AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ NÜMAYƏNDƏLƏR PALATASI ÜZVÜNÜN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlətimizin başçısı COP29-un uğurla keçdiyini deyərək vurğulayıb ki, baxmayaraq, Paris razılaşmasının 6-cı bəndi üzrə on ildən artıqdır danışıqlar aparılıb, COP29-un ilk günündə bununla əlaqədar ciddi irəliləyiş əldə edilib. Prezident İlham Əliyev qeyd edib ki, COP29 maliyyə mövzusuna həsr olunub və burada yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi gözlənilir. Beynəlxalq ictimaiyyət də bunu gözləyir. Azərbaycan Prezidenti beynəlxalq maliyyə və bank strukturları tərəfindən COP29-da iqlim maliyyəsi ilə bağlı verilən açıqlamaları da bu istiqamətdə ümidverici addım kimi qiymətləndirib.

Qonaqlar, ilk növbədə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıblar.

Görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra ABŞ-ın ölkəmizə dəstəyi xatırlanıb, enerji strategiyamızın inkişafında onun dəstəyi qeyd olunub.

Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Ölkəmizə səfərdən məmnun qaldıqlarını deyən qonaq Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.

Dövlətimizin başçısı son 30 ildə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu və qarşılıqlı faydalı əməkdaşlığımızı qeyd edib.

Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxunub, o zaman ABŞ hökumətinin bu layihəyə dəstəyini xatırlayıb və bu müqaləvinin ABŞ və onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verdiyini vurğulayıb, həmin dövr ərzində energetika sahəsində əsaslı əməkdaşlığın möhkəmləndiyini deyib.

Dövlətimizin başçısı Azərbaycanın yaşıl enerji strategiyası haqqında danışaraq, ölkəmizin beynəlxalq tərəfdaşlarla birlikdə bərpaolunan enerjinin istehsalı potensialını artırdığını və 2027-ci ilədək Azərbaycanın enerji istehsalının 30 faizinin yaşıl enerjinin payına düşəcəyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik enerjisi kabeli layihəsinə toxunub, bu xüsusda dövlətimizin region ölkələri – Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlığını qeyd edib. Həmçinin Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə yaşıl enerji sahəsində əməkdaşlığı, COP29 zamanı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və transmissiyası haqqında imzalanmış sənədi vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan region ölkələri ilə birlikdə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizi formalaşdırır.

Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində böyük həcmdə bərpaolunan külək enerjisi potensialının olduğunu vurğulayıb, hidroenerji resurslarının da inkişaf etdirildiyini və bunun da böyük enerji istehsalı həcmlərinə çatacağını vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın yaxın dövr ərzində 4 giqavat gücündə bərpaolunan enerjinin Avropa İttifaqı bazarına ixrac etmək imkanına malik olacağını bildirib və Avropa İttifaqı bazarının enerji tələbatının artmaqda olduğunu deyib.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edilib.

Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğulayıb, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırlayıb.

Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlətimizin başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirib.

Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd edib. Bildirdi ki, Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.

Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olunub, Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunulub.