Yer kürəsində iqlimin hələ də nəzərəçarpacaq dərəcədə dəyişməsi davam edir. Yenə də bəzi ölkələr anomal istilərdən, digərləri isə bu yerlər üçün qeyri-adi olan çox sərt və qarlı qışlardan əziyyət çəkirlər. Ekoloqlar qlobal iqlim dəyişikliyinə, o cümlədən buzlaqların əriməsinə və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olan orta illik temperaturun artmasının davam etdiyini bildirirlər. Qlobal istiləşmə ilə yanaşı, bütün təbii sistemlərdə də disbalans mövcuddur ki, bu da yağıntıların normasının dəyişməsinə, temperatur anomaliyalarına və qasırğa, daşqın, quraqlıq kimi ekstremal hadisələrin tezliyinin artmasına səbəb olur. Alimlər razılaşırlar ki, məhz insan fəaliyyəti qlobal səviyyədə orta temperaturun artmasına səbəb olan istixana effektinə gətirib çıxarır. Bunun qarşısının alınması yenə insan fəaliyyəti sayəsində mümkündür və Azərbaycanın ev sahibliyi etdiyi COP29 məhz buna xidmət edir.
Bu tədbir çərçivəsində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər, təqdim edilən layihələr bilavasitə planetin sürətli şəkildə xilasına xidmət edir. Azərbaycanın bu fonda əsas məqsədlərindən biri COP29-da əldə edilmiş və ediləcək razılıqların ləngimədən icraya yönləndirilməsidir. Daha bir vacib nüans ondan ibarətdir ki, COP29-da irəli sürülən və iqlim böhranının çözümünə xidmət edən təşəbbüslər əhatəliliyinə, bəzən isə planetar miqyasına görə dünyada xüsusi maraq doğurur. Yaşıl enerji zonaları və dəhlizləri barədə COP29-un enerji təşəbbüsləri üzrə nazirlər görüşündə irəli sürülən təşəbbüslər buna əyani misal kimi göstərilə bilər.
Ümumiyyətlə, həmin görüşdə üç mühüm enerji təşəbbüsü – COP29 qlobal enerji saxlama və şəbəkələr vədi, COP29 yaşıl enerji vədi: Yaşıl enerji zonaları və dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi rəsmi olaraq təqdim edilib. Bunların hər biri ayrı-ayrılıqda müstəsna önəmə malikdir və iqlim dəqyişmələrinin mənfi fəsadlarının aradan qaldırılmasında böyük rol oynamaq iqtidarındadırlar. Konkret olaraq, yaşıl enerji zonaları və dəhlizlərinə gəlincə, bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğundur, iqtisadi inkişafı təşviq edir, resurslardan səmərəli istifadəni dəstəkləyir. Təşəbbüs COP29 yaşıl enerji zonaları və dəhlizləri vədi çərçivəsində qitələrarası və regionlararası yaşıl enerji zonalarının yaradılmasını nəzərdə tutur.
Qeyd edilməlidir ki, davamlı enerji mənbələrinə keçid dövrümüzün ən kritik problemlərindən biridir. İqlim dəyişikliyi, enerji təhlükəsizliyi və ətraf mühitin deqradasiyası ilə bağlı artan narahatlıqlarla hökumətlər, bizneslər və ətraf mühit təşkilatları yaşıl enerji həllərini təşviq etmək üçün innovativ yolları araşdırırlar. Qlobal miqyasda geniş vüsət alan belə yanaşmalardan biri də məhz yaşıl enerji zonalarının yaradılmasıdır. Bu, bərpa olunan enerji texnologiyalarının inkişafını və inteqrasiyasını təşviq etmək, ekoloji davamlılığı dəstəkləmək məqsədi daşıyır.
