Azərbaycanın COP29-a yüksək təşkilatçılığı, irəli sürdüyü təşəbbüslərinin beynəlxalq dəstək alması, eyni zamanda, tədbir çərçivəsində bir sıra ölkələrin kolonialist siyasətini ifşa etməsi ölkəmizə qarşı qərəzli kampaniya aparan Qərb dairələrini, xüsusilə də Avropa İttifaqının idarəetmə strukturlarında vəzifə tutan bəzi şəxsləri bərk narahat edir. Təşkilatın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin növbəti qərəzli açıqlamaları məhz bu narahatlığın əyani göstəricisidir.
Mötəbər tədbirin Bakıda keçirilməsinə dair qəbul edilən qərardan ötən son bir ildə Avropa İttifaqının ölkəmizə qarşı böhtan və iftira kampaniyasını daha da genişləndirməsi, əslində, o qədər də təəcüblü görünmür. Uzun illər boyu Ermənistanın təcavüzkarlıq və etnik separatçılıq siyasətini aşkar himayə edən Fransa Azərbaycanın tarixi Qarabağ ərazisindəki qanunsuz xunta rejiminin mövcudluğuna birdəfəlik son qoymasından sonra dərin uğursuzluq sindromu yaşayır. Ermənistan-Fransa tandeminin ölkəmizə qarşı “etnik təmizləmə” iddiaları ilə BMT çərçivəsində apardıqları qərəzli kampaniyaların beynəlxalq miqyasda uğursuzluğa düçar olması fonunda rəsmi Paris bu dəfə Avropa İttifaqı parlamentindən “təzyiq aləti” kimi yararlanmağa uğursuz cəhdlər edir.
Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda aşkar tərəf tutması, qərəzli olması ölkəmizdə haqlı olaraq narahatlıq və etimadsızlıq yaradır. Prezident İlham Əliyev hələ oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bildirib ki, Avropa İttifaqının nümayiş etdirdiyi qeyri-məhsuldar yanaşma etimadsızlıq yaradır və təşkilatı normallaşma prosesindən təcrid edir. “Mən tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır”.
Təşkilatın Azərbaycan əleyhinə qəbul etdiyi bir sıra qərəzli qətnamələrin, xüsusilə son aylarda COP29 əleyhinə aparılan əsassız kampaniyaların dirijoru qismində isə məhz Fransa çıxış edir. Oktyabrın 25-də Avropa Parlamenti ölkəmizdə insan haqlarının vəziyyəti ilə qəbul etdiyi növbəti qərəzli qətnamədə reallığa qətiyyən adekvat olmayan absurd “tələblər” irəli sürülüb. Qətnamədə hətta COP29-un Bakıda keçirilməsi barədə qərarın ləğvi, ölkəmizlə təşkilat arasında enerji sahəsində imzalanan Strateji Tərəfdaşlıq memorandumundan imtina olunması, Azərbaycanın “Ermənistan ərazilərindən çıxması” kimi gülünc iddialar yer alıb.
Rəsmi Bakının bütün məsələlərdə beynəlxalq hüquqa söykənməsi, ədalətli mövqedən çıxış etməsi ermənipərəst qüvvələrin, xüsusilə də Fransa və Avropa İttifaqı parlamentinin anti-Azərbaycan fəaliyyətini zərərsizləşdirir. Qurumun ölkəmiz əleyhinə qəbul etdiyi qərəzli qətnamələr indiyə qədər Avropa ölkələrinin böyük əksəriyyəti tərəfindən ciddi qarşılanmayıb və kağız parçası olaraq qalıb.
Böyük Britaniya, İtaliya, Finlandiya, Serbiya, Şimali Makedoniya, Albaniya, Slovakiya, Bolqarıstan, Xorvatiya, İspaniya, Belçika, Danimarka, Polşa, Yunanıstan, Çexiya, Bosniya və Herseqovina, Monteneqro və Macarıstanın dövlət və hökumət başçılarının, habelə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin COP29-un işində fəal iştirakı anti-Azərbaycan dairələrin boykot çağırışlarının və qarayaxma kampaniyalarının fiaskoya uğradığının əyani sübutudur.
Bundan əlavə, noyabrın 9-da Almaniya Kansleri Olaf Şoltz Prezident İlham Əliyevə zəng edərək Almaniyada yaranmış siyasi vəziyyətə görə COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Almaniyanın bir neçə ali dövlət məmuru hazırda tədbirdə fəal şəkildə iştirak edir. Ermənipərəst mövqeyi ilə tanınan Fransa və Niderland istisna olmaqla, Avropanın bütün aparıcı dövlətləri tədbirə qatılaraq, rəsmi Bakının təşkilatçılığını və iqlim təşəbbüslərini yüksək dəyərləndiriblər.
Avropa ölkələrinin böyük əksəriyyətinin COP29-da fəal iştirakı həm də Azərbaycanın bu geosiyasi arealda enerji təhlükəsizliyinə verdiyi töhfənin yüksək dəyərləndirilməsinin, siyasi nüfuzunun göstəricisidir. Ölkəmizlə Avropa İttifaqının 9 üzvü arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamənin mövcudluğunu, habelə Azərbaycanın ticarət dövriyyəsinin təxminən 40 faizinin Avropa İttifaqının payına düşdüyünü də xüsusi vurğulamaq lazımdır.
Respublikamız hələ onilliklər ərzində Avropanın neft və qaz təchizatçılarından biri olaraq qalacaq. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi hazırda Avropada yerləşir və həmin ölkələrə qaz təchizatının 2027-ci ilədək iki dəfə artırılması nəzərdə tutulur. Bu, Avropa Komissiyası ilə Azərbaycan arasında 2022-ci ildə imzalanmış bəyannamədə də əksini tapıb. Bu mənada, Avropa parlamentinin ölkəmizlə imzalanan Strateji Tərəfdaşlıq memorandumundan imtina çağırışları, sadəcə, gülünc siyasi manipulyasiyadır. Bundan əlavə, COP29 çərçivəsində aparılan müzakirələr və imzalanan sazişlər Azərbaycanın yaxın perspektivdə Avropanı ekoloji təmiz elektrik enerjisi ilə təmin edəcək, yaşıl enerji dəhlizi və tranzit ölkə rolunu oynayacaq əsas ölkələrdən biri olacağını göstərir.
Fransa, Niderland və digər bəzi ölkələrin, habelə Avropa parlamentinin BMT-nin ali tədbirlərindən olan COP29-a cılız siyasi iddialarla yanaşmaları onların həm də qlobal iqlim dəyişikliklərinə, inkişaf etmiş ölkələrin ekoloji problemlərinə etinasız münasibətini əks etdirir. Bu mənada, rəsmi Bakı həmin ölkələrin kolonialist və müstəmləkəçilik siyasətinin doğurduğu ciddi ekoloji problemləri tədbir çərçivəsində diqqət mərkəzinə gətirir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bundan əndişələnmək əvəzinə təmsilçisi olduğu təşkilatın kolonialist meyillərə qarşı qətiyyətli mövqe tutmasına çalışmalıdır. Çünki müasir dövrdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin təbii sərvətlərinin talan edilməsi COP tədbirləri çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizəyə qarşı yönələn destruktiv fəaliyyətdir.
MTM Analitik Qrup