Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində bəşəriyyət üçün aktual olan bir sıra problemlərin həllini, iqlim dəyişiklikləri ilə mübarizənin səmərəli təşkili vacibliyini diqqətə çəkir. Rəsmi Bakı qlobal ekoloji problemlərin mənfi fəsadlarının aradan qaldırılması ilə paralel ekosistemin tarazlığını pozan, onu ciddi təhdidlərlə üzləşdirən problemlərin aradan qaldırılmasını vacib hesab edir.
İqlim dəyişmələri bir çox sahələrdə olduğu kimi, beynəlxalq təhlükəsizlik üçün də ciddi çağırışlar yaradır. Qlobal iqlim dəyişmələri nəticəsində qida və su təchizatında yaranan böhranların potensial münaqişələrə çevrilməsinin qarşısının alınması məsələsi COP29-un gündəmində əhəmiyyətli yer tutur. Noyabrın 15-də “COP29 Enerji, Sülh, Yardım və Bərpa Günü” çərçivəsində aparılan müzakirələr, keçirilən tədbirlər Azərbaycanın hələ Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi “COP atəşkəsi” çağırışının aktual çağırışlardan qaynaqlandığını təsdiqləyib. Bu çağırış sivil birgəyayış, insan hüquqlarının etibarlı təminatı baxımından dünyada müharibə və münaqişələrin dayandırılmasının, etibarlı sülh və təhlükəsizliyin təmin edilməsinin alternativinin olmamasına xüsusi diqqət çəkir.
Xatırladaq ki, rəsmi Bakının Birgə Atəşkəs Çağırışı Qoşulmama Hərəkatına üzv 127 dövlət tərəfindən yekdilliklə dəstəklənib. Bu təşəbbüs münaqişə və iqlim dəyişikliyi arasındakı əlaqəni, həssas qrupların müdafiəsi üçün kollektiv həll yollarının tapılmasının vacibliyini vurğulamaq, xalqlar arasında sülhə gətirib çıxara biləcək əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Çağırışda COP29-un bəşəriyyətimizin siyasi problemlərinin öhdəsindən gələcəyinə və həmrəyliyinə inam ifadə edilib.
Birgə Atəşkəs Çağırışının əksər dövlətlərlə yanaşı, mindən artıq beynəlxalq təsisat, özəl sektorun təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və nüfuzlu ictimai xadimlər, eləcə də COP29 iştirakçıları tərəfindən dəstəklənməsi heç də təsadüfi deyil. Müasir dövrdə münaqişələr istixana effekti yaradan qaz emissiyalarını artıraraq ətraf mühiti məhv etməklə yanaşı, torpaq, su və havanı çirkləndirir. Münaqişələr nəticəsində ekosistemin məhvi, ətraf mühitin çirklənməsi iqlim dəyişməsini daha da gücləndirir və planeti qorumaq üçün göstərilən səyləri səmərəsiz edir.
Ərazilərin ümumi ekoloji deqradasiyası silahlı münaqişələrin mürəkkəb və uzunmüddətli nəticələrindən biri sayılır. Müharibə və münaqişələr nəticəsində atmosferin, yer örtüyünün çirklənməsi böyük təbii fəlakətlərə səbəb olur, insanların sağlam ekoloji mühitdə, təhlükəsiz şəraitdə yaşamaq kimi fundamental hüquqları pozulur. Kimya və neft-qaz sənayesinin, eləcə də digər infrastrukturun dağıdılmasının ekoloji fəsadlarının aradan qaldırılması onilliklər və böyük maliyyə vəsaiti tələb edir, əksər hallarda mümkün olmur. Dağıdılmış binalar onilliklər ərzində kanserogen tozlar buraxır, ağır metallar və kimyəvi maddələr yeraltı sulara nüfuz edir, içməli su mənbələrini zəhərləyir, çayları və su anbarlarını yaşayış üçün yararsız edir.