Yaşıl enerji zonaları bərpa olunan enerjinin inkişafı, istehsalı və paylanması üçün xüsusi olaraq təyin edilmiş coğrafi bölgələrdir. Bu zonalar adətən karbon emissiyalarını azaltmaqla yanaşı, yerli və ya milli enerji ehtiyaclarını ödəmək üçün bərpa olunan enerji mənbələrindən istifadə edir. Belə zonalar və dəhlizlər həm də ağıllı enerji şəbəkələri, enerji saxlama sistemləri və elektrikli avtomobil doldurma stansiyaları kimi yaşıl infrastrukturun inteqrasiyasını da özündə ehtiva edir. Beləliklə, demək olar ki, yaşıl enerji zonaları ətraf mühitin mühafizəsinə, yeni iş yerlərinin yaradılmasına və texnoloji innovasiyalara diqqət yetirməklə bərpa olunan enerji istehsalını özündə birləşdirərək ekoloji cəhətdən təmiz enerji mərkəzləri kimi fəaliyyət göstərir. Bu cür zonaların və dəhlizlərin yaradılması bərpa olunan enerji texnologiyalarının genişmiqyaslı tətbiqini təşviq edir. Bununla həmin zonalar qalıq yanacaqlardan daha təmiz alternativlərə keçidi sürətləndirməyə gətirib çıxarır. Nəticədə ənənəvi enerji istehsalı ilə bağlı karbon emissiyaları və digər çirkləndiricilər azalır.
Qeyd edilənlərlə yanaşı, barəsində bəhs olunan zonalar investisiyaların cəlb edilməsi, iş yerlərinin yaradılmasına da mühüm töhfələr verir. Bundan başqa, enerji mənbələrini şaxələndirmək və idxal olunan qalıq yanacaqlardan asılılığı azaltmaqla, yaşıl enerji zonaları milli enerji təhlükəsizliyini gücləndirməyə kömək edir. Onlar həmçinin ənənəvi enerji bazarları ilə bağlı tədarük zəncirinin qırılmasına və qiymət dəyişkənliyinə qarşı dayanıqlılığı artırır, yaşıl texnologiyaların geniş tətbiqini sürətləndirir.
Yaşıl enerji zonalarının yaradılması çoxsaylı üstünlüklər təqdim etsə də, həll edilməli olan problemlər var. Bunlara irimiqyaslı infrastrukturun maliyyələşdirilməsinin təmin edilməsi, bərpa olunan enerjinin mövcud şəbəkələrə inteqrasiyasının idarə olunması kimi məqamlar daxildir. Bundan əlavə, ticarət siyasəti və beynəlxalq təchizat zəncirləri kimi geosiyasi amillər bərpa olunan enerji zonalarının uğuruna təsir göstərə bilər. Azərbaycan məhz bu məsələlərin COP29 çərçivəsində səmərəli həllinə çalışır. Ölkəmiz nəzərə alır ki, yaşıl enerji zonalarının davamlı iqtisadi artıma təkan vermək, iqlim dəyişikliyini azaltmaq və daha təmiz enerji gələcəyi qurmaq potensialı böyükdür. Daha çox ölkə və region bu yanaşmanı qəbul etdikcə, sözügedən zonalar iqlim dəyişikliyi ilə mübarizə və bərpa olunan enerjiyə əsaslanan iqtisadiyyata keçid üçün qlobal səylərin təməl daşına çevrilə bilər. Bu kontekstdə ölkəmizin mövqeyi ondan ibarətdir ki, dünyanın iqlim və enerji yolunda taleyüklü bir mərhələyə daxil olduğu bir vaxtda, Azərbaycanın yaşıl enerji zonaları, yaşıl enerji dəhlizləri, enerji saxlama, şəbəkə infrastrukturu və hidrogen sahəsindəki təşəbbüsləri qlobal iqlim hədəflərinə çatmaq üçün həlledici rol oynayır.
Energetika naziri Pərviz Şahbazovun qeyd etdiyi kimi, bu təşəbbüslər Azərbaycanı bərpaolunan enerjinin inkişafı və ixracında lider mövqeyə yüksəltməklə yanaşı, genişmiqyaslı ötürmə, uzaq potensial enerji mənbələrinin istehlak mərkəzləri ilə əlaqələndirilməsi, enerji təchizatı ilə tələbat arasında tarazlığın təmin edilməsi və böyük həcmdə yaşıl enerji güclərinin şəbəkəyə inteqrasiyası ilə qlobal miqyasda təmiz enerjinin inkişafını sürətləndirmək üçün unikal imkanlar yaradır. COP29 dünya ölkələrini bu fonda müvafiq öhdəliklərə qoşulmağa, enerji keçidini və iqlim fəaliyyətini gücləndirməyə, dünya üçün davamlı bir gələcək qurmaq naminə birliyə dəvət edir.
MTM Analitik Qrup