyi ilə mübarizə yolunda daha böyük uğurlara imza atmağa imkan verir ki, bu da bəşəriyyətin gələcəyi üçün həyati önəmə malikdir.

MTM Analitik Qrup