Müharibələr zamanı daşqınlara səbəb olmaq məqsədilə bəndlərin və suvarma qurğularının dağıdılmasına da geniş rast gəlinir. Məsələn, mülki infrastrukturun dağıdılması səbəbindən Ukraynada 4 milyondan çox insan təmiz içməli sudan məhrum olub. 2023-cü il iyun ayında Ukraynanın Xerson vilayətində Kaxovskaya su elektrik stansiyasının bəndinin partladılması Dnepr çayının aşağı axınında əraziləri su basmasına, əhalinin məcburi köçünə, flora və faunanın ciddi zərər görməsinə səbəb olub. Bundan əlavə, hazırda dünyada süni şəkildə texnogen fəlakətlərə səbəb olan iqlim, eləcə də kütləvi tələfata səbəb olan bakterioloji silahların yaradılması ilə bağlı ciddi narahatlıqlar mövcuddur.
Bunları nəzərə alan Azərbaycan COP29 çərçivəsində planetin ekoloji təhlükəsizliyini təmin etməyə, iqlim dəyişikliyinin qarşısını almağa, təbiətin mühafizəsi və bərpasına xidmət edən layihələrin maliyyələşdirilməsini zəruri hesab edir. Bununla yanaşı, dünya dövlətlərini münaqişə və müharibələri müvəqqəti də olsa dayandırmağa, “COP atəşkəsinə” cəlb etməyə çalışır.
COP29 çərçivəsində təşkil olunan “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu”, habelə “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” mövzusunda yan tədbirdə minaların ekosistemlərə, biomüxtəlifliyə və təbii ehtiyatlara təsirləri, ətraf mühitə minimum təsirlə minatəmizləmə səyləri, eləcə də bu istiqamətdə innovativ texnologiyaların istifadəsi mözvularında panel müzakirələr keçirilib. COP29 çərçivəsində keçirilən bu tədbirlər ekoloji dayanıqlılıq və mina təhlükəsizliyinin bir araya gətirilməsi üzrə yeni yanaşmaları önə çıxarmaqla yanaşı, minatəmizləmə əməliyyatlarının yalnız humanitar deyil, həm də ekoloji önəmini vurğulayıb.
COP29 çərçivəsində Ermənistanın mina terrorunun fəsadlarının xüsusi qabardılması ölkəmizin üzləşdiyi problemin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq, 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə təkcə təmas xəttinə yaxın əraziləri deyil, ümumilikdə bütün rayon və şəhərləri, strateji əhəmiyyətli yüksəklikləri minalayıb. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursatlar Koalisiyasının məlumatına əsasən, Azərbaycan minalanma sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır.
Ötən illərdə rəsmi İrəvanın mina xəritələrinin müəyyən qismini Azərbaycana təqdim etmək məcburiyyətində qalması rəsmi Bakının apardığı fəal və ardıcıl diplomatik fəaliyyətin nəticəsi olub. Faktiki olaraq qarşı tərəf bununla beynəlxalq miqyasda insanlığa zidd müharibə cinayətləri törətdiyini, keçmiş hərbi təmas nöqtələrindən kənar əraziləri belə minaladığını, mülki əhalini kütləvi qətlə yetirmək məqsədi güddüyünü etiraf edib. Bununla belə, Ermənistanın minaladığı ərazilərimizin tam və dəqiq xəritələrini hələ də Azərbaycana verməməsi bu ölkənin sülh və sabitlik tərəfdarı olmadığını, beynəlxalq hüquqa zidd mövqe tutduğunu təsdiqləyir. Bütün bunlar Azərbaycanda və regionda ekoloji tarazlığı pozmaqla yanaşı, insanların dinc və təhlükəsiz şəraitdə yaşamalarına, doğma yurdlarına daha tez zamanda dönmələrinə, infrastrukturun sürətli bərpasına mane olur.
MTM Analitik Qrup